Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2216/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "10000 manat məbləğində pulun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "10000 manat məbləğində pulun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri 11 saylı Notariat Ofisində Qazaxıstan Respublikasının vətəndaşı Cavabdehlə xx.xx.2022-ci il tarixli 3M-303 reyestr nömrəli faizsiz borc müqaviləsi bağlamışdır. O, cavabdehə 10000 manat məbləğində pulu borc vermiş, cavabdeh isə həmin məbləği xx.xx.2022-ci ilədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Bununla bağlı o, cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahə ünvanına borc müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməsinin təmin etməsi barədə məktub göndərmiş, lakin cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, cavabdeh hal-hazırda ölkə xaricindədir, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında cavabdehin barəsində cinayət işi vardır və cavabdeh həmin cinayət işi üzrə axtarışdadır. Cavabdeh pul lazım olduğundan iddiaçı borc müqaviləsi ilə 10000 manat borc pul vermişdir. Cavabdeh iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə görə, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə, iddiaçının nümayəndəsi isə yazılı ərizə ilə razılıq verdiyinə görə işə qiyabi icraat qaydasında baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, tərəflər xx.xx.2024-cü ildə Bakı Şəhəri 11 saylı Notariat Ofisində 3M-303 reyestr nömrəsi ilə təsdiq olunmuş kredit müqaviləsi bağlamışlar. İddiaçı borc verən, Cavabdeh borc alan adlandırılmışlar. Həmin müqavilədə aşağıdakı şərtlər nəzərdə tutulmuşdur:
1. "Borc verən" "Borc alana" 10000 manat məbləğində pul borc verir.
2. "Borc alan" borcu xx.xx.2022-ci ilədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər.
4. Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. "Borc alan" borc müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən borcu qaytara bilər.
6. "Borc alan" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissəhissə notariusun depozit hesabı vasitəsilə həyata keçirir.
7. Ödəniş müddətinin keçirilməsi haqqında borclunun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.
8. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödemədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
10. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İşdə olan, Bakı Şəhəri 11 saylı Notariat Ofisində 3M-303 reyestr nömrəsi təsdiq olunmuş xx.xx.2022-ci il tarixli "Kredit müqaviləsi"ndən görünür ki, iddiaçı cavabdehə 10000 manat məbləğində pul borc vermiş, cavabdeh isə həmin pulu xx.xx.2022-ci ilədək qayatarmağı öhdəsinə götürmüşdür. İşdə olan TT**********0910000 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı Şəhəri 11 saylı Notariat Ofisinin hesabına xx.xx.2022-ci tarixli 253 nömrəli kredit müqaviləsinə əsasən 10000 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normalarına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (739.1-ci maddə) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (739.2-ci maddə) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2-ci maddə) Sadalanan normaların birgə təhlilindən görünür ki, tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş formada bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. İddiaçı tərəfindən 10000 manat məbləğində pulun cavabdehə verilməsi notariat işində olan qəbzlə təsdiq olunur. Lakin cavabdeh həmin pulu qaytarmamış, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı cavabdehdən həmin pulun tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırkı iddia təmin edildiyi üçün məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
Nəticə hissəsi:
Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10000 manat məbləğində borc və 120 manat məbləğində dövlət rüsumu, cəmi 10120 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamədən apellyasiya şikayəti Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir.
X3.