Məhkəmə qərarları › İş №2(008)-2273/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2273/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2273/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3, X8 və Qarazadə Cavid İman oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər X3, X8 və Qarazadə Cavid İman oğluna qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Cavabdeh vərəsələri X2, X4 və Qarazadə Cavid İman oğlundan iddiaçı “X10” ASC-nin xeyrinə 4998,30 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Cavabdeh vərəsələri Qarazadə Cavid İman oğlundan, X4 və X2 "xxxx" ASC-nin xeyrinə 4898,30 manat əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sabunçu” filialı ilə Cavabdeh arasında bağlanmış 19.06.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 48 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Borcalan Cavabdeh 19.06.2019-cu il tarixdə vəfat etmişdir. Bakı şəhəri 17 saylı Notariat ofisinin 02.10.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və arvadı X3, X8 və Qarazadə Cavid İman oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 07.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş 4998,30 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.06.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 48 ay müddətinə, illik 20 % ödəmək şərtilə, 5000 manat məbləğində kredit verməyi, borcalan müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.06.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 19.07.2019-cu il tarixdən 19.05.2023-cü il tarixədək banka hər ay 152,20 manat, 19.06.2023-cü il tarixdə isə 148,74 manat olmaqla, ümumilikdə 7302,14 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.06.2019-cu il tarixli məxaric orderindən müəyyən olunur ki, Cavabdeh həmin tarixdə "xxxx" ASC-nin Sabunçu filialından 4950 manat pulu qəbul etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev İmran Qara oğlu 19.06.2019-cu il tarixdə kəskin miokard infarkt səbəbindən, Bakı şəhərində ölmüşdür. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev İmran Qara oğlu ilə X7 rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X11 və Qarazadə Cavid İman oğlunun atası Qarayev İmran Qara oğlu, anası X5r. İş materiallarında olan 26.10.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19.06.2019-cu il tarixdə ölmüş Qarayev İmran Qara oğlunun vərəsələri X9, Qarazadə Cavid İman oğlu və X11 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respubliaksının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 07.10.2019-cu il tarixli məktubuna əsasən, Qarayev İmran Qara oğlunun adında qalmış 7822,49 manat vəsaitdən ibarətdir. İş materiallarında olan 25.12.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19.06.2019-cu il tarixdə ölmüş Qarayev İmran Qara oğlunun vərəsələri X9, Qarazadə Cavid İman oğlu və X11 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Miras əmlak Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsi Qİİ tərəfindən verilmiş 02.06.2016-cı il tarixli, AC640505 saylı qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış nömrəsi 2006 olan “Nissan Sunny” minik markalı, **- US-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan 27.11.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3, X8 və Qarazadə Cavid İman oğluna kredit borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 12.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 19.06.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə 101,70 manat ödəniş edilmiş, 4898,30 manat ödənilməyən əsas borc qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Plenum Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Qarayev İmran Qara oğlu arasında kredit müqaviləsi bağlanmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Qarayev İmran Qara oğlu kredit götürdüyü gün vəfat etdiyindən, öhdəliyi icra etmək mümkün olmamışdır. İş materialları ilə Qarayev İmran Qara oğlunun vərəsələrinin X9, X11 və Qarazadə Cavid İman oğlu olması sübuta yetirildiyindən, onlar 19.06.2018-ci il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə məsuliyyət daşımalıdırlar. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, cavabdehlər X2, X4 və Qarazadə Cavid İman oğlundan 19.06.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 4898,3 manat əsas borc, ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi 30,40 (otuz manat qırx qəpik) manat tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X2, X4 və Qarazadə Cavid İman oğlundan 19.06.2019-cu il tarixli, BPM**********69 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 4898,30 (dörd min səkkiz yüz doxsan səkkiz manat otuz qəpik) manat əsas borc, ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi 30,40 (otuz manat qırx qəpik) manat tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar