Məhkəmə qərarları › İş №2(008)-2198/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2198/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2198/2023 11.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 7000 (yeddi min) manat borcun və 90 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X1 ilə onun arasında 17145 nömrəli, 17 fevral 2022-ci il tarixli Podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən ona məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak bağlarında yerləşən fərdi yaşayış evində ümumi dəyəri 32500 manat olan təmir tikinti işləri görülməli idi. Müqaviləyə əsasən birinci mərhələdə Dizayn, Divarlar mayak, Elektrik və Santexnika işləri tam təhvil verilməklə, ikinci mərhələdə beton təbəqə, tavan alçıpan, tavana paduqa, tavana emusiya, döşəmə, hamam, mətbəx və dəhliz isti pol izolyasiya olmaqla üzləmə və kosmetik işləri olmaqla, üçüncü mərhələdə isə divarlara boya və divar kağızı, hamama moyka və sanzuel aksesuarları, istilik sistemləri, daxili qapılar, pəncərə altlıqları, hamama asma tavan, laminat, spotlar və kafel-metlax işləri görülməli idi. İlkin olaraq tərəfindən 7000 ABŞ dolları, yəni 11900 manat ödəniş edilmişdir. Bundan sonra ustalar tərəfindən 2500 manatlıq iş görüldükdən sonra onlar tərəfindən heç bir səbəb göstərilmədən çıxıb getmişlər. Tərəfindən dəfələrlə X1 əlaqə saxlanılsa da, hər dəfəsində müxtəlif bəhanələr gətirilmiş sonda isə telefonlarına cavab verilməmişdir. Bundan sonra o, məcbur qalıb, xx.xx.2022-ci il tarixində bu barədə Xəzər rayon Prokurorluğuna şikayət etmişdir. Daha sonra müraciəti Bakı şəhəri Xəzər Rayon Polis şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Polis şöbəsində araşdırma zamanı X2 izahat verərək hazırda 9500 manat borcunun olduğunu bildirmişdir. Eyni zamanda xx.xx.2022-ci ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə isə 1000 manat pul X2 tərəfindən akt əsasında TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərova təqdim etmiş və həmin pullar ona təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 17 fevral 2022-ci il tarixli, 17145 nömrəli podrat müqaviləsinin surətindən görünür ki, Podratçı Cavabdeh MMC-nin müqavilədə qeyd olunan xidmətləri və işləri görməyi xx.xx.2022-ci il tarixədək öhdəsinə götürmüş, Sifarişçi isə Podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürür. Cavabdeh MMC tərəfindən işin qiyməti və ödənişlər razılaşdırılması barədə cədvəldən görünür ki, işin dəyəri 32500 manat müəyyən edilmiş, ödəniş şərtləri 4 dəfə olmaqla, 30%-30%-30%-10% ödəmək şərtilə xx.xx.2022-ci il traixdə 11900 manat ödənilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli, 17145 saylı müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması barədə protokolun surətindən görünür ki, işin qiyməti və ödənişlər razılaşdırılması barədə cədvəldən görünür ki, mənzilim ümumi təmiri, çöl fasadın suvağı və emulsiyası, damın bərpası 150 kv.m ev üçün 32500 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, 10 gün ərzində müqavilə üzrə öhdəliyi yerinə yetirilməsini və 7000 manat qalan borcu ödəməyi xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xəzər Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı polis mayoru Rəhim Allahverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ilə bağladığı müqaviləyə əsasən Xəzər rayonu, Mayak bağlarında fərdi yaşayış evində təmir tikinti işləri görəcəkmiş. Bunun müqabilində ondan 7000 ABŞ dolları almışdır. Həmin gündən qeyd olunan ünvanda təmirtikinti işləri başlamışdır. Təxminən 20 gündən sonra Samirə ona zəng edərək ustalarının yavaş işləməsini bildirərək işi dayandırmağı və çıxıb getmələrini tələb etmişdir. Buna görə də o, işi dayandırmış, görülən işi hesablayıb 2500 manat olmasını müəyyən etmişlər. Hazırda isə onun İddiaçı 9500 manat borcu olmasını bildirmiş və yaxın zamanda borcu qaytaracağına söz vermişdir. O, əlavə olaraq işin onun tərəfindən deyil, İddiaçı tərəfindən dayandırılmasını bildirmişdir. Eyni zamanda sözügedən qərarda göstərilmişdir ki, X2 xx.xx.2022-ci il tarixdə 1500 manat, xx.xx.2022-ci il tarixdə isə 1000 manat pulu İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən pullu kreditora dəymiş zərərin əvəzini ödəməyə pulludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş pullu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, pullu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada podrat müqaviləsi bağlanaraq, cavabdehə müqavilənin ilkin mərhələsi üçün xx.xx.2022-ci il tarixdə 7000 ABŞ dolları pul vəsaiti verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddiaçı tərəfindən cavabdehə 7000 ABŞ dolları məbləğində pul vəsitinin ödənilməsinə baxmayaraq cavabdeh yalnız 2500 manat qiymətləndirilmiş dizayn işləri gördükdən sonra mənzildə heç bir tikinti təmir işləri aparılmadan mənzili tərk etmişdir. Bundan sonra cavabdeh iddiaçıya qaytarmalı olduğu puldan cəmin 2500 manat olan hissəsini qaytarmış yerdə qalan hissəsini qaytarmadığından, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.. Bundan başqa məhkəmə iddia tələbinin 90 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 7000 (yeddi min) manat məbləğində pul və 90 (doxsan) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar