Məhkəmə qərarları › İş №2(008)-2217/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2217/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2217/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 2000 (iki min) manat məbləğində cari borcun, iddia ərizəsinin tərtib olunması üçün tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaitinin və 41 (qırx bir) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2111 (iki min bir yüz on bir) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə il bundan öncə Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini borc vermişdir. Cavabdeh təxminən 1 il bundan əvvəl onun təkidləri nəticəsində yalnızca sözügedən borc məbləğinin bir hissəsini, yəni 1500 (bir min beş yüz) manat məbləği ona hissə-hissə ödəmişdir. Lakin cavabdeh qalıq borc məbləğini qaytaracağını vəd etsə də, bu günədək öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə olan təqdirdə Cavabdeh qanunsuz əməllərinə görə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə şikayət olunmuş, fəqət bölmə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin iş araşdırılan zaman Cavabdeh hüquq mühafizə orqanında ona 2000 (iki min) manat pul vəsaiti borcu olduğunu özü etiraf etmişdir. Göründüyü kimi Cavabdeh törətdiyi əməli etiraf edərək, ondan aldığı pul vəsaitini geri qaytarmadığını, pul vəsaitini qaytarmaq üçün maddi imkanı olmadığını təsdiq etmişdir. Onun öz ifadəsi ilə ona 2000 (iki min) manat məbləğində pul vəsaitini verməsi təsdiq olunur və maddi sübut qismində çıxış edir. Odur ki, bununla əlaqədar olaraq Cavabdeh tərəfindən alınmış 2000 (iki min) manat məbləğində pul vəsaitinin ona qaytarılması qanunauyğundur. Məhz bu xüsusatlara görə son ümid yeri olaraq Cavabdeh tərəfindən alınmış 2000 (iki min) manat məbləğində pul vəsaitinin, əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin tərtibatına görə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 2000 manat məbləğində cari borc pulun, iddia ərizəsinin tərtib edilməsi üçün 70 manat məbləğində pulun, 41 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödədiyi 300 manat pulun, cəmi 2411 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddiaçının izahatındakı xüsusatları təsdiq etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçının irəli sürdüyü iddia tamamilə əsassızdır, o iddiaçıdan borc pul almamış, ümumiyyətlə, onların arasında borc münasibətləri olmamışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, İddiaçı ilə eyni kənddə yaşayır, xalası nəvəsidir, həm də iş yoldaşı olmuşdur. Cavabdehla isə qonşudur. O, təxminən 2-3 il əvvəl, 2020-2021-ci ilin yay aylarında İddiaçı götürdüyü 3500 manat borc pulu qaytarmaq üçün İlahəgilə gələndə Sərdarla həyat yoldaşı bir yerdə olmuş, onları görmüşdür. Sərdarın həyat yoldaşının adını xatırlamır. Onun verdiyi pul manatla idi. İlahə onun yanında pulu götürüb saymış və Sərdarla həyat yoldaşına vermişdir. Məbləğini dəqiq bilmir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirdi ki, o, İddiaçı kürəkənidir, Sərdarı əvvəl tanımamış, münasibəti olmamışdır. 2021-ci ilin yay ayında axşamüstü Sərdar İlahə xanımdan pul istəmiş, o da Sərdara pul vermişdir. Sərdar pul istəməyə tək gəlmişdi. O, İlahə xanımın Sərdara 3500 manat pulu verdiyini şəxsən görmüşdür. Fərman da orda idi, məbləğ manatla idi. Həmin vaxt Sərdarın yanında həyat yoldaşı yox idi. İlahə xanımın dediyinə görə Sərdar həmin puldan 1000 manatdan bir qədər çox qaytarmışdır. Onlar Maştağada görüşmüş, Sərdar pulu hissə-hissə qaytaracağını bildirmiş, həmin vaxt orada onlardan başqa heç kəs olmamışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır. Belə ki, İlahə xanımın həyat yoldaşı ilə dost olmuş, İlahə xanımla bir universitetdə təhsil almış, uşaqlıqdan valideynləri bir-birini tanımışlar. Sərdar bəy həmişə borcu, çətinliyi olanda ona zəng etmiş, o da problemlərini həll etməyə çalışmışdır. O, tərəflər arasında pulun alınıbverilməsində iştirak etməmişdir. Amma onu bilir ki, İlahə xanıma qarşı bir çox haqsızlıqlar olmuş, uşaqlarını təkbaşına böyüdür. O, dəfələrlə Sərdar bəyə demişdir ki, İlahə xanıma olan borcunu qaytarsın. Sərdar isə borcunu hissə-hissə ödəyəcəyini ona bildirmişdir. İlahə xanımın deməsinə əsasən Sərdar bəy ona olan borcundan 1500 manat pul ödəmiş, 2000 manat borcu qalmışdır. Həmin məbləği sadəcə İlahə xanımın deməsinə əsasən bilir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, o, İlahə xanımı tanıyır, dostunun həyat yoldaşı olub. Sərdar bəyi isə tanımır. İlahə xanım 14-cü polis bölməsinə yazılı müraciət etmişdir. İlahə xanım ona telefonla zəng edib Sərdar bəyin ünvan-əlaqələrini soruşmuş daha sonra axşam saat 10-11 radələrində o, sahə inspektorları ilə Sərdar bəyin evinə getmişdir. Qapıya Sərdar bəy, yoldaşı və oğlu çıxmışdır. Sərdardan İlahə xanımı tanıyıb-tanımadığını və ona olan borcu barədə soruşmuşlar. Sərdar onlara İlahə xanımı tanıdığını bildirmiş, ona borcunun olduğunu təsdiqləyərək, geri qaytaracağını demişdir. Hətta həyat yoldaşı da Sərdar bəyə borcunu geri qaytarmasının artıq vaxtı olduğunu və ödəməsini, onun əvəzinə hər dəfə borc verməkdən yorulduğunu demiş və aralarında kiçik mübahisə olmuşdur. Onların yanında olan polis əməkdaşı Samir bəy Sərdar bəyə sabah polis bölməsinə gəlməsini bildirmişdir. Tərəflərin arasında olan borc məbləği barədə dəqiq məlumatı yoxdur, amma onu deyə bilər ki, polis əməkdaşı Sərdar bəyə İlahə xanıma 1500- 2000 manat arası borcu olduğunu demiş və Sərdar bəy bu borcu təsdiqləmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, toplanmış materialda heç bir cinayət tərkibi olmadığından mülki qaydada məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. - xx.xx.2024-cü il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin yazılması üçün Bakı şəhəri 34 saylı Vəkil Bürosunun hesabına 70 manat məbləğində pul ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən «...mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında yaranmış şifahi borc müqaviləsinə istinad edərək, sonuncudan 2000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları, yəni cavabdehə hansı tarixdə 3500 manat məbləğində borc pul verməsinə, hazırda cavabdehin ona 2000 manat pul borclu olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi heç bir sübuta söykənmir, sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Bundan başqa, iddiaçı iddiasının şahid ifadələri ilə sübut olunduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı borc pulun verilməsinə əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Məhkəmə iclasında dindirilmiş şahid ifadələri bir-biri ilə ziddiyyət təşkil etməklə, bir-birini tamamlamamışdır. Bu səbəbdən məhkəmə şahid ifadələrini iddiaçının tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar