Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2133/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 04.04.2007-ci il təvəllüdlü X6 və 07.08.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(008)-2835/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(008)-2835/2018 saylı qətnaməsi ilə 04.04.2007-ci il təvəllüdlü X6 və 07.08.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 sabit pul məbləğində aliment təyin edilmişdir. Cavabdeh alimenti gecikmələrlə, hissəhissə ödəyir. Uşaqlar onun himayəsindədir, cavabdeh uşaqları ilə maraqlanmır. Uşaqlar böyüdüklərindən, ehtiyacları da artır, buna görə də həmin məbləğdə aliment uşaqların saxlanılması üçün kifayət etmir. X2 hal-hazırda Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasına hazılaşdığından, onun hazırlığına tələb olunan vəsait yüksəkdir. Cavabdeh özəl sahədə çalışmaqla, aylıq gəliri normaldır, o, özü isə heç yerdə işləmir. O, qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, yenidən ailə qurmuş, həmin nikahdan bir uşağı anadan olmuş, yaxın vaxtlarda bir uşağı da dünyaya gələcək. Ona görə də, iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(008)-2835/2018 saylı qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 04.04.2007-ci il təvəllüdlü X6 və 07.08.2012-ci il təvəllüdlü X7 anaları X8 yanında saxlanılmaları, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli, 2(008)- 5022/2018 saylı qətnaməsi müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin X1 tutularaq, X8 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X12 arasında olan nikahın ləğv edilməsi haqqında 02.06.2018-ci il tarixdə, 223 sayı ilə akt qeydləri kitabında qeydiyyat edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu X3 X17 tərəfindən verilmiş 05.06.2007-ci il tarixli, AZ-İ seriyalı, 941542 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 04.04.2007-ci il təvəllüdlü X11 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu X3 X17 tərəfindən verilmiş 12.10.2012-ci il tarixli, AZ-İ seriyalı, 979815 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 07.08.2012-ci il təvəllüdlü X13 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03.06.2019-cu il tarixli, AZ-İİ seriyalı, 342564 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 03.06.2019-cu il tarixdə 1220 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.04.2020-ci il tarixli, AZ-İV seriyalı, 425816 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 birgə nikahından 12.03.2020-ci il tarixdə X14 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10.12.2019-cu il tarixli, 3(010)-1381/2019 saylı qərarının surətindən görünür ki, aliment borcunu ödəmədiyindən, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İddiaçı hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, cavabdeh yenidən nikaha daxil olmuş, həmin nikahdan bir övladı anadan olmuşdur. Bu halı, həmçinin uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh X16 oğlunun birgə nikahından olan iki uşağın saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, cavabdeh X16 oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.04.2018-ci il tarixli, 2(008)-2835/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 04.04.2007-ci il təvəllüdlü X6 və 07.08.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq, İddiaçı ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh X1 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2133/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2133/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver