Məhkəmə qərarları › İş №2(008)-21/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-21/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-21/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.524,85 ABŞ dolları əsas, 4.434,4 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17.959,25 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 27% olmaqla, 16.500 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəl”inə əsasən ödəməli olduğu olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhtəliyi yerinə yetirmir. Nümayəndə göstərilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan krediti dollarla deyil, manatla götürmüşdür. O, 9 ay ərzində hər ay 732 manat ödəniş etsə də, etdiyi ödənişlər bank tərəfindən nəzərə alınmamışdır. Sonradan sağlamlığında problemlər yarandığından, maddi vəziyyəti pisləşmiş, ödənişi vaxtında və lazımi qaydada ödəyə bilməmişdir. Hazırda bankın ondan tələb etdiyi borc məbləği həddən artıq yüksəkdir və həmin borcu qaytarmağa maddi imkanı çatmır. Cavabdeh qeyd olunanlara əsasən, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər hmədov X3 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişinə əsasən, sonuncuya illik 27% dərəcəsi ilə 36 ay müddətinə 16.500 ABŞ dolları məbləğində kredit verilmiş, eyni zamanda həmin borcun təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanılmışdır. - xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 13.524,85 ABŞ dollar əsas borc, 4434,40 ABŞ dollar faiz borcu vardır. - xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə İddiaçı ASC-yə 13.524,85 ABŞ dollar əsas borc, 7413,66 ABŞ dollar faiz borcu və 65,72 ABŞ dolları cərimə borcu vardır. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə İddiaçı ASC-yə 12.269,86 ABŞ dollar əsas borc, 3782,62 ABŞ dollar faiz borcu olmaqla, cəmi 16.052,48 ABŞ dollar borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli kredit saziş bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2015-ci il tarixli MK/91253/50/18 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 13.350,66 ABŞ dolları və faiz borcu 8341,31 ABŞ dolları olmaqla, cəmi 21.691,97 ABŞ dolları məbləğində müəyyən edilir. Müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən son ödənişin aparıldığı xx.xx.2022-ci il tarixədək Borcalan tərəfindən 1605,45 ABŞ dolları məbləğində ödənişin aparıldığı müəyyən edilmişdir. Bank tərəfindən həmin məbləğin 495,24 ABŞ dolları faiz borc üzrə, 1110,21 ABŞ dolları əsas borc üzrə silinmişdir. xx.xx.2018-ci il tarixədək faiz borcu hesablanmaqla, son ödənişin aparıldığı xx.xx.2022-ci il tarixə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 12.240,45 ABŞ dolları və faiz borcu 7846,07 ABŞ dolları olmaqla, cəmi 20.086,52 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan xx.xx.2015-ci il tarixli, 4029 nömrəli “Kassa məxaric orderi”nin aşağı sağ hissəsində “Orderdə yazılmış məbləği aldım” qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia qismən təmin edilməli, sonuncu maliyyə ödənişi nəzərə alınaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.269,86 ABŞ dollar əsas borc, 3782,62 ABŞ dollar faiz borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla ümumilikdə 16.052,48 ABŞ dolları məbləğində borc tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli ekspert təqdiqatlarının cəmi dəyəri 260 manat təşkil edir və həmin məbləğ də cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 12.269,86 ABŞ dollar əsas borc, 3782,62 ABŞ dollar faiz borc olmaqla, qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla ümumilikdə 16.052,48 ABŞ dolları (on altı min əlli iki dollar qırx səkkiz sent) məbləğində borc və 20 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə çəkilmiş 260 (iki yüz altmış) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar