Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1843/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 1000 (min) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1030 (min otuz) manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla Cavabdeh MMC arasında 2710 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən icraçı Cavabdeh MMC Almaniyada təhsil almaq istəyində olan sifarişçinin seçdiyi ali təhsil qurumuna qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə müvafiq olaraq müqavilənin ümumi dəyəri olan 1000 (min) manat müqavilə imzalandıqda dərhal ödənilmişdir. Həmin müqavilənin 3.3-cü maddəsinə görə icraçının vəzifələrinə sifarişçinin Almaniyada akreditasiyadan keçmiş təhsil müəssisələrində qəbul olunmaq üçün vasitəçilik etmək, sifarişçinin seçdiyi təhsil müəssisəsinin qəbul üçün tələb olunan sənəd siyahısını təqdim etmək, Almaniyada beynəlxalq standartlara cavab verən təhsil müəssisələri barədə məlumat vermək, beynəlxalq perspektivlər barədə sifarişçini məlumatlandırmaq, sifarişçi müqavilə imzaladığı gündən onun ixtisas və təhsil müəssisələrinin siyahısını təqdim etmək, sifarişçinin seçdiyi təhsil müəssisəsi ilə yazışmaların aparılması, sənədlərin hazırlanmasına dəstək vermək, sifarişçiyə viza dəstəyinin verilməsi, viza görüşlərinin təyin edilməsi, viza müsahibələrinə hazırlıq, tələb olunan sənədlər barədə məlumatlandırma, qəbulla bağlı hər mərhələdə atılacaq addımlarla bağlı dəstək verilməsi, sifarişçi üçün blok hesabın açılmasına dəstək və istifadəsi üçün təlimatın verilməsi, sifarişçiyə qəbul olduğu təhsil müəssisəsinə nəqliyyat marşrutu barədə tövsiyyələr vermək, Alman sığorta şirkətində sığortalanmağa dəstək, ünvan və bank məlumatları dəyişərsə, bu barədə sifarişçini məlumatlandırmaq aiddir. Həmçinin müqavilənin 6.1-ci maddəsinə görə Cavabdeh MMC vizanı almaq üçün icraçının adından əsaslandırma məktubu göndərilməklə köməklik etməyi və sənədlər paketi hazırlamağı öz öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh MMC öhdəliklərini yerinə yetirməmiş, onun hüquqlarını pozmuşdur. Belə olan halda onun müqavilə əsasında verdiklərini - 1000 manat ilkin ödənişin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin müqavilənin 4.4-cü maddəsinə görə bu müqavilə üzrə qəbul alınmadıqda icraçının təyin etdiyi tarixdə sifarişçi tərəfindən icraçıya ödənilmiş məbləğlər tam olaraq geri qaytarılır. Müqaviləyə görə bu tarix 1 aydan çox ola bilməz. Lakin Cavabdeh MMC vəzifələrindən heç birini yerinə yetirməmiş, müqavilə öhdəliklərini pozmuşdur. Cavabdeh MMC-nin öz vəzifələrini icra etməməsi “Whatsapp” danışıqlarından da görünür. Belə ki, xx.xx.2023-xx.xx.2023 tarixlərində “Whatsapp” proqramı vasitəsilə ***- ***-**-** nömrə ilə aparılan danışıqlara əsasən Cavabdeh MMC-nin qanuni təmsilçisi olan X4 cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi etiraf edilmiş, Cavabdeh MMCnə yaxınlaşdıqdan sonra ödənilmiş 1000 (min) manat pulun ay ərzində geri qaytarılacağını bildirmişdir. X1 məqsədi onu aldatmaq olmuş, vəzifələrin yerinə yetirilməməsinə baxmayaraq, ödənilmiş məbləğin geri qaytarılmasından yayınmışdır. Həmçinin, həmin danışıqlarda olan səs yazısında da göstərilən hallar öz təsdiqini tapmışdır. X2 ödənilmiş məbləğin geri qaytarılacağını bildirməsi, Cavabdeh MMC tərəfindən öhdəliklərini yerinə yetirməməsini sübut edən hal olmaqla onun borc tələbinin əsaslı olduğunu göstərir. Onun tərəfindən sənədlərin müqavilə imzalanan tarixdə - 10.10 2023-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən vəzifələri artıq 7 aydır ki yerinə yetirilməmişdir. Cavabdeh MMC tərəfindən vəzifələrinin yerinə yetirilmədiyi, həmin halların Cavabdeh MMC-nin qanuni təmsilçisi olan X4 ilə aparılan “Whatsapp" danışıqlarında da sübut olunduğu nəzərə alınsa, iddia tələbi təmin edilməlidir. Məhkəmənin iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının ərizəsi əsasında işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qərardadına əsasən işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - pretenziyadan görünür ki, iddiaçı 1000 manat məbləğində pulun 7 gün müddətində qaytarılmadığı təqdirdə, məhkəməyə müraciət edəcəyi barədə cavabdehi xəbərdar etmişdir. - Cavabdeh MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 2710 nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin: 2.1-ci bəndindən görünür ki, tərəflər təsdiq edirlər ki, “İcraçı” Almaniyada təhsil almaq istəyində olan “Sifarişçi”-nin seçdiyi ali təhsil qurumuna qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, “Sifarişçi” isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəməyi öz öhdəsinə götürür; 3.3-cü bəndindən görünür ki, “İcraçı”nın aşağıdakı vəzifələri vardır: “Sifarişçi”nin Almaniyada akreditasiyadan keçmiş təhsil müəssisələrində qəbul olunmaq üçün vasitəçilik etmək; “Sifarişçi”nin seçdiyi təhsil müəssisəsinin qəbul üçün tələb olunan sənəd siyahısını təqdim etmək; Almaniyada beynəlxalq standartlara cavab verən təhsil müəssisələri barədə məlumat vermək, beynəlxalq perspektivlər barədə “Sifarişçi”ni məlumatlandırmaq; “Sifarişçi” müqavilə imzaladığı gündən onun ixtisas və təhsil göstəricilərinə uyğun təhsil müəssisələrinin siyahısını təqdim etmək; “Sifarişçi”nin seçdiyi təhsil müəssisəsi ilə yazışmaların aparılması, sənədlərin hazırlanmasına dəstək vermək; “Sifarişçi”yə viza dəstəyinin verilməsi, viza görüşlərinin təyin edilməsi, viza müsahibələrinə hazırlıq, tələb olunan sənədlər barədə məlumatlandırma, qəbulla bağlı hər mərhələdə atılacaq addımlarla bağlı dəstək verilməsi; “Sifarişçi” üçün blok hesabın açılmasına dəstək və istifadəsi üçün təlimatın verilməsi; “Sifarişçi”yə qəbul olduğu təhsil müəssisəsinə nəqliyyat marşrutu barədə tövsiyələr vermək; Alman sığorta şirkətində sığortalanmağa dəstək; Ünvan və bank məlumatları dəyişərsə, bu barədə “Sifarişçi”ni məlumatlandırmaq. 4.1-ci bəndindən görünür ki, bu müqavilənin ümumi dəyəri 2000 manat təşkil edir. Məbləğin 50%-i müqavilə imzalandıqda dərhal ödənilir; 4.4-cü bəndindən görünür ki, bu müqavilə üzrə qəbul alınmadıqda, “İcraçı”nın təyin etdiyi tarixdə “Sifarişçi” tərəfindən “İcraçı”ya ödənilmiş məbləğlər tam olaraq geri qaytarılır. Bu tarix 1 (bir) aydan çox ola bilməz; 5.1-ci bəndindən görünür ki, müqavilə imzalandığı andan qüvvəyə minir və 1 oktyabr 2025-ci il tarixinədək qüvvədədir; 7.1-ci bəndindən görünür ki, tərəflər müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri və ya qeyri-müəyyənlikləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər; 7.2-ci bəndindən görünür ki, mübahisəli məsələlərin həlli otuz gün ərzində mümkün olmadıqda, bu məsələlər məhkəmə yolu ilə həll edilə bilər. - xx.xx.2023-cü il tarixli 035936 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin hesabına Almaniyada təhsil üçün 1000 (bir min) manat məbləğində pul vəsaiti ödəmişdir. - Murad Qarayev və İddiaçı arasında xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində olan “Whatsapp” yazışmalarından görünür ki, İddiaçı ödənişin geri qaytarılmasını və müqavilənin ləğv edilməsini xahiş etmiş, Murad Qarayev isə ödənişi ayın sonuna kimi qaytaracağını, ödəniş qaytarıldıqdan sonra müqavilənin ləğv ediləcəyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. - internet vergi idarəsi saytından çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı AZ 1092, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ Qarayev ev 10, qanuni təmsilçisi X3r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 2710 nömrəli xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh Almaniyada təhsil almaq istəyində olan iddiaçının seçdiyi ali təhsil qurumuna qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, iddiaçı isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin şərtlərinə əməl edərək, müqavilənin 4.4-cü bəndində göstərilmiş qaydada müqavilənin ümumi dəyəri olan 2000 manatın 50%-ni, yəni 1000 manat məbləğində pulu müqavilə imzalanan gün – xx.xx.2023cü il tarixdə cavabdehin hesabına ödəmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada müqavilə bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu müqavilənin 3.3-cü bəndinə göstərilən vəzifələrini icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh MMC İddiaçı ilə bağladığı 2710 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh MMC öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyü və üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1000 (bir min) manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238, 241, 242, 244, 252-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1843/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-1843/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver