Məhkəmə qərarları › İş №2(008)-2142/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2142/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2142/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə clasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlər X7 və X2 4265 manat əmlaka dəyən zərərin əvəzi və 63 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobil iddiaçıya məxsusdur. xx.xx.2022-ci ildə təxminən saat 00:30 radələrinda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Cavabdeh1, Cavabdeh2 məxsus “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobillə hərəkət edərkən sırayerdəyişməsi edib, manevr qaydasını pozub və iddiaçı "Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən avtomobilin sağ hissəsindən vurub onu aşırmışdır. Toqquşma nəticəsində iddiaçı yüngül bədən xəsarəti almışdır. Göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes Benz E-220” markalı NX791TR22 dövlət nömrə nişanlı avtomaşınını idarə edən Cavabdeh1 AR İXM-nin 327.8 maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolla, özünün və zərərçəkmiş şəxslərin ifadələri və işdə olan digər sənədlərlə təsdiq olunur. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh1 təqsiri Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-5056/2022 №-li 29.092022-ci il tarixli qərarı ilə tanınmışdır və həmin qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə ciddi şəkildə ziyan dəymişdir. “X10”in tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq iddiaçının avtomaşınımın təmir işləri 4265 manata başa gəlir. Hadisə vaxtı və sonrakı təhqiqat zamanı qayda pozan sürücünün həmin avtomobili hansı əsasla idarə etməsi barədə sənəd tələb etsə də, həmin etibarnamə təqdim edilməmişdir. “Mersedes Benz E-220” markalı NX791TR22 nömrə nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını düzgün hesab edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə adıçəkilən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 iddianın onlara qarşı rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobil X1 olmaqla, İddiaçı tərəfindən etibarnamə əsasında idarə edilir (AD seriyalı 618747 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş və reyestrdə 7E-1494 № ilə qeyd edilib elektron informasiya sisteminə daxil edilmiş etibarnamə). xx.xx.2022-ci ild saat 00:30 radələrinda Bakı şəhəri. Sabunçu rayonu. Ramana qəsəbəsi, Kənd Ramana qəsəbəsində Cavabdeh1 “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobillə hərəkət edərkən sırayerdəyişməsi edib, manevr qaydasını pozub, onunla eyni istiqamətdə solunda ötmə əməliyyatı aparan "Opel Astra" markalı, ** DS *** dövlət nömrə nişanlı avtomobili sağ hissəsindən vurub onu aşırmış, toqquşma nəticəsində "Opel Astra" markalı avtomobili idarə edən İddiaçı yüngül bədən xəsarəti almış, Cavabdeh1 özünü təqsirli bilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və 200 manat inzibati qaydada cərimə edilmişdir (Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 3(008)-5056/2022 №-li iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar). "Opel Astra" markalı avtomobilə dəymiş zərər 4265 manat məbləğində hesablanmışdır (X11 tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair Akt). “Mersedes Benz E-220” markalı, NX791TR22 nömrə nişanlı avtomobil Cavabdeh2 məxsusdur. Məhkəmə tərəfindən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş vəsatət əsasında iqtisad ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/4510 №-li ekspert rəyinə əsasən də "Opel Astra" markalı avtomobilə dəymiş ziyan 3865,00 manat məbləğində qiymətləndirilmişdir. Hazırda iddiaçı 4265 manat məbləğində pulun və məhkəmə xərclərinin hər iki cavabdehdən tutulmasını iəstəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, qanunun mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yəni, məhkəmə hesab edir ki, nə qədər ki delikt törətmiş şəxs Cavabdeh1 qanuni əsasla avtomobili idarə etmədiyinə görə təqsirli hesab edilməmiş, o, qanuni əsasla avtomobili idarə etmiş sayılır və zərərin əvəzi məhz ondan tutulmalıdır. Belə ki, Cavabdeh1 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin mənasına görə manevr etmə qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Lakin, məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə 3865 manat məbləğində pul tutulmalıdır (ekspert rəyinə əsasən). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 3865 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə və digər Cavabdeh2 qarşı rədd edilməlidır. Eyni zamanda iddiaçı məhkəmə xərclərinin də tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. 3865 manat tutulduğundan iddiaçı tərəfindən ödənilmiş 58,65 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, 4,35 manat iddiaçıya aid edilməlidir. Eyni zamanda, 50 manat ekspertizanın dəyəri Cavabdeh2 Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır (onun vəsatəti əsasında təyin edildiyindən). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3865 manat vurulmuş zərərin əvəzi və 58,65 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə və Cavabdeh2 qarşı rədd edilsin. 4,35 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 50 manat ekspertizanın dəyəri Cavabdeh2 tutulub X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar