Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1754/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh3, nümayəndəsi və vəkili X3, Cavabdeh1, nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi, pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən “Kia Rio” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün verdiyi 8300 manat və həmin avtomobilin təmiri üçün xərclədiyi 1400 manat olmaqla, cəmi 9700 manat məbləğində pul vəsaitinin tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ona “Kia Rio” minik markalı avtomobil satdığını bildirmiş, o, avtomobilə baxdıqdan sonra onunla həmin avtomobili 8.300 manata almağa razılaşmışdır. Cavabdeh3 ona həmin avtomobilin başqa şəxsə məxsus olması və həmin şəxsin avtomobilə dair etibarnaməsinin olduğunu bildirdikdə o, buna etiraz etmədiyini, lakin avtomobilin pulunu etibarnamə verən şəxsə verəcəyini demişdir. Razılığa gəldikdən sonra o, “Kia Rio” minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında digər Cavabdeh1 8300 manata almışdır. Həmin avtomobilin alqı-salqısı barədə onlar arasında müqavilə imzalanmasa da, o, 8300 manat məbləğində pulu Cavabdeh3 və Cavabdeh1 verdikdən sonra avtomobilin mülkiyyətçisi Cavabdeh2 adından ona xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş və həmin gün də avtomobili ona təhvil verilmişdir. O, avtomobili aldıqdan sonra onu təmir etdirmiş, tam saz vəziyyətə gətirmək üçün 1.400 manat məbləğində pul xərcləmişdir. Lakin 2022-ci ilin dekabr ayının sonlarında polis əməkdaşları tərəfindən həmin avtomobil onun həyətindən götürülüb aparılmış, o, bu barədə maraqlandıqda avtomobilin mülkiyyətçisi tərəfindən verilən etibarnamənin ləğv edildiyi bildirilmişdir. Bundan sonra o, Cavabdeh2 ilə əlaqə saxlamış və həmin şəxs ona avtomobili Cavabdeh1 satmaq üçün vermədiyini, həmin avtomobili icarə verdiyini, avtomobilə görə ona pul ödənilmədiyini bildirmişdir. Halbuki, Cavabdeh2 məhz “Kia Rio” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh1 onun adından sərəncam vermək səlahiyyətini təsdiq edən etibarnamə verməsi Cavabdeh2 yalan dediyini təsdiq edir. Belə ki, ona sonradan məlum olmuşdur ki, Cavabdeh2 bir neçə nəfərə də bu yolla avtomobil sataraq sonradan etibarnaməni ləğv etdirmiş və avtomobili geri almışdır. Onun həmin avtomobilə görə 8300 manat ödəməsinə və avtomobili təmir etmək üçün 1.400 manat xərc çəkməsinə baxmayaraq, Cavabdeh2 həmin avtomobilə görə yenidən 10.000 manat ödədikdən sonra avtomobili ona verəcəyini bildirir. Göründüyü kimi, “Kia Rio” minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün verdiyi 8300 manat pulu alaraq avtomobili ona verməməklə və 1400 manat pulu həmin avtomobilin təmiri üçün xərcləməsi ilə onun hesabına 9700 manat məbləğində pul vəsaitini cavabdehlər əsassız olaraq əldə etmişlər. Bu səbəbdən də, hesab edir ki, həmin avtomobil üçün Cavabdeh1 verdiyi 8300 manat və avtomobilin təmiri üçün xərclədiyi 1400 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onları aldadan şəxs Cavabdeh3dir. Belə ki, avtomobili alımaq üçün 8300 manat məbləğində pulu məhz Cavabdeh3 vermişdir, digər cavabdehlərə pul verməmişdir, Cavabdeh2 ümumiyyətlə tanımamışdır. Bundan başqa, Cavabdeh3 sözügedən avtomobilə görə etibarnamə alınan zaman onları bu proseslə yaxından maraqlanmağa imkan verməmiş və özünü kifayət qədər şübhəli aparmışdır. Beləliklə, tələbi üzrə əsas cavabdeh şəxs Cavabdeh3dur. Beləliklə, iddiaçı göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, hazırkı iddia tələbi üzrə iddia olunan kimi əsas cavabdeh şəxs deyildir. O, sadəcə “Kia Rio” minik markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasında vasitəçi olmuşdur və nəticədə cəmi 300 manat qazanc əldə etmişdir. Çünki o, bu işlə fərdi iş kimi məşğul olur və bununla dolanacaq pulu qazanır. O, həmin avtomobili digər Cavabdeh1 8000 manata etibarnamə əsasında almış, üzərinə 300 manat pul qoyub, 8300 manata İddiaçı satmışdır. Hətta avtomobildə problem olduğuna görə, satış qiyməti 8800 manat nəzərdə tutulduğu halda, avtomobili 500 manat güzəşt olunaraq satmışdır. Onun bu maşının satışından cəmi 300 manat gəliri olmuşdur, ona görə də yalnız həmin pulu qaytara bilər. Göstərilənlərə əsasən cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, Cavabdeh3 izahatında göstərdiklərini təsdiq edib, əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 sadəcə avtomobilin satılmasında vasitəçi kimi xidmət göstərib, gəliri də 300 manat olmuşdur. Odur ki, iddianı yalnız 300 manatın ödənilməsi hissəsində qəbul etsələr də, qalan 8000 manatın qaytarılmasında Cavabdeh3 cavabdehlik daşımır. Çünki hazırda avtomobilin pulu Cavabdeh1, avtomobilin özü isə Cavabdeh2dır. Ona görə də, nümayəndə məhkəmədən iddianın göstərilən hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 hazırkı iddia üzrə cavabdeh kimi qoyulsa da, əslində iddiaya cavab verməli olan şəxs deyildir. Hətta iddiaçının özü belə, izahatında əsas cavabdehin Cavabdeh3 olduğunu vurğulamış və pulunu faktiki ondan tələb edir. Nümayəndə qeyd olunan halların nəzərə alınaraq, məhkəmədən iddianın Cavabdeh1 münasibətdə rədd edilməsini xahiş etdi. Cavabdeh1, iddia tələbini qəbul etməmiş, nümayəndə və vəkilinin izahatında göstərilənləri təsdiq edib, iddianın ona münasibətdə rədd olunmasını xahiş etdi. Cavabdeh2 və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında araşdırılmış: - Qüvvədən düşmüş, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş etibarnaməyə əsasən “Kia Rio” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. - Hazırda qüvvədə olmayan, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, mülkiyyətçisi Cavabdeh2 olan həmin avtomobil Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixədək etibar edilmiş, sonuncu da avtomobili xx.xx.2022-ci il tarixdə X6 etibar etmişdir. - Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında təhqiqat araşdırması zamanı Cavabdeh3 xx.xx.2023-cü il tarixdə bölməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 8 ay ərzində Bilgəh qəsəbəsində yaşayan Ələkbər adlı şəxsdən müxtəlif markalı avtomobilləri baş etibarnamə əsasında alıb satmışdır. Lakin, sonradan həmin avtomaşınları alan şəxslər ona zəng vuraraq avtomaşınların ilkin sahibi tərəfindən etibarnamənin ləğv edildiyini bildirmişlər. xx.xx.2023-cü il tarixdə etdiyi müraciətlə əlaqədar bildirmişdir ki, Cavabdeh2 məxsus “Kia Rio” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomaşını İddiaçı satmış və qeyd olunan 8300 manat pulu almışdır. Belə ki, avtomaşının sahibi Cavabdeh2 baş etibarnamə ilə avtomaşını tanışı Mircəfərə vermiş və tanışı Ələkbər Mircəfərdən avtomaşını almışdır. Bir müddət öncə Ələbkər avtomaşını satdığı üçün onunla tanış olmuş və avtomaşının pulunu ona ödəyərək avtomaşını Ələkbərdən almışdır. Ələkbər kənd adamı olduğu və tanıdığı üçün adına keçirməmişdir. Sonradan isə avtomaşını satmaq məqsədi ilə “turbo.az” internet saytına yerləşdirmişdir. Bu zaman İddiaçı adlı şəxs onunla əlaqə axlayaraq avtomaşını almaq isdədiyini bildirmiş və birgə görüşərək avtomaşını ona təqdim etmişdir. İddiaçı avtomaşını bəyəndiyi üçün onunla ümumilikdə 8300 manata razılaşmış və həmin avtomaşını sənədləşdirmək üçün Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna getmişdir. Notariat kontorunda İddiaçı 8300 manat pulu almış və maşını onun adına sənədləşdirməsi üçün etibarnamə əsasında Cavabdeh1 həmin yerə dəvət etmişdir. Ələkbər gəldikdən sonra avtomaşını həmin şəxsin adına sənədləşdirmiş və notariat kontorundan ayrılmışdır. Sonradan isə avtomaşının sahibi Cavabdeh2 ilkin Mircəfər adlı şəxsə verdiyi etibarnaməni ləğv etdirdiyi üçün avtomaşın duracağa yerləşdirilmişdir. Belə olan halda, Mircəfər adlı şəxsin Ələkbərə verdiyi etibarnamə etibarsız sayıldığından hazırda İddiaçı bu barədə ərizə ilə müraciət etmişdir. İzahatında qeyd etdiyi Mircəfər adlı şəxsin hazırda harda olmasından və harda yaşadığından məlumatsızdır, çünki həmin şəxsi tanımır və onu ümumiyyətlə görməmişdir. Avtomaşını almaq və sənədləşdirmək üçün Ələkbər adlı şəxsi tanımış və onunla razılaşmışdır. - Təhqiqat araşdırması zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş İddiaçı etdiyi müraciətlə əlaqədar bildirir ki, təxminən 5-6 ay bundan öncə Cavabdeh2 məxsus “Kia Rio” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomaşını Mircəfər adlı şəxsdən 7500 manata baş etibarnamə ilə almış, lakin həmin avtomaşını satacağı üçün öz adına sənədləşdirməmişdir. Belə ki, sonradan həmin avtomaşını tanışı Ramilə 8000 manata satmış, lakin tanış olduqları üçün Ramil avtomaşını öz adına sənədləşdirməmişdir. Sonradan isə Ramil avtomaşını satmaq üçün “turbo.az” saytına yerləşdirmişdir. Həmin saytda İddiaçı avtomaşını bəyəndiyi üçün onlar görüşmüş və Ramil həmin avtomaşını İddiaçı 8300 manata satmışdır. Avtomaşın etibarnamə ilə onun adında olduğundan Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gedərək İddiaçı adlı şəxsə baş etibarnamə verərək avtomaşını onun adına sənədləşdirmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh2, yəni avtomaşının sahibi Mircəfər adlı şəxslə aralarında olan borc mübahisəsinə görə Mircəfərə verdiyi etibarnaməni ləğv etdirmiş və avtomaşın duracağa yerləşdirilmişdir. Ayaz adlı şəxsi tanımır və qeyd olunan markalı avtomaşını ondan almamışdır. Avtomaşını Mircəfər adlı şəxsdən almış və hazırda həmin şəxsin harda olmasından məlumatsızdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh3 öz izahatında qeyd etdiyi kimi, “Kia Rio” markalı, **-FP-*** dövlət nömrə nişanlı avtomobili digər Cavabdeh1 etibarnamə əsasında 8000 manata almış və 8300 manata İddiaçı satmışdır. Lakin sözügedən avtomobilə dair mülkiyyətçi Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş etibarnamə ləğv edildiyindən, sonrakı etibarnamələr də qüvvədən düşmüş və avtomobil iddiçının sahibliyindən alınaraq cərimə meydançasına aparılmışdır. Hazırda iddiaçı satıcı kimi tanıdığı və birbaşa Cavabdeh3 özünə ödədiyi pulun və ona etdiyi yaxşılaşdırmanın əvəzinin qaytarılmasını xahiş edir. İşin tədqiq edilmiş hallarından aydın olur ki, Cavabdeh3 iddia predmeti olan avtomobili Cavabdeh1 8000 manata aldığını, sonradan isə onu 8300 manat İddiaçı satdığını və həmin pulu aldığını etiraf edir. İşin mübahisəsiz halıdır ki, iddiaçı həmin avtomobilə qanuni yolla sahib olmuş və bunun müqabilində pul vəsaiti ödəmiş, lakin yuxarıda göstərilən ardıcıllıqla avtomobilə verilmiş müvafiq etibarnamələr ləğv edildiyindən, iddiaçının öz əmlakı hesab etdiyi avtomobil sahibliyindən çıxmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 8300 manat məbləğində pul vəsaitini Cavabdeh3 tələb etməkdə haqlıdır. Belə ki, onun tərəfindən iddiaçıdan alınmış pul məbləğinin nə müqavilə, nə də qanuni əsası vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin digər – avtomobilə çəkilmiş 1400 manat məbləğində təmir xərclərinin tutulması hissə ilə bağlı tutarlı sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 İddiaçı xeyrinə 8300 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi üçün iddiaçı 118 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, Cavabdeh3 münasibətdə iddia tələbinin 8300 manat hissədə təmin edildiyini nəzərə alaraq, hesab edir ki, təmin edilmiş məbləğə mütənasib olaraq, 103 manat məbləğində dövlət rüsumu həmin cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 İddiaçı xeyrinə 8300 (səkkiz min üç yüz) manat məbləğində pul vəsaiti və 103 (bir yüz üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1754/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1754/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver