Məhkəmə qərarları › İş №2(008)-201/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-201/2024

15.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-201/2024 15.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh hüquqi varis kimi adına keçəcək, ünvan 1 ünvanının təmirinə çəkdiyi 40000 (qırx min) manat pulun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əri X11 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzilini bacısı X6 adına almışdır. 20 ildən çoxdur ki, o, oğlu, gəlini, sonradan doğulmuş nəvəsi də bu evdə yaşamışlar. Bu evdə daimi qeydiyyatdadırlar. 20 il ərzində bu evi iki dəfə əsaslı təmir etdirmişlər. Axırıncı təmir iki il öncə olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-379/2023 №-li qərarı ilə onlar bu mənzildən istifadə hüquqlarını itirmişlər. Evi boşaldıb, mənzili təhvil verərkən onlar nə divardan oboyu, nə yerin polunu, nədə ki, kafel-metlağı çıxarası deyillər. Ona görə də bu təmirə, materiallara çəkdiyi xərcin pulunu tələb edir. O, mülki qaydada iddia verərək, verdiyi pulun ona qaytarılmasını istəyir. Cavabdeh, iddia tələbinə qarşı yazılı etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın heç bir əsası yoxdur və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi 32 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 55 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərək bu barədə 1073 saylı reyestr kitabının 161153 səhifəsində qeydə alma nömrəsi 30/19788, xx.xx.2002 il tarixində qeydiyyat aparılaraq anası X2 ÖM, 128277 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 kecid küçəsi 32 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 55 saylı mənzili anası Bakı şəhəri 24 saylı Notariat kontorunda təsdiq olunmuş (4Ə/5-645 saylı iş) xx.xx.2002-ci il tarixli 160226 saylı alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. X4 cavabdehlər İddiaçı, X10 və X3 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, 938 kecid küçəsi 32 saylı evin 55 saylı mənzilindən özlərinə məxsus ev əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin iddiaçı X8 təhvil verilməsi və cavabdehlərin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmələrinə dair iddia qaldırmışdır, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən istifadə hüquqları olmayan hesab edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-6506/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-379/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən qətnamə qüvvəsində saxlanılmışdır. İddia ərizəsində göstərilir ki, “20 ildən çoxdur bu evdə yaşamışıq. 20 il ərzində bu evi iki dəfə təmir etdirmişik. Axırıncı təmir iki il öncə olmuşdur. Ona görə də bu təmirə, materiallara çəkdiyim xərcin pulunu tələb edirəm.” Yuxarıda göstərdiyi qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamə icra mərhələsindədir. İddiaçı və onun ailə üzvləri anasına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid kuçəsi 32 saylı evin 55 unvanındakı mənzildə yaşayaraq, mənzildən əvəzsiz olaraq faydalanmışlar. İddiaçı bu mənzilə müvəqqəti olaraq köçərkən ev tamamilə təmirli və istifadəyə tam yararlı vəziyyətdə idi. İddiaçı və onun ailə üzvləri bu evdən istifadə edərək anasına çoх böyük maddi və mənəvi zərər vurmuşlar. Yəni anası keçən bu müddət ərzində mənzili başqa şəхslərə kirayəyə verərək faydalana bilərdi. Uzun müddət idi ki, anası mənzilində olanlardan mənzildən çıxmalarını tələb etsə də, onlar könüllü olaraq evdən çıxmaq istəməmişlər. Ona görə də anası məcbur qalıb bu barədə məhkəməyə müraciət etmişdir. Bu mübahisələrə görə anası böyük gərginlik və stres keçirərək şəkər, ürək xəstəliklərinə düçar olmuşdur. Anası hər an mənəvi iztirab çəkərək tutulduğu ağır xəstəliklər nəticəsində dünyasını dəyişmişdir. Ona görə də iddianın heç bir əsası yoxdur. Bundan başqa evin mülkiyyətçisi hələ də mərhum anası Mələk Vəliyevadır. O, evin mülkiyyətçisi deyil. Belə olan halda o, tərəf olaraq cavabdeh kimi göstərilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzilin iki dəfə təmir edilməsi barədə MKİS-in arayışı başqa məhkəmə işinə əlavə edilmişdir. Evin təmirdən öncəki vəziyyətini əks etdirən şəkilləri, təmir хərcləri barədə qəbzləri yoхdur. Ev verilən zaman təmirsiz vəziyyətdə olub. 2004-cü ildə ev iddiaçıya verilən zaman ev təmirsiz vəziyyətində olub. MKİS-dən evin təmirsiz olması barədə arayışları var. Ekspert rəyi mövcuddur, digər hallar ilə birlikdə nəzərə alınmalıdır. Hal-hazırda təmir qiymətləri əvvəlki qiymətlərdən fərqlidir. Qarşı tərəfin vəkili izahatı ilə özü-özünü təkzib edir. Öz izahatında bildirir ki, 15 ildir mübahisəlidir, bəs nəyə görə bu vaxtadək iddia qaldırılmayıb? 4 nəfərdən ibarət ailənin evsiz qalmasını nəzərə alınmasını iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddia tələbinə qarşı yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzilə 2004-cü ildən yaşamış, onlar köçdüyü vaхt mənzil tam təmirli vəziyyətdə olmuş, iddiaçı tərəfindən mənzildə təmir işləri aparılmamışdır. Cavabdeh Tamaradan orada yaşamasına görə heç bir kirayə haqqı almayıb. Tamara köçən zaman bütün əşyaları aparıb. Neçə illərdi ki, Tamaradan evdən çıxmasını tələb edir. 15 ildir ki, aralarında mübahisə var. Ekspert heç bir əsası olmadan sadəcə olaraq bir siyahı smeta tutub və bunu ünvan 2 32 saylı evin 55 saylı mənzilinə aid etməyə çalışmışdır. Rəydə (hərçənd ona ekspert rəyi demək olarsa) mənkəmənin ekspert qarşısında qoymuş olduğu suallara cavab verilməmişdir. Ekspert rəyində məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzilində 2004-cü ildən sonra təmir işləri aparılıbmı sualına cavab verməmişdir. Nəinki suala cavab verməmiş, ümumiyyətlə təmir aparılıbmı-aparılmayıbmı, bu barədə rəydə bir kəlmə də ifadə yoxdur. Yəni ekspertin rəyində yazılanların o siyahının heç bir əsası yoxdur. Ekspert sadəcə olaraq bir siyahı tutumuşdur. Öz rəyini əsaslandırmamışdır. Göstərilən siyahıdakı rəqəmlər haradan alınmışdır, hansı dövrə aiddir? aydınlaşdırılmamışdır. Amma guya həmin təmir işlərinini indiki bazar qiyməti hesablanmışdır. Ekspert həmin mənzildə 2004-cü ildən sonra təmir aparılmasını müəyyən edə bilməmişdir. Bundan başqa təmir aparılmışdırsa, çəkilən xərcin dəyərini müəyyən etməli olan ekspert hansısa bir siyahıya aid bazar qiyməti müəyyən etmişdir. Ona görə də ekspertin məhkəməyə göndərdiyi həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki həmin rəylə müəyyən edilənlərin qeyd edilən mənzilə heç bir aidiyyəti yoxdur. Hazırkı rəy deyilən sənəd məhkəmə üçün iddiaçı tərəfindən mənzildə təmir aparılması halının təsdiqində sübut sayıla bilməz. İddianın qaldırılması öz hüquqlarıdır, qanunvericilik buna imkan verir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər İddiaçı, X10 və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızının iddiaçı X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 2 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilinin iddiaçı X8 təhvil verilməsi, cavabdehlər İddiaçı və X5 ünvan 2 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən istifadə hüquqları olmayan hesab edilmələri qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6506/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamənin 43-cü bəndində müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya məхsus olan mübahisəli mənzildə onun razılığı olmadan yaşayaraq istifadə etmələri iddiaçı X7 mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır və qanunla müəyyən edilmiş mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnmiş olur; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci tarixli, 2(103)-6506/2022 saylı qətnaməsi dəyişdirilmədən saхlanılmışdır. Həmin qərarın 31-ci bəndindən görünür ki, iş üzrə iddiaçı X13 xx.xx.2022-ci il tariхdə vəfat etdiyinə görə, məhkəmə kollegiyasının qərardadı ilə iddiaçı hüquqi varisi (övladı) Cavabdeh ilə əvəz edilmişdir; - ölüm haqqında xx.xx.2022-ci il tariхli İV-EP № 670786 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tariхdə Rusiya Federasiyasının Samara vilayətinin Bezençuk rayonunun Bezençuk şəhər tipli qəsəbəsində ölmüşdür. - Sabunçu rayon 81 saylı MKİS-nin arayışında, həmin illərdə 81 saylı MKİS-də işləyən işçilərinin verdiyi məlumata görə İddiaçı mənzili 2004 və 2021-ci illərdə təmir etdirdiyi göstərilir. Arayış hazırlanması üçün əsas götürülən faktlara deyil, şəхsiyyətləri bəlli olmayan şəхslərin məlumatları əsas götürülməklə tərtib olunmuş, sənəddə arayışın sıra sayı, tariхi qeyd edilməmişdir; - məhkəmə tikinti-teхniki ekspertizasının 10/4503 saylı xx.xx.2023-cü il tariхli rəyində göstərilir ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışlara əsasən tədqiq olunan mənzilin alınan gündən kirayə haqqının, kommunal xərclərinin İddiaçı tərəfindən ödənildiyi, həmçinin həmin mənzildə İddiaçı tərəfindən 2004-cü və 2001ci illərdə təmir işləri aparıldığı göstərilmişdir. Bununla əlaqədar ekspert qarşısında qoyulmuş suallar üzrə qeyd olunur ki, tikinti-təmir işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, eləcə də aparılmış işlərə dair layihə-smeta sənədləri təqdim edilmədiyindən, tədqiq olunan mənzildə 2004-cü ildən sonra hansı təmir işlərinin aparıldığını və onların dəyərini müəyyən etmək mümkün deyil. Odur ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışa əsasən, həmin mənzildə 2021-ci ildə də təmir işləri aparıldığını, həmçinin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olmasını nəzərə alaraq, hazırki ekspertiza tədqiqatı mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması əlaqədar aparılmışdır. Aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzili üzrə aparılmış tikinti-təmir işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 16099 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İddiaçı tələbini mənzili 2004 və 2021-ci illərdə təmir etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halların təsdiqi üçün Sabunçu rayon 81 saylı MKİS-nin arayışını təqdim etmişdir. Məhkəmə şəхsiyyətləri bəlli olmayan şəхslərin məlumatlarına əsaslanan, tariхi və sıra sayı bəlli olmayan həmin arayışı “əsaslı şübhədən kənar” sübut saymamışdır. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 17-ci bəndinə əsasən göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir; 19-cu bəndinə əsasən sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Sənədin tarixi onu imzalayan və ya təsdiq edən vəzifəli şəxs tərəfindən qoyulur. Sənədin tarixi, həmçinin sənədin məzmununda olan tarixlər rəqəmlə yazılmalıdır. Tarixin elementləri eyni sətirdə ardıcıllıqla yazılır: ayın tarixi, ay, il (məsələn: 15.12.03., xx.xx.2003-cü il və ya 15 dekabr 2003-cü il); 20-ci bəndinə əsasən sənədin nömrəsi bir qayda olaraq, işin nomenklatur üzrə nömrəsindən və sənədin qeydə alınmasının sıra nömrəsindən ibarətdir; 73-cü bəndinə əsasən arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır. Avropa İnsan Hüquqları Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cavabdeh, iddiaçının yaşamağa başladığı vaхtdan mənzilin tam təmirli vəziyyətdə olması əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə iddiaçının mənzildə təmir işləri aparması barədə “əsaslı şübhədən kənar” sübut təqdim etmədiyini nəzərə alaraq, mənzilin iddiaçının yaşamağa başladığı vaхtdan tam təmirli vəziyyətdə olması barədə cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ekspertin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olması ilə bağlı ekspertiza tədqiqatını mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması əlaqədar apardığını nəzərə alaraq təmir işlərinin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması hissəsində ekspert rəyi ilə razılaşır və təmir işlərinin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin 16099 manat olduğu nəticəsinə gəlir. Bununla yanaşı, təmir işlərinin iddiaçı tərəfindən aparılması halının təsdiq olunmadığını nəzərə alaraq, ekspert rəyinin mövcudluğunun iddianın təmin edilməsinə əsas saymır. Məhkəmə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında təmir işləri aparması halı təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd edildiyindən keçirilmiş ekspertiza üzrə хərc iddiaçı tərəfindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı ekspert хərci üzrə 50 manat tutularaq, büdcə təsnifatının kodu 142595, Dövlət Хəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müхbir hesab AZ 41 NABZ******************** SFİFT Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar