Məhkəmə qərarları › İş №2(008)-1755/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1755/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1755/2023 02.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Lizinq Şirkəti QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı Daxili Maliyyə lizinq müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən **-AU-*** dövlət qeydiyyat nişanlı «Nissan Patrol» markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Bununla da, xx.xx.2017-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmaya əsasən Cavabdeh2 öz növbəsində 18220 ABŞ dolları məbləğində borcu illik 7% olmaqla, 60 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Daxili Maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il trixli təhvil-təslim aktı ilə lizinq obyekti olan **-AU-*** dövlət qeydiyyat nişanlı «Nissan Patrol» markalı minik avtomobili Cavabdeh2 təhvil verilmişdir. Cavabdehlər lizinq müqaviləsinə 1 saylı əlavədə göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyi lazımı qaydada və vaxtında icra etməmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSCyə təhvil verilmişdir. Nəticədə cavabdehlərin xx.xx.2019-cu il tarixə 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçı, iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı Daxili Maliyyə lizinq müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı ilə Cavabdeh2 istifadəsinə təhvil verilmiş “Nissan Patrol” markalı minik avtomobilinin **-AU-*** dövlət qeydiyyat nişanını **-AS-*** dövlət qeydiyyat nişanı kimi nəzərə almağı xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsi 2(008)- 3721/2020 saylı iş üzrə qiyabi qətnamə qəbul edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dollarının və 30 manat dövlət rüsumunun "xxxx" Lizinq Şirkəti QSC-nə ödənilməsini qət etmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh2 qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3721/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsi 2(008)-3721/2020 saylı xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının əsasssız olduğuna görə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddəti buraxılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2013-cü ildə olmuşdur və artıq həmin müddətdən 10 ildən artıq vaxt keçmişdir. Belə olan halda iddia müddəti keçdiyi ücün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia ərizəsində göstərilən avtomobilin **-AU-*** qeydiyyat nişanlı “Nissan Patrol” markalı minik avtomobili cavabdehə lizinqə verilməmişdir, həmin nömrə ilə avtomobil onda olmamışdır. Cavabdehdə olan avtomobilin nömrəsi başqa nömrə ilə olmuşdur və 2018-ci ilin avqust sentyabr aylarında İddiaçı1 ("xxxx" Lizinq Şirkəti QSC)-nin işçiləri tərəfindən onun əlindən alınmışdır və özlərində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili Vəkil iddianı qəbul etmədiyini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC tərəfindən cavabdehlərə qarşı iddia ərizəsi üzrə cəmi 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" Lizinq Şirkəti QSC-nin 20 fevral 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən hesablanmış gecikən əsas məbləğ üzrə 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dolları borcu yaranmışdır. - "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı Daxili lizinq müqaviləsinə əsasən, "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2008-ci il buraxılışlı, qara rəngli, ban № JN1TFSY61Z0558571, mühərrik № TB048-056572 olan «Nissan Patrol» markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Bununla da, Cavabdeh2 33000 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli, əlavə №1) 60 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür; -xx.xx.2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" Lizinq Şirkəti QSC 33000 ABŞ dolları dəyərində olan 2008-ci il buraxılışlı, qara rəngli, ban № JN1TFSY61Z0558571, mühərrik № TB048-056572 olan «Nissan Patrol» markalı minik avtomobilini Cavabdeh2 təqdim etmiş, Cavabdeh2 təsdiq etmişdir ki, əmlak onun nümayəndələri tərəfindən lazımi qaydada yoxlanılmışdır və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. -xx.xx.2017-ci il tarixli restrukturizasiya haqqında əlavə razılaşmadan görünür ki, Cavabdeh2 öz növbəsində 18220 ABŞ dolları məbləğində borcu illik 7% olmaqla, 60 ay müddətinə "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. -xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 "xxxx" Lizinq Şirkəti QSC qarşısında zamin duraraq Cavabdeh2 1384M/13/B saylı Daxili Maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 2008-ci il buraxılışlı, qara rəngli, **-AS-*** dövlət qeydiyyat nişanlı «Nissan Patrol» markalı minik avtomobil Abasov K. tərəfindən iddiaçıya təhvil verilmişdir. -"xxxx" Lizinq Şirkəti QSC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna ünvanlanmış 30 mart 2020-ci il tarixli pretenziyadan müəyyən edilir ki, cavabdehlər 3 gün müddətində borc məbləğini ödəmədiyi təqdirdə, lizinq şirkəti borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2009-cu il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan Patrol minik markalı ** AU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Lizinq Şirkəti QSC-yə məxsusdur; - xx.xx.2010-cu il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, Nissan Patrol minik markalı ** AS *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Lizinq Şirkəti QSC-yə məxsusdur; Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, işin mübahisəsiz hallarına görə "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı daxili lizinq müqaviləsinə əsasən, "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2008-ci il buraxılışlı, qara rəngli, ban № JN1TFSY61Z0558571, mühərrik № TB048-056572 olan «Nissan Patrol» markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu cavabdehin müvəqqəti istifadəsinə vermiş, Cavabdeh2 33000 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli, əlavə №1) 60 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Digər Cavabdeh1 isə lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə zaminlik müqaviləsi bağlayaraq borcvun ödənilməməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, lizinq şirkəti tərəfindən ona verilən avtonəqliyyat vasitəsi başqa bir nəqliyyat vasitəsidir və cavabdehə o avtomobilin aidiyyatı yoxdur. Bildirir ki, ona lizinq müqaviləsi əsasında təhvil verilən avtomobil **-AS-*** dövlət qeydiyyat nişanlı «Nissan Patrol» markalı minik avtomobil olmuşdur. Lakin, lizinq müqaviləsində sözügedən avtomobil isə “Nissan Patrol” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Həmçinin avtomobilin lizinq şirkətinə təhvil verilmə vaxtı da işin mübahisələndirilən halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, muəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-6.1-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Qeyd edilən Məcəllənin 427.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cavabdehin lizinq müqaviləsi əsasında yaranmış borcunun ödənilməməsinə dair göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflər arasında müqavilə bağlanarkən lizinqə verilən avtomobilin dövlət qeydiyyat nişanı müqavilədə göstərilməmiş, avtomobilin eyniləşdirməsi üçün onun ban nömrəsi və mühərrik nömrəsi (JN1TFSY61Z0558571, mühərrik № TB048-056572) qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş iki fərqli dövlət qeydiyyat nişanlı avtomobilə aid qeydiyyat şəhadətnamələrindən müəyyən olunur ki, onlar eyni avtomaşına aiddirlər. Yəni, müqavilədə göstərilən 2008-ci il buraxılışlı, qara rəngli, ban № JN1TFSY61Z0558571, mühərrik № TB048-056572 olan «Nissan Patrol» markalı minik avtomobili **-AU-*** dövlət qeydiyyat nişanından **-AS-*** qeydiyyat nişanına dəyişdirilmişdir. İddiaçı da öz növbəsində iddianın dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.2013-cü il tarixli təhvil-təslim aktı ilə Cavabdeh2 istifadəsinə təhvil verilmiş “Nissan Patrol” markalı minik avtomobilinin **-AU-*** dövlət qeydiyyat nişanını **-AS-*** dövlət qeydiyyat nişanı kimi nəzərə almağı xahiş etmişdir. Həmçinin cavabdeh avtomaşının lizinq verənə 2018-ci ildən təhvil verildiyini qeyd etsə də, bunu təsdiq edən təhvil təslim aktını məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə lizinq obyektinin lizinq şirkətinə təhvil verilməsi tarixi kimi elə iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli təhvil təslim aktında göstərilən vaxtı əsas götürür və lizinq borcunun o vaxtadək hesablanmasını əsaslı hesab edir. Cavabdeh2 ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Daxili Maliyyə lizinq müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə əsas məbləğ üzrə 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, 17,65 ABŞ dolları servis, cəmi 7980,13 ABŞ dolları borcu yaranmışdır. Daxili Maliyyə lizinq müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Ona görə də həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbində qeyd olunan 17,65 ABŞ dolları servis haqqına gəlkdikdə isə, məhkəmə hesab edir ki, həmin borcun yaranması barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmadığı üçün qətnamə həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsaslanaraq iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli 1384M/13/B saylı daxili lizinq müqaviləsi 60 ay müddətinə bağlanmış və iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmədiyindən, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barəsində ərizəsinin dəlilləri əsassızdır. Buna görə də, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddəni İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4070,98 ABŞ dolları əsas məbləğdən gecikmə, 2599,50 ABŞ dolları lizinq mükafatı, 1292 ABŞ dolları sığorta, cəmi 7962,48 ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla və 30 manat dövlət rüsumu "xxxx" Lizinq Şirkəti QSC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar