Məhkəmə qərarları › İş №2(008)-217/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-217/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-217/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “dəymiş maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X7 Cavabdeh qarşı “dəymiş maddi və mənəzi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərə görə 500 manat, mənəvi zərərə görə 1000 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 100 manat, sənədlərin notariusda təsdiqinə görə 6 manat olmaqla, cəmi 6106 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən Cavabdeh ona məxsus olan “Ford Transit” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili ayda 750 manat qarşılığında icarəyə vermişdir. İlkin olaraq cavabdeh 2 ay icarə haqqını ödədikdən sonra 3 ay icarə haqqını ödəməmiş, telefonlara cavab verməmiş, avtomobili qaytarmamış, avtomobili qaçıraraq avtomobilə xeyli ziyan vurmuşdur. O da məcbur olub avtomobili idarə etmək üçün verdiyi etibarnaməni notariusda ləğv etdirmişdir. Eyni zamanda, Baş Dövlət Yol Polisinə müraciət edərək, avtomobilin üzərinə həbs qoydurmuşdur. DİN-in 102 zəng xidmətinə müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində araşdırma aparılmış, cavabdeh etdiyi əməlləri etiraf etmiş və avtomobilə dəymiş ziyanın və icarə haqqını notarius vasitəsilə ona ödəyəcəyini izahatında bildirmişdir. Lakin bir müddət keçsə də, cavabdeh ona borclu qaldığı pulu müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Cavabdeh Seyagi X3 vətəndaşı olduğu üçün iddiaçı həyat yoldaşı ilə birlikdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyində konsulun qəbulunda olmuşdur. Vəziyyəti olduğu kimi konsula izah etmişdir. Konsul cavabdehlə telefon əlaqəsi yaradıb cavabdehə etdiyi əməllərin düz olmadığını və belə əməllərdən çəkinməsini, borclu olduğu vəsaitin qaytarılmasını, avtomobilə dəymiş ziyanın qaytarılmasını bildirmişdir. Polis bölməsində olduğu kimi konsula da borclu olduğu məbləği və avtomobilə dəymiş ziyanı pul şəkilində ödəyəcəyinə söz vermişdir. Bu günə qədər cavabdeh tərəfdən ona heç bir ödəniş olmamışdır, artıq telefon zənglərinə cavab vermir, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və yenidən Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh borclu qaldığı pulu ödəmədiyi üçün “Ford Transit” yük markalı avtomobilə dəymiş nasazlıqları aradan qaldıraraq işə çıxıb ailəsinə, uşağına çörək gətirə bilmir. Öhdəsində universitetdə təhsil alan iki tələbə, bir də orta məktəbdə oxuyan uşaq və ailəsi vardır. Həmçinin cavabdehin avtomobilə vurduğu ziyana və icarə haqqını verməməsi nəticəsində o aylardır əsəb, stress keçirmiş, işə çıxa bilməmişdir. Bu məsələ ilə bağlı vaxtını itirmiş, əlavə xərclərə düşmüşdür. Yaşanan stresslər, əzab və əziyyətlərlə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin o, məhkəməyə iddia ərizəsi ilə müracət etməsi və sorğular verilməsi üçün vəkillə müqavilə bağlamış və bununla bağlı Abşeron Rayon Vəkil Bürosunun hesabına 100 manat pul ödəmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinə verdiyi izahatından görünür ki, o, iddiaçı X4 1675 manat icarə haqqı borcunun qaldığını etiraf etmişdir. - İddiaçı X2 nəqliyyat vasitəsinin təmir-bərpa işinə xx.xx.2023-cü il tarixli qəbzlə 800 manat, xx.xx.2023-cü il tarixli qəbzlərlə 100 manat, 130 manat və 250 manat olmaqla, cəmi 1280 manat ödəniş etdiyi müəyyən edilmişdir. - xx.xx.20223-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı X7 hüquqi yardımın göstərilməsi ilə bağlı Abşeron Rayon Vəkil Bürosunun hesabına 100 manat ödəniş etmişdir. - Həmçinin iddiaçı X5 məcburi köçkün vəsiqəsinin Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilməsi üçün 3 manat xidmət haqqı ödəmişdir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6578-8/2615 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan qaimə fakturalarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmala “Ford Transit” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hazırkı bazar qiymətlərinə uyğun təxminən 1425 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6578-8/2615 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan qaimə fakturalarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmala “Ford Transit” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hazırkı bazar qiymətlərinə uyğun təxminən 1425 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X7 özünə məxsus olan “Ford Transit” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. Cavabdeh bir müddət icarə haqqını ödəsə də, sonrakı aylarda ödəməmiş, iddiaçıya 1675 manat icarə haqqı borcunun qaldığını polis bölməsində verdiyi izahatında etiraf etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyd olunan avtomobilə maddi ziyan dəymişdir ki, ekspert tərəfindən avtomobilin təmir-bərpa xərci hazırkı bazar qiymətlərinə uyğun təxminən 1425 manat müəyyən edilmişdir. Həmin məbləğdən əlavə olaraq, iddiaçı müxtəlif vaxtlarda nəqliyyat vasitəsinin təmir-bərpa işlərinə cəmi 1280 manat ödəniş etmişdir (təqdim edilmiş qəbzlərə əsasən). «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdehin iddiaçının avtomobilinə vurduğu maddi ziyan və icarə haqqını ödəməməsi nəticəsində sonuncunun uzun müddət mənəvi sarsıntılar, iztirablar keçirdiyini, maddi məhrumiyyətlərə məruz qaldığını nəzərə alaraq, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən mənəvi zərər tələb etməkdə haqlıdır. Lakin məhkəmə, tələb olunan mənəvi zərərin məbləği ilə razılaşmayaraq, hesab ki, cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində mənəvi zərərin tutulması qanuni, əsaslı və işin hallarına uyğun hesab edilməlidir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan ümumilikdə 2705 manat məbləğində qiymətləndirilməklə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh iddiaçı X4 maddi ziyana görə 2705 manat, ödənilməmiş icarə haqqına görə 1675 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardıma görə ödənilmiş 100 manat, sənədin notariusda təsdiqinə görə 3 manat olmaqla, cəmi 4783 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 67,83 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ekspert təqdiqatının dəyəri 50 manat təşkil edir və həmin məbləğ də cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı X2 xeyrinə, dəymiş maddi ziyanın əvəzi olaraq 2705 (iki min yeddi yüz beş) manat, icarə haqqının əvəzi olaraq 1675 (min altı yüz yetmiş beş) manat, mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat, sənədin notariusda təsdiqinə görə 3 (üç) manat olmaqla, cəmi 4783 (dörd min yeddi yüz səksən üç) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh 67,83 (altmış yeddi manat, səksən üç) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə çəkilmiş 50 (əlli) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar