Məhkəmə qərarları › İş №2(008)-2314/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2314/2023

19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2314/2023 19.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh avtomobil ustasıdır. O, 2021-ci ilin iyul ayında özünə məxsus olan **-JS-*** dövlət qeydiyyat nişanlı "Nissan Murano" markalı avtomobili Cavabdeh təhvil vermiş, cavabdeh maşının mühərrikini təmir etməyi öhdəsinə götürmüş və zəmanət vermişdir. O, ustanın gördüyü işə görə 2000 manat zəhmət haqqı vermişdir. Avtomobilin təmirindən 40-45 gün keçməmiş Bakı-Şamaxı yolunda maşının mühərriki dağılmış və o, maşını evakuator vasitəsilə Bakıya həmin ustanın yanına gətirmişdir. Usta Cavabdeh 5-6 gün ərzində ödənişsiz təmir edəcəyini söz versə də, onu 40 gündən artıq yolda qoymuş, həm də onun yenə 1100- 1300 manata yaxın xərci çıxmışdır. Avtomobilin mühərriki xx.xx.2022-ci ildə yenə də sıradan çıxmış və həmin zaman avtomobilin təxminən 8000-9000 km gedişi olmuşdur. Usta Cavabdeh onun zənginə kobud şəkildə cavab vermiş və bildirmişdir ki, mənlik deyil. Yenidən ustanın səhvinə görə o, 2500 manat verib mühərrik almışdır. Cavabdeh ona qəsdən maddi ziyan vurmuşdur. Cavabdeh işini lazımınca yerinə yetirmədiyinə görə ona maddi ziyan dəymişdir. Cavabdeh iddianı etiraf etməmiş və iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, 2019-cu ildə İddiaçı özünə məxsus "Nissan Murano" markalı avtomobilin mühərrikinin təmiri üçün ona müraciət etmişdir. O, avtomobilin mühərrikini təmir edərək iddiaçıya vermiş, iddiaçı isə təmirin müqabilində ona hissə-hissə olmaqla 1200 manat pul vermişdir. Təmirdən sonra o, iddiaçıya tapşırmışdır ki, avtomobili idarə edərkən sürətini 50-dən artıq qaldırmasın, bu olarsa mühərrik yenidən xarab ola bilər. Eyni zamanda, o, iddiaçıya bildirmişdir ki, 50-dən artıq sürməmək şərtilə 500 km-dən sonra gətirsin, mühərrikin yağını dəyişərək profilaktik tədbir görərlər. Lakin iddiaçı onun göstərişlərinə məhəl qoymayaraq Bakı-Şamaxı yolunda avtomobili yüksək sürətlə idarə edərək avtomobilin yağını yandırmış, tüstülənmə baş vermiş, yağ qapağını açıq qoyaraq idarə etmiş və yağın dağılması nəticəsində avtomobilin mühərriki xarab olmuşdur. Avtomobilin mühərriki iddiaçının günahı üzündən xarab olmasına baxmayaraq, o, iddiaçının təkrar müraciəti əsasında mühərriki yenidən ondan bir manat belə pul almadan təmir edərək iddiaçıya təhvil vermişdir. İddiaçının ona 5800 manat pul verməsi barədə tələbi əsassızdır. İkinci dəfə təmirdə iddiaçıdan pul almalı olduğu halda, pulsuz təmir etmişdir. Mühərrikin xarab olması iddiaçının öz təqsiri ucbatından baş vermişdir. İddiaçının ondan maddi ziyana görə 5800 manat pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur, iddiaçının ona 5800 manat pul verməsi şər və böhtan xarakteri daşıyır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində "Avtomobillərin korroziya əleyhinə emal və sair texniki xidmətlər" fəaliyyət istiqaməti üzrə (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İddiaçı mülkiyyətində olan, 2003-cü ildə buraxılmış, **-SJ-*** dövlət qeydiyyat nişanlı "Nissan Murano minik" markalı avtomobilin mühərriki nasaz vəziyyətə düşdüyünə görə 2021-ci ilin iyul ayında iddiaçı həmin avtomobili cavabdehin işlədiyi sexə gətirmiş, aralarında olan şifahi razılaşmaya uyğun olaraq, cavabdeh avtomobilin mühərrikini təmir etmiş və iddiaçı bunun müqabilində iddiaçıya 1200 manat pul ödəmişdir. Bundan bir müddət sonra iddiaçı cavabdehə zəng edərək avtomobilin mühərrikinin yenə də sıradan çıxdığını bildirmiş, avtomobili cavabdehin işlədiyi sexə gətirmiş və cavabdeh avtomobilin mühərrikini yenidən təmir etmişdir. İddiaçı bu iş üçün 1100-1300 manat xərcinin çıxdığını bildirsə də, məhkəmədə bunu sübut edə bilməmiş, cavabdeh isə əlavə işləri öz hesabına gördüyünü, hətta ehtiyat hissələrini özünün aldığını bildirmişdir. Daha sonra xx.xx.2022-ci ildə iddiaçı Həsənov X2 Elçin Mübariz oğlu adlı şəxsdən başqa mühərrik alaraq avtomobilinə qoydurmuş, bunun üçün mühərrikin dəyəri kimi 2000 manat, salnikin dəyəri kimi 30 manat, antifrizin dəyəri kimi 70 manat, yağın dəyəri kimi 80 manat, əvvəlki mühərrikin sökülüb çıxarılması və başqasının avtomobilə quraşdırılması üçün usta pulu kimi 300 manat ödəmiş, eyni zamanda, avtomobildən sökülüb çıxarılan mühərriki X3 vermiş, sonuncu isə həmin mühərriki metallolom kimi sökmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti podrat müqaviləsinə uyğun olduğuna görə mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhz həmin müqaviləyə aid olan aşağıdakı normaları tətbiq edilməlidir: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Sadalanan normalardan göründüyü kimi, sifarişçi podratçının yol verdiyi qüsurları özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, bunun üçün qüsurlara məhz podratçı tərəfindən yol verilmiş olması sübut olunmalıdır. Lakin müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən iki dəfə təmir olunmuş mühərriki bir müddət istifadə etdikdən sonra X5 adlı şəxsə verib əvəzində başqasını almış, həmin mühərrik isə metallolom kimi sökülüb dağıdılmışdır. Məhkəməyə mühərrikin sökülməsindən əvvəl onun nasazlığının səbəbinin təyin edilməsinə dair heç bir sübut təqdim edilməmişdir, iş məhkəmədə baxıldığı zaman isə mühərrik artıq mövcud olmadığına görə ekspertiza təyin etmək mümkün olmadı. Belə olan halda, həmin mühərrikdə hər hansı qüsurun olub-olmamasını və əgər qüsur olmuşdursa, bunda cavabdehin təqsirinin olub-olmamasını müəyyən etmək artıq mümkün deyil. İddiaçının vəsatəti ilə məhkəmə baxışı zamanı X5, X7 və X6 şahid qismində dindirilmişlər. X1 ifadəsində göstərmişdir ki, avtomobil ehtiyat hissələrinin ticarəti ilə məşğul olur, İddiaçı "Nissan Murano" markalı avtomobil üçün mühərrik satmış, mühərrik iddiaçıya məxsus avtomobilə quraşdırılmış, iddiaçı mühərrikin dəyəri kimi 2000 manat, salnikin dəyəri kimi 30 manat, antifrizin dəyəri kimi 70 manat, yağın dəyəri kimi 80 manat, əvvəlki mühərrikin sökülüb çıxarılması və yenisinin avtomobilə quraşdırılması üçün usta pulu kimi 300 manat ödəmiş, eyni zamanda, iddiaçı avtomobildən sökülüb çıxarılan mühərriki ona vermiş, o isə həmin mühərriki metallolom kimi sökmüşdür. Digər şahidlər X7 (iddiaçının qardaşı oğlu) və X6 (iddiaçının bacısı) ifadələrində iddiaçıya məxsus olan avtomobilin mühərrikinin təmirdə olduğu zaman ayrı-ayrı vaxtlarda iddiaçı ilə birlikdə Cavabdeh işlədiyi sexə getdiklərini göstərmişlər. Sadalanan şahidlər mühərrikin məhz cavabdehin təqsirindən xarab olmasını bildiklərini təsdiq etməmişlər. Bundan başqa, iddiaçı cavabdehlə öz arasında olan telefon danışıqlarının bir-neçə audioyazısını məhkəməyə təqdim etmiş, həmin audioyazılar məhkəmə baxışı zamanı səsləndirilərək tədqiq edilmiş, lakin müəyyən edilmişdir ki, həmin yazılarda cavabdehin təqsirinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edən məlumat mövcud deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, iddiaçı bunu edə bilməmişdir. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 78 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

Nəticə hissəsi:

Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan qismində 5800 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xəclərini təşkil edən və İddiaçı tərəfindən ödənilmiş 78 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar