Məhkəmə qərarları › İş №2(008)-2145/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2145/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2145/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq, o - İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o - İddiaçı özünə torpaq sahəsi alıb ev tikdirmək istəmişdir. İş yoldaşı ona demişdir ki, Cavabdeh və X1 adlı dəllallar torpaq alqısatqısı ilə məşğul olurlar. O, həmin dəllallara müraciət etmişdir. Onlar ona bildirdilər ki, Maştağa qəsəbəsi, Savalan massivi adlanan ərazidə torpaq sahəsi satılır. O, birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. 5 sot torpaq sahəsinin 24000 manata alqı-satqısı barədə razılığa gəlmişdir. Cavabdeh ona bildirdi ki, torpaq sahəsinin sahibi ona etibarnamə verib, alqı- satqıda o özü iştirak edəcək. Sonra onlar ofisə gəlib, orada xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlamışlar və o Cavabdeh 5000 manat ödəniş etmişdir. Öncədən razılaşdığı kimi alqı-satqı müqaviləsi bağlamaq üçün o, xx.xx.2022-ci ci il tarixdə Koroğlu metrostansiyasının yaxınlığında yerləşən “ASAN Xidmət” mərkəzində notariat ofisinə getmişdir. Cavabdeh və torpaq sahəsinin sahibi də orada idi. Cavabdeh ona bildirdi ki, o torpaq sahəsinin sahibi ilə ünsiyyətdə olmalıdır. Bütün bu alqı-satqı prosesini özü həll edəcək. Cavabdeh notariusun otağına getdi. Bir qədər sonra qayıdıb ona bildirdi ki, etibarnamənin vaxtı keçdiyinə görə alqı-satqı müqaviləsi bağlaya bilməyəcəklər. O, Cavabdeh demişdir ki, əgər bir həftə ərzində alqı-satqı baş tutmasa onun 5000 manat pulunu qaytar. O, da onunla razılaşmışdır. xx.xx.2022-ci ci il tarixdə Cavabdeh ilə görüşmüşdür. O, ona ödədiyi 5000 manat puldan 2500 manat pulu qaytarmış və bildirdi ki, yerdə qalan 2500 manat pulu tez bir zamanda ona qaytaracaq. Ondan sonra dəfələrlə zəng vurub pulunun qaytarılmasını tələb etsə də müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaqdan yayınır. Cavabdeh ondan aldığı 5000 manat puldan 2500 manat pulu geri qaytarmaqdan yayındığına görə hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında Cavabdeh tutularaq, ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin matriallarına əlavə edilmiş tərəflər arasında olan xx.xx.2022-ci il tarixli beh müqaviləsindən görünür ki, torpağı alan X2 torpağı satan Cavabdeh 5000 manat beh vermişdir. Qeyd edilmiş tərəflər arasında bağlanmış müqavilənin alt hissəsində yazılmış qeyddən görünür ki, behin 2500 manat olan hissəsi qaytarılmış, 2500 manat olan hissəsi Ələkbərovda qalmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə mülki işin matriallarına əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən müəyyən edilir ki, iddiaçı cavabdehdən torpaq sahəsi almaq üçün ona 5000 manat məbləğində beh vermişdir. Daha sonra cavabdeh torpaq sahəsini iddiaçıya sata bilmədiyi üçün o, ona verilmiş behdən 2500 manat məbləğini geri qaytarmış olsada, yerdə qalan hissəsini qaytarmamışdır. Belə olan halda iddiaçı məhkəməyə müraciət edərək torpaq sahəsinin alınması üçün cavabdehə ödəmiş olduğu 5000 manat behdən qaytarılmayan 2500 manat hissəsinin qaytarılamsını tələb etmişdir. Məhkəmə iddia tələbinə araşdıraraq qeyd edir ki, torpaq sahəsinin alqı-satqı müqaviləsinin, habelə beh verilməsini həyata keçirilmə qaydası imperativ norma olaraq qanunvericlik ilə konkret olaraq notarial qaydada həyata keçirilməsi müəyyən edilmiş olduğu halda, tərəflər qanunvericliyin bu tələbinə riayyət etmədən öz aralarında əhəmiyyətsiz müqavilə bağlayaraq, iddiaçı tərəfindən cavabdehə 5000 manat pul verilmiş, cavabdeh isə heç bir əsas olmadan pulu qəbul edərək iddiaçının hesabına varlanmışıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar