Məhkəmə qərarları › İş №2(008)-2091/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2091/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2091/2024 13.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əşrəf oğluna qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 9230 manat əsas, gecikdirilmiş vaxt üçün əsas borcun illik 5%-i miqdarında 633,10 manat və 118,64 manat iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9981,74 manat məbləğində pul vəsaitinin iddiaçınını xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, 9230 manat əsas, gecikdirilmiş vaxt üçün əsas borcun illik 5%-i miqdarında 633,10 manat və 118,64 manat iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9981,74 manat məbləğində pul vəsaitinin Cavabdeh Əşrəf oğlundan deyil, Cavabdeh tutulmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məkhəmənin hazırlıq iclasında iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Əşrəf oğlundan kredit müqaviləsi üzrə 8300 manat əsas, gecikdirilmiş vaxt üçün əsas borcun illik 5%-i miqdarında 633,10 manat faiz və 118,64 manat iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 9051,74 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2021-ci ildə kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən, borc verən borc alana 10.730 manat məbləğində pulu borc verir, borc alan isə krediti xx.xx.2022-ci ilədək "xxxx" ASC-də açılmış hesaba hər ay 715,34 manat ödəmək şərti ilə borc verənə ödəməyi öz öhdəsinə götürür. Müqavilə ilə üzərinə götürdüyü öhdəliklər tamamilə icra etsə da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Müqavilənin 8-ci bəndinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Lakin, cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı pulları bu günədək qaytarmamışdır. O, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1500 manat məbləğində ödəniş etmişdir. Hal- hazırda isə cavabdehin 9230 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Məsələnin məhkəmədən kənar həllinə nail olmaq məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı Cavabdeh şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Lakin, cavabdeh tərəfindən münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin 8300 manat borcu qalmışdır, ona görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, uşağın əməliyyatı ilə bağlı pul lazim olduğu üçün 2022-ci ildə müqavilə bağlamışdır, cəmi 1600 manat ödəniş etmişdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, borc verən borc alana 10.730 manat məbləğində pulu borc vermişdir, borc alan isə krediti xx.xx.2022-ci ilədək "xxxx" ASC-də açılmış hesaba hər ay 715,34 manat ödəmək şərti ilə borc verənə ödəməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin mənə halhazırda 9230 manat əsas, 633,10 manat faiz borc öhdəliyi qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2.-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən, isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 633,10 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci ildə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 633,10 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 118,64 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 8300 (səkkiz min üç yüz) manat əsas, 633 (altı yüz otuz üç) manat 10 (on) qəpik faiz borcu, 118 (yüz on səkkiz) manat 64 (altmış dörd) qəpik dövlət rüsumunun əvəzi, cəmi 9051 (doqquz min əlli bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar