Məhkəmə qərarları › İş №2(008)-1813/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1813/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1813/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehlər Cavabdeh1 və Sadıqova (Abasova) Gülnar Eldar qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 və Sadıqova (Abasova) Gülnar Eldar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. 22.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 681,5 manat ödənilməmiş hissə, 205,2 manat dəbbə pulu Cavabdeh1;

2. 22.02.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor üçün 137 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə; Cavabdeh1 və Sadıqova (Abasova) Gülnar Eldar qızından müştərək qaydada;

3. 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71346 olan Samsung Galaxy markalı telefon üçün 203 manat ödənilməmiş hissə, 68,1 manat dəbbə pulu Cavabdeh1 ümumilikdə 1338 manat borc və 33,38 manat ödənilmiş dövlət rüsumunun alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddia tələbində göstərilən müqavilələrə əsasən göstərilən malları almış və nəticədə 1338 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə

1. 22.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1368 manat HOFFMANN markalı soyuducuüçün ümumilikdə, 886,7 manat olmaqla ondan, 681,5 manat ödənilməmiş hissə, 205,2 manat dəbbə;

2. 22.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 manat HOFFMANN markalı televizor üçün ümumilikdə, 180,2 manat olmaqla ondan, 137 manat ödənilməmiş hissə, 43,2 manat dəbbə;

3. 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 181 manat İMEİ kodu **********71346 olan Samsung Galaxy markalı telefon üçün ümumilikdə, 271,1 manat olmaqla ondan, 203 manat ödənilməmiş hissə, 68,1manat dəbbə. Cavabdehin cəmi ödədiyi məbləğ 1594,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya dənilməsnminə yönəldilə bilər. Eyni zamanda müqavilənin təminatı kimi 22.02.2019-cu il tarixdə cavabdeh Sadıqova (Abasova) Gülnar Eldar qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehə:

1. 22.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu ;

2. 22.02.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor ;

3. 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71346 olan Samsung Galaxy markalı telefon cavabdehə satmışdır. İş materiallarında olan maliyyə aryışına əsasən cavabdehin iddiçıya üç müqavilə üzrə 1021,5 manat əsas, 316,5 manat dəbbə, ümumilikdə 1338 manat borcu yaranmışdır. Borcun ödənilməsinə dair cavabdehə bildiriş göndərilmişdir. Hazırda iddiaçı 1338 manat borcun cavabdehdən tutulmasın istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 316,5 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 31 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Eyni zamanda müqavilənin təminatı kimi 22.02.2019-cu il tarixdə cavabdeh Sadıqova (Abasova) Gülnar Eldar qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. Odur ki, 22.02.2019-cu il tarixli müqavilə üzrə borc müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia qismən təmin edilsin.

1. 22.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 681,5 manat ödənilməmiş hissə Cavabdeh1:

2. 22.02.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı televizor üçün 137 manat ödənilməmiş hissə Cavabdeh1 və Sadıqova (Abasova) Gülnar Eldar qızından;

3. 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********71346 olan Samsung Galaxy markalı telefon üçün 203 manat ödənilməmiş hissə Cavabdeh1 cəmi 1021,5 manat əsas və 31 manat dəbbə, ümumilikdə 1052,50 manat borc və 33,38 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar