Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2171/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6280 (altı min iki yüz səksən) manat maddi zərər, 30.000 (otuz min) mənəvi zərərin və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28.11.2020-ci il tarixdə iddiaçıya məxsus “VolksWagen-Polo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, M.Əliyev küçəsi ilə “28 May” metrostansiyası istiqamətində idarə etmiş, həmin vaxt həyat yoldaşı Elmira Məmmədovada yanında olmuşdur. O, həmin yolda yerləşən M.Əliyev küçəsi ilə Azerbaycan prospektinin kəsişməsinə çatdığı zaman sağdan gələn avtomobillərə yol vermək üçün avtomobilini saxlamış, həmin vaxt avtomobilinin arxa hissəsindən hansısa avtomobilin bərk şəkildə çırpıldığını hiss etmiş, yoldaşı Elmira qorxmuş və xəsarət almışdır. Avtomobildən düşüb baxdıqda “Khazar” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilinə çırpıldığını görmüş, həmin zaman avtomobilin sahibi X2 və avtomobili idarə edən sürücü Cavabdeh2 “Khazar” markalı avtomobildə olmuşlar. Hadisə nəticəsində avtomobilinə 6280 manat məbləğində zərər dəymiş, hər iki cavabdeh dəymiş zərəri aradan qaldıracaqlarına söz versələr də, halhazıradək onunla əlaqə saxlamamış, onun telefon zənglərini cavablandırmamışlar. Həyat yoldaşının qorxması və xəsarət alması ilə bağlı keçirtdiyi sarsıntı ilə yanaşı, cavabdehlərin ona vurduğu zərərə laqeyd yanaşmaları onun keçirdiyi sarsıntını dahada artırmışdır. Cavabdehlər bu hərəkətləri ilə ona həm maddi, həm də, mənəvi zərər vurmuşlar. Hadisə nəticəsində ona və ailəsinə dəymiş, maddi-mənəvi zərərin əvəzi cavabdehlər tərəfindən ödənilməlidir. Avtomobilin sahibi (yüksək təhlükə mənbəyinin sahibi) Cavabdeh1, hadisəni törətmiş Cavabdeh2 ilə bərabər məsuliyyət daşıyır. Hadisə zamanı, Cavabdeh1 da, avtomobildə olmuş, məhz öz təkidi ilə avtomobili idarə etməyi Cavabdeh2 həvalə etmişdir. Cavabdehlər tərəfindən ona məxsus “VolksWagen-Polo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, “EURO STYLE” LTD-nin 30.11.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 6280 (altı min iki yüz səksən manat) manat zərər hesablanmışdır. Cavabdehin qanunsuz əməli nəticəsində onun və həyat yoldaşı qorxması, həyat yoldaşının vəziyyəti pisləşdiyindən X1 müraciət edilərək ona tibbi yardım göstərilməsi, avtomobilimin cəmi 5000 km yol sürülməsi, (təzə avtomobil olması) bundan başqa, Cavabdeh1 və Cavabdeh2 vurduqları zərərə qarşı laqeyd yanamşmaları onun və həyat yoldaşının dərin sarsıntı keçirməsinə səbəb olmuşdur. Dəymiş mənəvi zərəri 30000 (otuz min) manat qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirakı etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin baş təhqiqiqtçısı polis mayoru Əli Məmmədov 19.12.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, 28.11.2020ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanından İddiaçı idarə etdiyi Volkwagen markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 idarə etdiyi Khazar markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində araşdırılma aparılmış, lakin araşdırılma zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanılmasının rədd edilmiş və Khazar markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qəbul edilmiş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-na göndərilmişdir . - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin 08.01.2021-ci il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, 28.11.2021-ci il tarixli, İXP3714058 nömrəli protokola əsasən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -Yeni dövr Qiymətləndirmə Mərkəzinin 22.07.2021-ci il tarixli, 058 saylı ekspert rəyindən görünür ki, “Volkswagen-Polo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 3090 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh2 nəqliyyat vasitəsini digər Cavabdeh1 mülkiyyətində olan “Khazar” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol hərəkəti qaydalarını pozaraq 28.11.2020-ci il tarixdə, saat 22:29 radələrində yol-nəqliyat hadisəsi törədərək hazırkı cavabdeh İddiaçı mülkiyyətində olaraq idarə etdiyi “VolksWagen-Polo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş və bununla əlaqədar Cavabdeh2 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı delikt nəticəsində onun mülkiyyətində olan avtomobilə 6280 manat məbləğində ziyan dəyindiyini iddia etsədə, 22.07.2021-ci il tarixli, 058 saylı ekspert rəyindən görünür ki, “Volkswagen-Polo” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 3090 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin dəymiş maddi və mənəvi zərərin cavabeh Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbinin hansı əsaslar əsasında digər cavabdeh Cavabdeh1 tutulmasının zəruriliyini və ya Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçıya dəymiş ziyana münasibətdə təqsirliyini sübuta edə bilmədiyindən iddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə ekspert rəyində göstərilmiş məbləği ağlabatan qəbul edərək hesab edir ki, iddia tələbi maddi ziyan qismində qismən təmin edilməli, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın aradan qaldırılması və təmir bərpa işlərinin görülməsi üçün 3090 manat pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin mənəvi zərərə görə 30000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bütün bunlar məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır, odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Cavabdeh2 ekpert rəyi üzrə 100 (bir yüz ) manat, İddiaçı isə 50 (əlli) manat ekspertiza xərci tutularaq “Yeni Dövr” Ekspertiza Mərkəzinin VÖEN **********, AZ82NABZ******************** hesabına ödənilməlifir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 3090 (üç min doxsan) manat pulun və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 ekpert rəyi üzrə 100 (bir yüz ) manat, İddiaçı isə 50 (əlli) manat ekspertiza xərci tutularaq “Yeni Dövr” Ekspertiza Mərkəzinin VÖEN **********, AZ82NABZ******************** hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2171/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2171/2021
14.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver