Məhkəmə qərarları › İş №2(008)-2242/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2242/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2242/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.02.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli 2(008)-3891 saylı qətnaməsi ilə tutulan aliment miqdarını artıraraq hər ay 193 manat sabit pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 27 aprel 1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan iki uşağı - 24.10.1993-cü il təvəllüdlü X4 və 21.02.2007-ci il təvəllüdlü X5 doğulmuşdur. Münasibətləri pozulduğundan cavabdehlə nikahı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(008)-577/2011 saylı qətnaməsinə əsasən pozulub. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli 2(008)-577/2011 saylı qətnaməsi ilə 21.02.2007-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 40 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda Respublikada mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir. Qeyd edilən qanun normalarına istinadən hesab edir ki, 21.02.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli 2(008)-577/2011 saylı qətnaməsi ilə Cavabdeh Əşraf oğlundan tutulan aliment miqdarı artırılaraq, hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan, Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ saylı 901913 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21.02.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-577/2011saylı, 24 may 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 27 aprel 1991-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon VVADQ şöbəsində 372 nömrəli qeyd edilmiş nikah pozulmuş, 24.10.1993-cü ildə anadan olmuş X3 və 21.02.2007-ci il tarixdə anadan olmuş X5 anaları İddiaçı yanında qalmış, Cavabdeh 24 may 2011-ci il tarixdən başlayaraq hər ay 40 (qırx) manat tutulub 21.02.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-577/2011 saylı, 24 may 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 40 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı qızına verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli 2(008)- 577/2011saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. 21.02.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar