Məhkəmə qərarları › İş №2(008)-1931/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1931/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1931/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 76.030 manat məbləğində əldən çıxmış fayda və 318.10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, əldən çıxmış fayda kimi hesablanmalı olan məbləğ Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarından hesablanmalı olduğu halda, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-1632/2013 saylı qətnaməsi ilə hesablanmışdır. Belə olan halda, tələbin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmədən Cavabdeh xx.xx.2009cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 74.642 manat məbləğində əldən çıxmış fayda və 318.10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 12 ay müddətinə illik 25% dərəcəsi ilə 80.000 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilə şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etməmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən X2 xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 74.642 manat əldən çıxmış fayda olmaqla, cəmi 74.642 manat borcu vardır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Nikoyl” İKB (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 003-RBB2 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 25% faiz dərəcəsi ilə 12 ay müddətinə 80.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışınlarından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 76.030 manat əldən çıxmış fayda olmaqla həmin məbləğdə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışınlarından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 74.642 manat əldən çıxmış fayda olmaqla həmin məbləğdə borcu vardır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)- 1113/2012 saylı qiyabi qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 78.815 manat, faiz borcu üzrə 57.961 manat, 38.565 manat hesablanmış dəbbə pulu, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat dövlət rüsumu olmaqla cəmi 175.381,15 manat məbləğində pulun tutulması, tutmanın cavabdehlər X8 və X4 mülkiyyətində olan və kreditin təminatı kimi ipoteka qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 9 otaqlı 151.6 kv.m yaşayış, 246.7 kv.m köməkçi sahədən ibarət 78a nömrəli fərdi evinə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2013-cü il tarixli 2(103)-1632/2013 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 nümayəndəsi X6 tərəfindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)- 1113/2012 saylı qiyabi qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-1113/2012 saylı qiyabi qətnaməsi iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(102)-2966/2013 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2013-cü il tarixli, 2(103)-1632/2013 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında müəyyən edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq, (həmin Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ Mülki Məcəllənin 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında bankın hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ təsbit edilmiş və bu zərərin tərkibinə həm Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsi, həm 449.1ci maddəsinə müvafiq olaraq pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər, həm Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən bankın, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin və əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququn daxil olduğu müəyyən edilmişdir. Proses iştirakçısının izahatına əsasən və iş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 74.642 manat məbləğində əldən çıxmış fayda məbləğinin ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 74.642 manat məbləğində əldən çıxmış fayda məbləği iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 318.10 manat məbləğində dövlət rüsumu ödənilmiş, bu barədə ödəniş qəbzi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 318,10 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 74.642 (yetmiş dörd min altı yüz qırx iki) manat məbləğində əldən çıxmış fayda və dövlət rüsumuna görə 318.10 (üç yüz on səkkiz manat on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar