Məhkəmə qərarları › İş №2(008)-227/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-227/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-227/2023 12.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ondan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5393,98 ABŞ dolları əsas, 15.895 ABŞ dolları faiz, 10.604,56 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 31.893,78 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə 26 faiz dərəcəsi ilə 5900 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin o, müqavilə üzrə şərtləşdirilmiş dövri ödənişləri vaxtlı-vaxtında ödəməmiş və nəticədə tələbdə göstərilən məbləğdə borcu qalmışdır. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Nümayəndə həmçinin ona verilən suala cavab olaraq bildirdi ki, tərəflər arasında bağlanmış girov müqaviləsinin hazırkı vaxt üçün faktiki olaraq heç bir əhəmiyyəti yoxdur. Belə ki “Sədərək” ticarət mərkəzində yerləşən ticarət nöqtələri cavabdehin mülkiyyətində deyil, dövlətə məxsusdur, cavabdeh icarə müqaviləsi əsasında həmin obyektdən istifadə edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, iddiaçıya olan borcunu tam şəkildə ödəmiş, onun hazırda heç bir borcu qalmamışdır. Hətta iddiaçıya kompensasiya belə ödənilmişdir. Lakin iddiaçı borcun tam ödənilmədiyi qənaətindədirsə, bu halda, aralarında bağlanmış girov müqaviləsinə əsasən, girov predmeti olan “Sədərək” ticarət mərkəzində yerləşən obyektinin satılmasına iddiaçının razılıq verməsini istəyir. Çünki həmin obyektin satışından əldə ediləcək vəsait hesabına iddiaçının hazırda ondan tələb etdiyi borc tamamilə ödənilmiş olacaqdır. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, özünün maddi vəziyyəti aşağıdır, tələb olunan məbləğ isə həddən artıq yüksəkdir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №190/15/PB/YF saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə illik 26% dərəcəsi ilə 2 aylıq güzəşt tətbiq edilməklə 5900 ABŞ dolları məbləğində kredit verilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №190/15/PB/YF saylı Daşınar əmlakın girov müqaviləsindən görünür ki, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, №190/15/PB/YF saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə, tərəflərin qarşılıqlı razılığına əsasən, bank tərəfindən 10.000 manat dəyərində mal qalığı girov götürülmüşdür. - xx.xx.2015-ci il tarixli, №190/15/PB/YF saylı Kredit müqaviləsinin ayrılmaz və tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, borcalan xx.xx.2015-ci ildən xx.xx.2018-ci ilədək banka 5900 ABŞ dolları əsas, 2735 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 8635 ABŞ dolları məbləğində ödəniş etməli olmuşdur. - xx.xx.2021-ci il tarixli bildirişlə iddiaçı tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi məqsədilə xəbərdarlıq edilmiş, lakin məktub çatdırılmamışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 3618/2016 saylı qərarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə çevrilmişdir. - xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5393,98 ABŞ dolları əsas, 15.895,24 ABŞ dolları faiz, 10.604,56 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 31.893,78 ABŞ dolları məbləğində borcu vardır. - Məhkəmə qərardadı əsaında təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 9/3225 nömrəli ekspert rəyi ilə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin qüvvədə olma müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 5.402,93 ABŞ dolları əsas, 3.921,63 ABŞ dolları faiz borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci və 103.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti Cavabdeh əsas borcun ödənilməsini tələb etməkdə haqlı olsa da, bank tərəfindən faiz borcu yüksək məbləğdə hesablanmışdır. Ona görə də, məhkəmə faiz borcunun müəyyən edilməsi ilə bağlı ekspert hesablamasına əsasən gəlinmiş nəticəni daha obyektiv və işin hallarına uyğun sayır. İş üzrə təqdim edilmiş ekspert rəyi və araşdırılmış digər sübutlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, 5.393,98 ABŞ dolları əsas, 3.921,63 ABŞ dolları faiz borcu Cavabdeh İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin hesabına tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 300 ABŞ dolları məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5.393,98 ABŞ dolları əsas, 3.921,63 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9615,61 ABŞ dolları məbləğində borc pul vəsaiti İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edildiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin əvəzi olan 100 manat xidmət haqqı Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən tələbi təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə 5.393,98 ABŞ dolları əsas, 3.921,63 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9615,61 (doqquz min altı yüz on beş dollar, altmış bir sent) ABŞ dolları məbləğində kredit borcu tutulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyərinin əvəzi olan 100 (bir yüz) manat ekspertiza xərci cavabdehdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar