Məhkəmə qərarları › İş №2(008)-2258/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2258/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2258/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona təhvil verilmiş avadanlığın 2277,40 manat dəyərində vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE************02107131; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İbayev X2 rayon Məhkəməsinin 1(012)-122/2022 №-li, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 08 günmüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Aynur Yadigarova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla bir ədəd «Attenti» markalı 35654687 №-li elektron nəzarət vasitələri məhkum hazırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh cəzası bitmiş və həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Lakin, o, ona tədbiq edilmiş elektron nəzarət vasitələrini gətirib Bakı şəhər Probasiya İdarəsinə təhvil verməmiş, onunla əlaqə yaratmaq mümkün olmadığından həmin nəzarət vasitələrin ondan götürülməsi mümkün olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştiarkı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 1(012)-122/2022 №-li, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 08 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, məhkum Cavabdeh «Attenti» markalı 35654687 №-li elektron nəzarət vasitələri təhvil verilmiş, onunla söhbət aparılmış və azadlığın məhdudlaşdırılması cəzası ilə əlaqədar məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri, ümumi qaydalar və məsuliyyəti ona izah edilmiş, məhkuma bu nəzarət avadanlıqlarının istifadə qaydaları izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmiş, həmçinin həmin vasitəni zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. "xxxx" QSC tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, «Attenti» markalı elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir. Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh cəzası bitmiş və həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçı cavabdehdən elektron qolbağın kəmərə keçən hissəsi 2277,40 manat dəyərində vəsaitin tutulmasını istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddianın əsaslı və qanuni olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, hökmün icrası ilə əlaqədar cəza çəkdiyi müddətdə cavabdehin üzərinə quraşdırılmış və ondan təhvil alınmış «Attenti» markalı elektron nəzarət vasitələri iddiaçıya qaytarılmamış, bununla da cavabdeh tərəfindən 2277,40 manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 manat dəyərində vəsait alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE************02107131; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********) köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron mobil qurğu 2277,40 manat dəyərində vəsait alınıb Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab:AZ66CTRE************02107131; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar