Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2304/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin may ayında əvvələr tanıdığı Mehman adlı makler bildirmişdir ki, ünvan 1 ünvanda sərfəli qiymətə torpaq sahəsi mövcuddur. Mehmanla birlikdə yerə baxmış, orada olan İbrahim adlı şəxs bildirmişdir ki, yerin sahibi hazırda Almaniyada yaşayır, torpaq sahəsinin üzərində yerləşən əmlak özəldir, torpaq özəlləşdirilməyib, bunun üçün pul lazımdır. Əmlak Komitəsi tərəfindən bildirmişdir ki, əmlak kompleksi uzun illərdir istismar edildiyi üçün özəlləşdirmə zamanı torpağın sahibinə güzəşt olunacaqdır. Bu halda torpağın ilkin olaraq əmlak sahibinin adına özəlləşdirilməsi düzgün hesb edimiş, pulun veriləcəyi halda bir ay ərzində torpağın özəlləşdirib sənədlərlə birlikdə iddiaçıya təhvil verəcəyi bildirilmişdir. X3 demişdilər ki, iddiaçı torpağın özəlləşdirilməsinə 250000 manat, əlavə olaraq da yerin sahibinə 290000 manat pul verməlidir. İlkin razılıq əldə edilmişdir. Bu səbəblə İbrahimlə Mehman tərəfindən iddiçıdan ilkin olaraq 10000 manat pul alınmışdır. Bir həftə sonra yerin sahibi Cavabdeh iştirakı ilə də müzakirə aparmışdılar. İlkin olaraq özəlləşdirmə üçün tələb olunan 250000 manat pulun, digər məbləğin, yəni 290000 manatın torpaq sahəsi özəlləşdiriləndən sonra yekunda veriləcəyi barədə tərəflər arasında razılaşma əldə edilmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli Beh Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, Cavabdeh (beh alan) və İddiaçı (beh verən) xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanda yerləşən 461,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dair 550000 manata alqı-satqı müqaviləsi bağlamağa öhdəlik götürmüş, beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250000 manat behin verilməsi, digər məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışdılar. Beh müqaviləsi üzrə pul iddiaçı tərəfindən Cavabdeh təhvil verilməmişdir. Daha sonra barəsində ilkin razılaşma əldə olunmuş sahə ilə bağlı iddiaçı tərəfindən çoxsaylı görüşlər keçirilmiş, bir neçə şəxslə mütəmadi əlaqə saxlanılmış, həmçinin xeyli miqdardı pul verilmişdir. Proses iki ilə yaxın davam etmiş, lakin iddiaçıda artıq ciddi şübhələr yaranmış, sonra isə həqiqətən də adları çəkilən şəxslər tərəfindən iddiaçıya qarşı dələduzluq edilərək külli miqdarda pulunun mənimsənliydiyi müəyyən edilmişdir. Bu əsasla hüquq mühafizə orqanlarına müraciət olunmuş və həmin müraciət əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X6, X1 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4-cü maddələri, X2 həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və həmin iş üzrə təqsirləndirilən şəxslərin məhkum edilməsinə dair hökm çıxmışdır. Cinayət işi üzrə araşdırmadan müəyyən olunur ki, tərəflərin münasibətləri yarandıqdan sonra Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 15000 manat şəxsən pullar almış, digər məbləğlər isə yuxarıda adları çəkilən şəxslər tərəfindən mənimsənilmişdir. İstintaq orqanı Cavabdeh əməlində cinayət tərkibinin əlamətlərini müəyyən etməmiş, ona qarşı hər hansı ittiham irəli sürməmişdir. Cavabdeh iddiçıdan aldığı pullar onun şəxsi istəyi ilə borc kimi alınmışdır. O, istintaq yekunlaşan zaman həmin pulları qaytaracağını bildirmişdir. Cavabdeh qeyri-müəyyən vədlər verir, borcun qaytarılmasının hər hansı təminatı yoxdur. Bu vəziyyətdə hesab edir ki, qeyd edilən məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iddiaçı həmin məbləği Mehmana verən zaman pulun Cavabdeh çatdırıldığını bilmirdi. Pulları iddiaçıdan Mehman gil alıb aralarında bölüşdürürdülər. İstintaq sona çatan zaman artıq iddiaçı həmin məbləği Cavabdeh verildiyini bilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi ki, onunla iddiaçı rasında beh müqaviləsi bağlanmış, lakin iddiaçı tərəfindən icra edilməmişdir. O, özü iddiaçının adamları tərəfindən aldadılmışdır. Həmin adamlar hamısı İddiaçı adamları olmuşdular. Cavabdeh də əmlakının satılmasına ümüdlü olmuş, hazırda əmlak satılmamış, onun maddi vəziyyəti ağırdır, o, da aldadılmışdır. Bundan da başqa hesab edir ki, iddia müddəti tədbiq edilməli və iddia rədd edilməlidir. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanda yerləşən 461,0 kv metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (47 №-li hamam) (bundan sonra – mübahisəli obyekt) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 6 reyestr kitabı, 6 səhifə, 003391 qeydiyyat nömrəli Şəhadətnaməyə əsasən mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli Beh Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, Cavabdeh (beh alan) və İddiaçı (beh verən) xx.xx.2019-cu il tarixədək mübahisəli obyektə dair 550000 manata alqı-satqı müqaviləsi bağlamağa öhdəliyi götürmüş, beh verən İddiaçı tərəfindən beh alan Cavabdeh 250000 manat behin verilməsi, digər 300000 manat məbləğin müqavilə bağlananda ödənilməsi barədə razılaşmışdılar. Həmin beh müqaviləsi icra edilməmiş, beh verilməmiş, sonrakı alqı-satqı müqaviləsi bağlanılmamışdır. Bakı Ağır Cinayətləri Məhkəməsi tərəfindən 1(101)-1115/2022-ci il tarixli iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X6 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə mübahisəli obyektin altındakı torpaq sahəsini sonradan öz mülkiyyətinə keçirtmək məqsədilə xüsusi mülkiyyətdə olan həmin əmlakın altında olan torpaq sahəsinə Cavabdeh adına reyestrindən çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi hərəkətlərə görə özü, Mehman Mustafayev, Mübariz Mehtiyev və Qabil Rzayev vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə İddiaçı təhrik etmişdir. Həmin cinayət işində İddiaçı zərərçəkmiş qismində tanınmış, sonradan torpağın pulundan çıxmaq şərtilə İbrahimlə birlikdə 15000 manatın xərclik üçün cavabdehə verdiyi barədə ifadə verimşdir. Həmin cinayət işində Cavabdeh şahid qismində ifadə verərək qeyd etmişdir ki, Azər onun maddi çətinlik çəkdiyini görüb torpağın məbləğindən çıxmaq şərti ilə ona Mehman vasitəsilə 12500 manat pul vermişdir. Hazırda iddiaçı cavabdehdən 15000 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında həmin məbləğə dair hər-hansı müqavilə münasibətləri olmamış, iddiaçı həmin məbləği cavabdehə torpaq özəlləşəndən sonra gələcəkdə baş tutası alqı-satqı zamanı ümumi məbləğdən çıxmaq şərtilə şəxsi tələbatları üçün vermiş, lakin iddiaçı kimi cavabdeh də aldanmışdır. Bundan başqa, iddiaçı həmin məbləği verərkən, həmin məbləğin məhz cavabdehə çatdığını bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki münasibətlərin hüquqi əsasını əsassız varlanmaya aid müddəalər yaradır. Buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, cavabdehin əməli gözlənilən məqsədə uyğun olmaması onun təqsirindən baş verməmiş, əslində cavabdəh də aldadılmış və aldadılma iddiaçının təqdim etdiyi şəxslər tərəfindən baş vermişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Yəni, 1095-ci maddədə 551.1-ci maddəsində nəzərdə tutulan qaydadan ayrı qayda müəyyənləşdirilmişdir, yəni iki illik müddət. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləri hesab edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan müddət iddia müddətidir. Cavabdeh idldia müddətinin tədbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, iddia müddət keçdiyindən iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hünuqunun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İşin hallarından göründüyü kimi, hadisələr 2019-cu ildə baş vermiş, torpağın özəlləşdirilməsi ilə məşğul olan şəxslər buna səlahiyyəti çatan şəxslər olmamış, torpağın özəlləşməsinə nail olmaq üçün iddiaçı özü də qanunsuz yollardan istifadə etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı aldadıldığını bilmirdisə də, bunu bilməli idi. İddiaçı tərəfindən beh müqaviləsi üzrə nəzrədə tutulan behin ödənilməməsi də iddiaçının bu işə əvvəldən etimadının olmadığına dəlalət edir. İddiaçı torpağın özəlləşməsinə inanmış olsaydı, imzaladığı beh müqaviləsini də icra edərdi. Bu əsasdan iddia müddətinin axımı məhz 2019-cu ilin sonlarından başlamış, iddiaçı iddia ərizəsini isə 2023-cü ildə vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iki illik müddət keçdiyindən iddiaçının tələbi qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2304/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2304/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver