Məhkəmə qərarları › İş №2(008)-2256/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2256/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2256/2022 27.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızınınsədrliyi, Məhkəmə iclas katibi X4katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat əsas borc 1200 manat dəymiş ziyana görə 1000 manat mənəvi ziyana görə, yəni 3500+1200+1000=5700 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X5 yaxından tanıdığı Mirzəyev Həsənin vasitəsi ilə 29 iyul 2021-ci ildə "Koroğlu" metrosunun üstündə Cavabdeh 3500 (üç min beş yüz) manat borc pul vermişdir, 2 ay müddətinə Cavabdeh bunu yazlı şəkildə imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 329-2-ci maddəsinə əsasən əqidlər şifahi və ya yazılı şəkildə (sadə və notarial formada) bağlanır. Cavabdeh 8 ay müddət keçməsinə baxmayaraq borcu qaytarmaqdan imtina edir. İddiaçı X5 məhkəməyə müraciyyət etmişdir. Həm borcun qaytarılmasını həm də 29 iyul 2021-ci ildən 2022- ci ilin fevralına qədər müddətdə əldən çıxmış fayda və mənəvi ziyana görə pul tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsini 448-1 maddəsinə əsasən borclu öz öhdəlyini hər bir təqsir pozuntusu ( hərəkət və hərəkətsizlik) üçün məsuliyət daşıyır. Borclunu təqsirə görə yəni qərəzli və ya kobud ehtiyatsızlıqa görə məsuliyətdən azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən dəymiş ziyana görə 1200 manat, mənəvi ziyana görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 12-ci maddəsinə əsasən 1000 manat tələb etməlidir. Cavabdeh əsas borc 3500 manat dəymiş ziyana görə isə 1200 manat, mənəvi ziyana görə 1000 manat yəni 3500+1200+1000=5700 manat ödəməlidir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edənə iddiaçi X5 iddia ərizəsinin məzmununua uyğun izahat verərək, cavabdehin xx.xx.2022-ci il tarixdə ümumi borcdan 1500 manat ödəniş etdiyini bildirmişdir və buna dair cavabdehin əlyazısı ilə yazılmış iltizamı məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında xx.xx.2021-ci il tarixli əl yazmadan görünür ki, Cavabdeh tanışı Mirzəyev Həsənini vasitəciliyi ilə iki ay müddətinə iddiaçı X1 3500 manat borc pul almışdır. İş materiallarında xx.xx.2022-ci il tarixli əl yazmadan görünür ki, Cavabdeh ehtiyacı olduğundan görə tanışları Mirzəyev Həsən və Ağayev Ağamirin vasitəsi ilə xx.xx.2021-ci ildə X1 3500 manat borc pul almış və dəymiş ziyanı ödəmək şərtilə indiyə qədər borcununu 1500 manatını ödəmiş qalan pulunu ödəyəmə yerinə yetirəcəyini bildirmişdır. 33299420 seriyalı dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması üçün 79 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən 3500 manat əsas borcun tutulması hissəsinə müanibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, mülki iş üzrə məhkəmə araşdırması zamanı, o cümlədən Cavabdeh əlyazmasında müəyyən olunur ki, Cavabdeh iddiaçı X5 qeyd edilən 3500 (üç min beş yüz) manat məbləğində pul almışdır və həmin pul vəsaitindən 1500 (bir min beş yüz) manatını ödəmiş, qalan 2000 (iki min) manatı ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh 1200 manat dəymiş ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ona maddi ziyanın dəyməsini, bunun məbləğini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bundan başqa məhkəmə iddia tələbinin Cavabdeh 1000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 79 manat məbləğində dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar