Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-218/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin ödənilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş 10000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilən 120 manat pul vəsaitinin, cəmi 10120 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və gələcəkdə zərər vurulmasına səbəb olan hərəkətlərinin qarşısının alınması öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, 1/3, 84-cü mənzildə bacısı X1 ilə birgə yaşayır. Bir mərtəbə yuxarıda yerləşən Cavabdeh məxsus 86 saylı mənzilin sakinlərinin qanunazidd hərəkətləri nəticəsində ona məxsus mənzilə dəfələrlə zərər dəymiş, mənzilin hamam, yataq, qonaq otaqları və koridor yaşayış üçün yararsız hala düşmüşdür. Belə ki, 2007-ci ilin sentyabr ayından bu günədək həmin mənzildən daim olaraq su axıdılır, bunun nəticəsində hamam otağının divarı və tavanı, qonaq otağının sağ tərəfdən divarı və tavanı, yataq otağının divarı, tavanı və laminat döşəməsi yararsız hala düşmüşdür. Bundan başqa yataq otağında yerləşən şkafa su dolaraq içindəki çamadanlarla birlikdə, çarpayıların döşəkləri, balışlar, adyallar, yorğan, hamam otağında yerləşmiş vanna içinə dolmuş çirkli sudan yararsız hala düşmüş və atılmışdır. Dəymiş zərərlə əlaqədar dəfələrlə Mənzil Kommunal İstismar Sahəsinə, Sabunçu RPİ 13-cü PB-nə müraciət etmiş, MKİS-in nümayəndələri müvafiq akt tərtib etmişlər. 13-cü Polis Bölməsi isə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Dəfələrlə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, 1/3, mənzil 86-nın sakinlərinə bu barədə irad bildirərək evinin bərbad vəziyyətə düşdüyünü, öz mənzillərində su axıntısının qarşısının alınması istiqamətində müəyyən təmir işlərinin görülməsini deməyinə baxmayaraq, onlar laqeyd münasibət göstərib, sözlərinə məhəl qoymayıblar, illərdir öz qanunsuz hərəkətlərinə davam edirlər. Bununla əlaqədar olaraq əvvəllər də məhkəməyə müraciət etmək istəmiş, lakin 2007-ci ildə anası, 2015-ci ildə atası rəhmətə getmiş. Cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona 10000 manat maddi ziyan dəymişdir. Belə ki, mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün bərpa işləri ustalar tərəfindən təxminən 10 000 manata dəyərləndirilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçının evinə dəfələrlə su axıdılıb. Sızıntının qarşısının alınması xahiş olunmasına baxmayaraq, buna məhəl qoyulmayıb. Ekspert rəyi ilə qismən razıdır. Hazırda həmin evdə cavabdeh deyil, kirayəçilər yaşayırlar. Tavan, divar, şkaflar və çarpayılar yararsız vəziyyətə düşüb. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh Azərbaycanda yaşamır. Evin təmiri SSRİ dövrünə aiddir. Cavabdehin evində də su sızıntıları var. Həmin evdə yalnız bir otaq təmirlidi. Ekspert ehtimallara əsaslanaraq rəy verib. İddiaçı onların hesabına digər otaqları da təmir etdirəcək. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan ÖM seriyalı, 238578 nömrəli "Qeydiyyat vəsiqəsi"nin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94 məhəlləsi, 1/3 saylı evin mənzil 84 saylı mənzili İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. - xx.xx.2007-ci il tarixli aktdan görünür ki, 47 saylı MKİS-in rəisi Ə.Məmmədov, texniki A.Əliyev, mühasib R.Məmmədova, sahə müvəkkili polis-leytenantı A.Rəhimov tərəfindən 4090/94 məhəlləsinin 1/3 saylı evin 5-ci blokunun sakinlərinin şikayətləri əsasında həmin bloka baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, 80, 82, 84 nömrəli mənzillər 86 nömrəli mənzilin kanalizasiya xəttinin tutulması nəticəsində tamamilə yararsız vəziyyətə salınmışdır. - xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Sabunçu rayon 47 saylı MKİS-in texnikləri S.Quliyev və M.Cəfərov tərəfindən İddiaçı şikayət ərizəsinə əsasən yaşadığı 4090/94 məhəlləsinin 1/3 saylı evin 84-cü mənzilinə baxış keçirilmiş və həmin baxış zamanı məlum olmuşdur ki, 4090/94 məhəlləsinin 1/3 saylı evin 86-cı mənzilindən 84-cü mənzilin qonaq otağının divarına və ayaqyoluna su axıntısı olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin xx.xx.2018-ci il tarixli 075-4834M nömrəli İddiaçı ərizəsinə cavab məktubundan görünür ki, iddiaçının ərizəsində qeyd olunan faktla əlaqədar olaraq ərazi aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək məqsədəmüvafiq hesab edilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 47 saylı MKİS-in mühəndisi V.Rəşidov, texniki R.Vəliyev, fəhlə S.Quliyev İddiaçı şikayət ərizəsinə əsasən yaşadığı 4090/94 məhəlləsinin 1/3 saylı evin 84-cü mənzilinə baxış keçirilmiş və həmin baxış zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus olan 4090/94 məhəlləsinin 1/3 saylı evin 86-cı mənzilindən 84-cü mənzilə su axıntıları olmuşdur. - 47 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışdan görünür ki, İddiaçı 4090/94 məhəlləsinin 1/3 saylı evin 84-cü mənzilində yaşayır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5002 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan 84 nömrəli məzilin iki ədəd yaşayış otağı, hamam, ayaqyolu, mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, 1/3, 84 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 86 saylı mənzildən su axıdıldığı və nəticədə 84 saylı mənzilin iki ədəd yaşayış otağına, hamam, ayaqyolu, mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, 86 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 84 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək müəyyən olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 84 saylı mənzilə su sızması 86 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, 1/3, 84 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3479 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçının cavabdeh tərəfindən su sızması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən maddi ziyanın məbləği 10000 manat qeyd olunsa da, təqdim edilmiş ekspert rəyinə uyğun olaraq 3479 manat müəyyən edilməsi ağlabatan hesab edilərək, həmin məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə 121 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 10000 manat məbləğində iddianın 3479 manat hissəsi (34,79 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 34,79 faizi, yəni 42,09 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 78,91 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaitindən 34,79 faizi, yəni 34,79 manatı cavabdehə, qalan 65,21 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 3479 manat məbləğində pul vəsaiti və 42,09 manat dövlət rüsumunun əvəzi, cəmi 3521 (üç min beş yüz iyirmi bir) manat, 09 (doqquz) qəpik məbləğində pul Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza xərcinin 34 (otuz dörd) manat, 79 (yetmiş doquz) qəpik pul Cavabdeh, 65 (altmış beş) manat, 21 (qəpik) isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-218/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-218/2024
10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver