Məhkəmə qərarları › İş №2(008)-1883/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1883/2022

05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1883/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda quraşdırılan Smart kart (İTRON) G-6 markalı qaz sayğacının dəyəri olan və mənim hasıbıma yazılan 244.14 manat borc məbləğinin silinməsi, Smart kart (İTRON) G-6 markalı qaz sayğacının dəyərinə görə karta yüklənən məbləğlərdən tutulan palların Cavabdehndən alınaraq mənə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - xx.xx.1981-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanda yaşayır. 27 iyul 2017-ci il tarixdə qeyd etdiyi ünvandan quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəzləndi və bu barədə 27.07.2017-ci il tarixli, ******* saylı akt tərtib olundu və həmin aktda sayğacın çıxarılma səbəbi kimi klapanın işlək olmaması göstərildi. Bir müddət əvvəl ona məlum oldu ki, hər dəfə qaz kartına pul yükləyən zaman həmin məbləğdən pul tutulur. Pulun tutulma səbəbini aydınlaşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi və bildirildi ki, onun hesabına 244,14 manat borc yazılmış, həmin borc məbləği yeni quraşdırılan sayğacın dəyəridir və yeni sayğacın dəyərini o, ödəməlidir. Ona təqdim olunan sənədlərdən Cavabdeh 2017-ci il tarixli, MSK-29/1710-0931 -1 saylı aktında isə 1002AQ**********1 saylı qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən sınıq olması qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 1002AQ**********1 nömrəli sayğacda baş verən nasazlığ onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh 2017-ci il tarixli, MSK-29/1710-0931-1 sayİı aktında qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədə sınıq olması qeyd olunub. Belə olan halda o hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Sayğacın hesablama mexanizmin qoruyucu örtüyünü o sındırmamışdır. Bundan əlavə fiziki şəxs olan istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilədə göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları" - na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydalarr-nın tələblərinə, cavabdehlə onun aralarında bağlanılmış qazın alqı- satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Bütün bu olanlar onu dərindən sarsıdaraq, əsəbləşdirir. Çünki Cavabdeh əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən mənzilində quraşdırılan yeni sayğacın dəyərinin ondan tutulmasını yolverilməz sayılmalı və Cavabdeh qanuna zidd hərəkətlərinə son qoyulmalıdır. Həmçinin də hesab edir ki, yeni quraşdırılan qaz sayğacının dəyərinin ondan tutulması məqsədilə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pullar hesablanaraq Cavabdehndən alınıb ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, iddiaçının adına olan abonent koduna əsasən saldodan görünür ki, İddiaçı hal-hazırda borcu yoxdur. Ümumiyyətlə ona hər hansı bir borc hesablanmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan 28 iyul 2017-ci il tarixli, D/2031 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - 17.12.2021-ci il tarixli **********00000 nömrəli abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2017-ci il üçün borcu mövcud deyil. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 27.07.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, **********00000 nömrəli abonentin sayğacının klopanı işlək olmadığından köhnə 1002AQ**********1 nömrəli sayğac yeni 1702AZ**********00 saylı sayğacla əvəzlənmişdir. Azəriqaz” İstehsalat Birliyinin 2017-ci il tarixli, MSK-29/1710-0931-1 sayİı aktında 1002AQ**********1 nömrəli qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədə sınıq olması qeyd olunub. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləlikklə, mülkin işin materiallarından da göründüyü kimi təbii qazın alqı-satqısına dair müqavilə Cavabdeh İB ilə abonent İddiaçı arasında bağlanmışdır. Abonent saldosundan və cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi İddiaçı adına abonet kodu üzrə hər hansı akt və ya debitor borc yoxdur. İddiaçı nə qədərda onu məxsus abonent kodunda sayğacda yaranmış nasazlıq görə borc hesablandığını və onun kartına yükləmiş olduğu pullardan tutulmalar olduğunu bildirsədə abonentin saldosunda qeyd edilən borc və ondan tutlmalar olduğu müəyyən edilmir, iddiaçı isə bu halı təsdiq edəcək hər hansı başqa sübut məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı abonent kodu üzrə borc məbləği olmadığından iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız borcun silinməsi və tutulan pulların qaytarlması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar