Məhkəmə qərarları › İş №2(008)-2071/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2071/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2071/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(008)-128/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, xx xxxxxxxx 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 (yüz yetmiş beş) manat aliment Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2009-cu ildə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxxxxxx 2009- cu il tarixdə X4 doğulmuşdur. Ailə münasibətlərində 2016-cı ildə xitam verilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(008)-128/2016 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş X4 onun himayəsində saxlanılmış, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2015-ci il tarixdən hesablanaraq hər ay 108 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Naxçıvan şəhər İcra Bölməsinə göndərilmişdir. Cavabdeh ona təzyiqlər etmiş və o, 2017-ci ildə məcbur olub, öz tələbindən könüllü olaraq imtina etmişdir. Bunun əsasında da Naxçıvan şəhər İcra Bölməsinin icra məmuru X2 xx xxxxxx 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmiş, icra vərəqi Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə geri qaytarılmışdır. Belələliklə məhkəmənin qətnaməsi icra edilmədən qalmışdır. Yəni cavabdeh ona heç vaxt aliment ödəməmişdir. Uşaq həmişə onun himayəsində olub və onun xərclərini daima o qarşılamışdır. Hazırda 2 ilə yaxındır ki, pandemiya şəraiti davam edir, uşaq isə böyüyür. Xərcləri daha da çoxalmışdır. Bütün bu xərcləri o tək qarşılaya bilmir. Buna görə də alimentin miqdarının dəyişdirilməsi, sabit pul şəklində 175 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bir evdə yaşadıqlarını, lazımi maddi təminatlar ilə ailə üzvlərinin hər bir ehtiyaclarını təmin etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. -Belə ki, iş materiallarında olan Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 376446 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 243850 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə, 321 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-128/2016 saylı qətnaməsindən görünür ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması və X3 xx xxxxxxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2015-ci il tarixdən hesablanaraq hər ay 108 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -xx xxxxxx 2017-ci il tarixli Naxçıvan Şəhər İcra Bölməsinin qərarının surətindən görünür ki, tələbkar İddiaçı ərizəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-128/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-128/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar