Məhkəmə qərarları › İş №2(008)-180/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-180/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-180/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 11.12.2018-ci il tarixli, İBO/154 saylı kredit müqaviləsi üzrə cavabdehdən 84895,07 manat əsas, 1061,82 manat faiz, cəmi 85956,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan və İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə yerləşən, 26C saylı ünvanında yerləşən 0,025 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin daşınmaz əmlakın hərracda satılmasına və satışdan əldə edilmiş vəsaitin hesabına kredit borcunun ödənilməsinə, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan Cavabdeh2 yetkinlik yaşına çatmamış qızı X5 ilə birlikdə ən geci bir ay ərzində çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra - Bank) ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2018-ci il tarixli, İBO/154 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 300 ay müddətinə (25 illik) illik 7% ödənilmək şərti ilə 85000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə yerləşən, 26C saylı ünvanında yerləşən ev Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öhdəliklərini icra etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bank ilə Cavabdeh1 arasında 11.12.2018-ci il tarixli, İBO/154 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 7%-lə 300 ay müddətində 85000 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. Kredit Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən 27.11.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilmişdir. Eyni zamanda satıcı X4, Bank və Cavabdeh1 arasında 12.12.2018-ci il tarixli alqısatqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə adıçəkilən daşınmaz əmlak öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 181,3 kv metrdən ibarət olan ev və 0,025 ha torpaq sahəsi (sonradan – ipoteka predmeti) ******* №-li, 19.12.2018ci il tarixli Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh1 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. 1484488 №-li Dövlət Reyestrindən Çıxarışa əsasən ipoteka predmetinin yüklülüyü 19.02.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İpoteka predmeti olan evdə Cavabdeh2 və 09.07.2013-cü il tarixdə doğlumuş X5 qeydiyyatdadılar. Bank ilə Cavabdeh1 arasında bağlanımış kredit müqaviləsi üzrə 14.10.2019-cu il tarixinə 84895,07 manat əsas, 2029,41 manat faiz, cəmi 856924,48 manat borcu (Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi cədvəl). Sabunçu rayon məhkəməsinin 05.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan daşınmaz əmlakın likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş H/03-PLS №-li 28.04.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın hazırda mövcud olan likvid qiyməti 130 000 manatdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, bank cavabdehdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, 84895,07 manat əsas, 1061,82 manat faiz, cəmi 85956,89 manat borc Cavabdeh1 tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdı; 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər; 59.3-cü və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər, bu şrtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan "xxxx" MMC-nin hesabatına əsasən ipoteka predmeti olan əmlakın hazırda mövcud olan likvid qiyməti 130 000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti 130 000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 84895,07 manat əsas, 1061,82 manat faiz, cəmi 85956,89 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul cavabdehdən tutulmalı, tutma cavabdehin mülkiyyətində olan və İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə yerləşən, 26C saylı ünvanında yerləşən 0,025 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin daşınmaz əmlak hərracda satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu ödənilməli, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan Cavabdeh2 yetkinlik yaşına çatmamış qızı X5 ilə birlikdə ən geci bir ay ərzində çıxarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdeh Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 11.12.2018-ci il tarixli, İBO/154 saylı kredit müqaviləsi üzrə 84895,07 manat əsas, 1061,82 manat faiz, cəmi 85956,89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə yerləşən, 26C saylı ünvanında yerləşən 0,025 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlak hərracda satılsın və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu ödənilsin. Mənzildə qeydiyyatda olan Cavabdeh2 yetkinlik yaşına çatmamış qızı X5 ilə birlikdə ən geci bir ay ərzində çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat cavabdeh Cavabdeh1 tutularaq (“Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, "xxxx" MMC VÖEN **********, M/h № AZ65UBAZ**********0060AZN001) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar