Məhkəmə qərarları › İş №2(008)-1915/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1915/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1915/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi L.X4 iştirakları ilə İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 Məhərrəm qızı və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh1 Məhərrəm qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməmiş 2653,06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1147,97 manat faiz, 2054,39 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 392,57 manat borc, ümumilikdə 6247,99 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "İddiaçı" ASC ilə Cavabdeh1 Məhərrəm qızı arasında bağlanmış xx.xx.2015-ci il 1713-15 №-li kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3200 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində göstərilmişdir ki, əgər borcalan kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə borcalanın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən dəfələrlə şifahi müracəit olunmasına və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bu səbəbdən də borcalanın xx.xx.2020-ci il tarixədək banka ödənilməmiş 2653,06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1147,97 manat faiz, 2054,39 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 392,57 manat borc, ümumilikdə 6247,99 manat məbləğində kredit borcu vardır.Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi L.X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). "İddiaçı" ASC ilə Cavabdeh1 Məhərrəm qızı arasında xx.xx.2015-ci il 1713-15 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 Məhərrəm qızına illik 27% olmaqla 24 ay müddətinə 3200 manat məbləğində kredit verilmiş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Eyni zamanda, "İddiaçı" ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il 1713-15 №-li zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi xx.xx.2020-ci il tarixli arayışa əsasən Bank ilə Cavabdeh1 Məhərrəm qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1713 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə cavabdehin 2653,06 manat əsas borcu, 1147,97 manat faiz borcu, 2054,39 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 392,57 manat borcu, ümumilikdə 6247,99 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış cəmi 6247,99 dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. Ləğv prosesində olan "İddiaçı" ASC tərəfindən cavabdehlərə borcla bağlı ödənişin icra edilməsi, əks təqdirdə borcun ödənilməsi üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublar göndərilmiş, lakin ünvanın bağlı olması barədə akt tərtib edilərək məktublar geri qaytarılmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1 Məhərrəm qızından, həm də zamin Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 bankla Cavabdeh1 Məhərrəm qızı arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 2054,39 məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 205 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia 70 faiz hissədə təmin edildiyindən (6247, 99 manat iddia tələbinin təmin edilən 4399 manat hissəsi), dövlət rüsumunun 21 manatı cavabdehə, 9 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Məhərrəm qızı və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməmiş 2653,06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1147,97 manat faiz, 205 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 392,57 manat borc, ümumilikdə 4399 manat məbləğində kredit borcu və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Məhərrəm qızı və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan "İddiaçı" ASC-yə ödənilməmiş 2653,06 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 1147,97 manat faiz, 205 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 392,57 manat borc, ümumilikdə 4399 manat məbləğində kredit borcu və ödənilmiş 21 manat məbləğində dövlət rüsumu tutularaq ləğv prosesində olan "İddiaçı" ASC-nin ləğvedicisi X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun 9 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar