Məhkəmə qərarları › İş №2(008)-2252/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2252/2020

20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2252/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı Rəsul oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Rəsul oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə tələbində dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Rəsul oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının alınması üçün ödədiyi 15 000 manat pulun cavabdehdən alınaraq ona verilməsi, tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək Cavabdeh ondan aldığı 15000 manatdan qaytardığı 2200 manat çıxmaqla 12800 manat pulun tutulmasını, 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrimə tutulmasını, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfimdən ödənilmiş 300 manat pulun tutulmasını, ümumilikdə isə 13130 manat pulun cavadebhdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə alqı-satqı işləri ilə əlaqədar tanış olmuşdur. Alqı-satqının məğzi mülkiyyətində olan ** VH *** dövlət nömrə nişanlı BMW markalı X6 modelli avtomaşının satılması ilə əlaqədar olmuşdur. Razılaşmaya əsasən avtomaşın bankda girovda olduğundan avtomaşına 15 000 manat nəğd, qalan 13 680 manat pulun isə aylıq olaraq 1000 manat banka ödəməklə razılaşmışlar. Şifahi razılığa əsasən tərəfindən şahidlərin yanında 15 000 manat nəğd surətdə cavabdehə vermişdir. Bununla bağlı cavabdeh mülkiyyətçisi olduğu avtomaşınla bağlı ona notariat orqanında 2021-ci il tarixədək etibarnamə vermişdir. Lakin, cavabdeh 3 fevralda onun yanına gələrək bildirmişdir ki, avtomaşının banka olan borcunu tam bağlamaq lazımdır. O, buna etiraz edəndə cavabdeh avtomaşını başqa şəxsə satacağını bildirmişdir. Bununla da ona maddi ziyan vurmuşdur. Cavabdeh avtomaşın üzrə ondan aldığı 15 000 manat puldan ona 2200 manat pulu 2019-cu ilin fevral ayında qaytarmış, qalan pulu isə tez bir zamanda qaytarması vədini versə də, buna əməl etməmişdir. Göstərilən səbəbdən ağır maddi vəziyyət düşmüşdür. Məhkəmə iclasında İddiaçı Rəsul oğlu iddianı müdafiə edərək iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında qeyd etdi ki, "BMW X6" markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili 2014-cü ildə "Bank Standart"a girov qoymaqla kredit qismində 45 000 manat pul götürmüşdür. 2015-ci il taixədək avtomobilin hər ay banka olan borcunu ödəmişdir. 2015-ci ilin mart ayında isə maddi vəziyyəti ilə əlaqədar olaraq avtomobili qızının yoldaşı Turala vermişdir. Tural avtomobili ondan alandan sonra iki ay hər ay 1500 manat ödəniş etmiş, sonra isə avtomobili Ramid adlı şəxsə 1500 manata sataraq banka olan borcun Ramid tərəfindən bağlanacağı barədə sonuncu ilə razılığa gəlmişlər. Lakin, Ramid həmin avtomobili 4-5 ay sürüb ödəniş etmədiyi üçün avtomobilə görə bank onu məhkəməyə vermişdir. İran İslam Respublikasına xəstəliyi ilə əlaqədar gedən zaman Astarada onu sərhədçilər saxlamış və banka borcunun olduğunu bildirmişlər. Bununla əlaqədar Binəqədi rayon icra şöbəsinə getmiş və ölkədən çıxışına "stop" qoyulduğunu öyrənmişdir. Bu səbəbdən qardaşı Vüsala etibarnamə vermiş, Vüsal onun adından ərizə yazmış və avtomobilə həbs qoyulmuşdur. Bir neçə ay sonra avtomobil DYP əməkdaşları tərəfindən saxlanılaraq duracağa qoyulmuşdur. Qardaşı Vüsal Elçin adlı icraçı ilə görüşüb və onların təklifi ilə bankın nümayəndəsinin iştirakı ilə avtomobil Elvin Ələkbərov adlı şəxsə verilmişdir. Bir müddət sonra Kamran adlı icraçı onları çağırıb avtomobilə görə borcun ödənilmədiyini bildirmişdir. Vusal ərizə yazmış və təkrarən avtomobilə həbs qoyulmuşdur. Kamranın verdiyi nömrələrə qardaşı zəng etmiş və Ramid adlı şəxs ortaya çıxaraq avtomobilin onda olması barədə məlumat vermişdir. Ramidə inanıb etibarnamə vermiş, lakin sonradan avtomobilin onda deyil, Ceyhun adlı şəxsdə olduğunu öyrənmişlər və Ramidə verdikləri etibarnaməni bir neçə gün sonra ləğv etdirmişdir. Həmin vaxtdan sonra Ceyhun avtomobilin banka olan borcunu tam ödədiyi üçün DYP-də avtomobilin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Avtomobillə bağlı onun cavabdeh heç bir borcu yoxdur. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırkı işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir. Cavabdeh «Bank Standart»dan 45 000 manat kredit götürərək «BMW X6” markalı ** VH *** dövlət dövlət qeydiyyat nişanlı avtomobili (sonradan – mübahisəli avtomobil) əldə etmiş, eyni zamanda həmin avtomobili həmin Bankda girov qoymuşdur. Müəyyən vaxt kredit üzrə borcunu ödəsə də, sonra ödəyə bilməmiş, avtomobili qızının ərinə vermiş, o, isə avtomobili hazırki iş üzrə İddiaçı vermişdr. Onların, yəni cavabdehin qızının əri ilə iddiaçının aralarında ödənişlə əlaqədar müəyyən münasibətlər yaranmış, həmin münasibətlər yoluna qoyulmuş və hər hansı pretenziya yaranmamışdır. Bu halı iddiaçı özü təsdiq etmişdir. Avtomobil iddiaçıda qalmış, o, kredit borcu bağlamağa söz vermiş, bu səbəbdən Cavabdeh mübahisəli avtomobillə bağlı müəyyən hərəkətləri etməyə dair iddiaçıya xx.xx.2019-cu il tarixdə 2 il müddətinə etibarnamə vermişdir (Bakı şəhəri 27 saylı notariat ofisində reyestrdə 7E-581 nömrə ilə qeydə alınmış etibarnamənin surəti). Lakin həmin etibarnamə 10 gün sonra xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir (1 saylı Bakı Asan Xidmət mərkəzində notariat kontorunun notariusu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktub). Sonradan cavabdeh mübahisəli avtomobili digər bir şəxsə satmışdır. İşin mübahisəli halları aşağıdakıdır. İddiaçının dediyinə görə o, 15 000 manat cavabehə vermiş, cavabdeh isə bu halı inkar edir. Cavabdehin dediyinə görə söz verilən məbləğ ona iddiaçı tərəfindən ödənilmədiyindən onun tərəfindən iki il müddətinə verilmiş etibarnamə 10 gün sonra ləğv edilmişdir. Hazırda iddiaçı cavabdehdən 12800 manat pulun, 30 manat dövlət rüsumunun, avtomaşının ehtiyat açarının hazırlanması üçün tərəfimdən ödənilmiş 300 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iddiaçı tərəfinin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də, tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün iddiaçı X2 cavabdeh X3 qarşı mənəvi zərərin ödənilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar