Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2323/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh Mirzə qızının və onun nümayəndəsi və vəkili X7 iştirakları ilə, İddiaçı Cavabdeh Mirzə qızına qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirzə qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzə qızı tərəfindən X4 ünvanlanan xx xxxxxx 2020-ci il tarixli ərizədə əks etdirilən məlumatların yalan məlumat olması kimi tanınması, X4 təkzib məktubu göndərməklə İddiaçı yazılı qaydada üzr istənməsi vəzifəsinin Cavabdeh Mirzə qızının üzərinə qoyulması, İddiaçı şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, o cümlədən İddiaçı şəxsi və ailə sirrini təşkil edən məlumatların Cavabdeh tərəfindən kütləvi yayılması nəticəsində İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh Mirzə qızından 30000 manat məbləğində kompensasiya məbləğinin tutulması və İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pulun əvəzinin də Cavabdeh Mirzə qızından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Mirzə qızı onun barəsində müxtəlif instansiyalara çoxsaylı müraciətlər etmişdir. Həmin müraciətlərdə onun işgüzar nüfuzunu ləkələyən və alçaldan məlumatlar vermişdir. İndiyədək barəsində danışdıqları, ona göndərdiyi hədə-qorxu və təhqir o cümlədən, barəsində həqiqətə uyğun olmayıb, təxəyyülünün məhsulunu ona aid etməsindən cana doymuşdur. Beləliklə, Jannanın növbəti müraciəti hazırda fəaliyyət göstərdiyi X2 rəhbəri Hüseyn müəllimə olmuşdur, Cavabdeh əmək fəaliyyəti göstərdiyi müəssisə ilə yaxından və ya uzaqdan əlaqəsi olmadığı halda onun şəxsi və ailə sirrini təşkil edən məlumatlarını xəstəxana rəhbərinin nəzərinə çatdırır. Onun həyat yoldaşından boşanıb-boşanmadığı, hansı ölkələrə gedib gəlməsinin keçmiş həyat yoldaşı ilə hansı münasibətlərinin olmasının, aliment məsələlərinin mövcudluğunun onun xəstəxana müdirinə aidiyyəti yoxdur. Daha sonra öz qrammatik səhvlərlə dolu olan yazısında Cavabdeh onu heyvanların gözlərində əməliyyat aparmaqda, insanların etibarından istifadə etməkdə, həkim adına ləkə gətirməkdə, həkim olduğu halda onu, icazəsiz tibb fəaliyyətlə məşğul olmaqda, Cinayət Məcəlləsinin 192-ci maddəsini nəzərinə çatdırmaqla ittiham edir. Cavabdeh gah keçmiş həyat yoldaşı ilə olan proseslərdə onun vəkili qiyafəsində qarşısına çıxır, gah da müxtəlif orqanlara gedərək ailələrində nə problemlər var onu yayır, gah da ona qarşı qərəzli mövqe nümayiş etdirir. Cavabdeh tərəfindən törədilən ən böyük hörmətsizlik və təhqir isə həmin yazısında guya onun keçmiş həyat yoldaşına xəyanət etməsi ilə əlaqədardır. Bu məlumat tamamilə yalandır. Lakin, bunu bilə-bilə Cavabdeh onun iş kollektivinə yayaraq onun şərəfini, ləyaqətini və reputasiyasını ləkələmişdir. Onun barəsində yazılanlar işlədiyi kollektivdə, dostları və rəhbərliyi qarşısında mənfi rəy yaratmışdır. Qoy Cavabdeh ərizədə yazdıqları barəsində sübutları məhkəməyə təqdim etsin. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Onun barəsində istənilən təhqiramiz, şərəf və ləyaqətini alçaldan, peşəkarlığına hər hansı təsir göstərən ifadə işgüzar reputasiyasına birbaşa təsir göstərir. Belə ki, o, həkim oftalmoloq cərrah olaraq xx.xx.2000-ci il tarixindən rəsmi əmək fəaliyyətinə başlamış, xx.xx.2010-cu il tarixindən etibarən isə X3 işləyir və bu günədək də öz fəaliyyətini davam etdirir. Cərrah kimi indiyədək 5 minə yaxın göz cərrahiyyəsi əməliyyatı həyata keçirmişdir. Lakin, günlərin bir günü Cavabdeh onun işlədiyi xəstəxanaya gəlir və onu ağlına gələn mövhumat yazmaqla müdriyyətinin qarşısında pis vəziyyətdə qoyur, şərəfi və ləyaqətini alçaldan ifadələr yazır onunla bağlı, həkim kimi reputasiyasını zədələyir, ailə və şəxsi xarakterli məlumatlarını tanımadığı insanlarla paylaşır. Nə üçün yad insanlar, onun iş kollektivi onun ailə və şəxsi sirrlərini bilməlidirlər?! İllər boyu qurduğu karyera və qazandığı işgüzar nüfuzu hansısa vəkil adına xələl gətirən birisi tərəfindən zədələnməlidir?! Cavabdeh Səbail rayon məhkəməsində ona qarşı keçmiş həyat yoldaşının vəkili kimi onun adından öz növbəti absurd iddiasını qaldırmış və bu zaman məhkəməyə vəsatət verərək onun sərhəd məlumatlarını əldə etmişdir. Daha sonra məhkəmənin iş materiallarından istifadə edərək onun ölkədən giriş və çıxış tarixləri əks olunmuş məlumatların-Dövlət Sərhəd Xidmətinin Səbail rayon məhkəməsinə ünvanladığı cavabın surətini çoxaldaraq qarşısına çıxan bütün qurumlara təqdim edir. Yəni onun hansı ölkələrə getməyinin kimə nə aidiyyatı var? Keçmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş, suallara cavab olaraq bildirmişdir ki, X2 Baş həkimi onun barəsində yazılmış şikayəti yaymamış, həmin şikayət barədə xəstəxananın əməkdaşlarına məlumat verməmişdir. Həkimlər barəsində edilən şikayətlərə baxılması Xəstəxananın Baş həkiminin səlahiyyətində olmuş, Baş həkimin həkimlər barəsində yazılan şikayəti yaymaq hüququ olmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Mirzə qızı iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının ona qarşı məhkəmədə iddia qaldırmaqda məqsədi, yalnız ondan hansı yolla olursa-olsun intiqam almaq olmuş, bu baxımdan heç bir əsaslı səbəb olmadan iddia tələbi ilə məhkəməyə müraciət etmiş, onun işlədiyi müəssisənin rəhbərliyinə yazdığı şikayət xarakterli ərizəsini isə, onun nüfuzuna ləkə gətirən məlumat kimi göstərməyə çalışmışdır. Belə ki, o, Pərviz Cəlilovun müdafiəsini öz üzərinə götürdükdən sonra İddiaçı ona qarşı qarayaxma kompaniyasına başlamış, ilkin olaraq onların iştirak etdikləri məhkəmə iclaslarına tanımadıqları şəxslərlə gələrək, məhkəmə iclaslarında onu intriqaya çəkməyə cəhd etmiş, onun yanında olan şəxslər onu zalda təhqir etmiş, müxtəlif sözlərlə alçaldaraq, onu əsəbləşdirməklə özündən çıxarmağa və bu yolla onu qanunsuz hərəkətlərə sövq edəcəklərinə inanmış, lakin onun öz səviyyəsini gözləməyini gördükdən sonra onun barəsində polisə və Vəkillər Kollegiyasına şikayətlər etmişdir. O, iddiaçının şəxsi və ailə sirrini yaymamış, sadəcə olaraq, iddiaçının keçmiş əri Pərviz Cəlilovun tapşırığı ilə onun qanunsuz əməlləri barədə onun rəhbərliyinə şikayət etmişdir. Şikayətində iddiaçının ərindən boşanmasını və keçmiş ərindən aliment tələb etməsini göstərməyi isə, onun şəxsi və ailə sirrini yaymaq kimi qiymətləndirilə bilməz. Çünki, bu məlumatların bir tərəfi Pərviz Cəlilov olduğuna, bu məlumatlar Pərviz Cəlilovin istəyi ilə verildiyinə, bu məlumatlar qapalı məhkəmə iclasında baxılan məlumatlar olmadığına görə həmin məlumatlar İddiaçı şəxsi və ailə sirrini təşkil edən məlumatlar kimi istinad edilməsi yolverilməzdir. İddiaçının özünə təhqir və hörmətsizlik kimi hesab etdiyi, onun keçmiş həyat yoldaşına xəyanət etməsi barədə şikayətində göstərilən məlumatla əlaqədar isə o, iddiaçını ərinə xəyanət etməkdə günahlandırmamış, həmin məktubda o, bu məlumatı deyil, Pərviz Cəlilovun dedikləri barədə məlumat göstərmişdir. Sadəcə olaraq, Pərviz Cəlilovun vəkili kimi onun diktəsi ilə X4 şikayət yazan zaman Pərviz Cəlilov ailələrinin nəyə görə dağılmasını, hansı səbəbdən intihar etmək həddinə çatmasını bildirmək üçün bu məlumatı şikayətində göstərməyini tələb etmiş, bu üzdən o, məktubda bu məlumata “Pərvizin dedikləri” kimi istinad etmişdir. Pərviz Cəlilovun isə, bu barədə şikayət etməkdə məqsədi X2 əməkdaşlarının öz aralarında olan qeyri professional münasibətlərinə xəstəxananın rəhbərliyinin diqqətini çəkmək, bu münasibətlərin nə kimi qorxunc nəticələrə səbəb ola biləcəyini rəhbərliyə çatdırmaq olmuşdur. Əslində isə o, Pərviz Cəlilovun nə kimi psixoloji sarsıntı keçirməsini görüb, onun özünə sui-qəsd etməsində qorxaraq, Pərviz Cəlilovu bu kimi fikirlərdən daşındırmaq üçün, onun Xəstəxananın rəhbərliyinə şikayət etməsi barədə tapşırığı ilə razılaşmış, bu yolla həm Pərviz Cəlilovu özünü öldürmək fikrindən daşındırmış, həm də xəstəxanada gələcəkdə bu kimi hallara yol verilməsinin qarşısını almağa çalışmışdır. Onun tərəfindən X4 ünvanlanan xx.xx.2020-ci il tarixli ərizədə İddiaçı xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olması, plastik əməliyyatlar etməsi və özəl əczaçılıq şirkətlərinin dərmanlarını satmaqla məşğul olması barədə göstərdiyi məlumatlar isə, İddiaçı şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi istinad edilə bilməz. Çünki, o, İddiaçı qarşı olan məhkəmə işləri ilə əlaqədar müxtəlif mənbələrdən bu məlumatları əldə etmiş, lakin, o, bu məlumatları kütləvi şəkildə yaymamış, bu məlumatların araşdırılaraq, İddiaçı barəsində qanuni tədbir görülməsi üçün buna səlahiyyəti olan orqanlara bu barədə məlumat vermişdir. Belə olduqda isə, yəni şikayətlərin araşdırılması vəzifəsi olan orqanlara şikayətdə göstərilən məlumatların verilməsi məlumatların kütləvi yayılması kimi qiymətləndirilməməlidir. Bu məlumatların həqiqiliyini sübut etmək o zaman, onun vəzifəsi olardı ki, o, bu məlumatları kütləvi şəkildə yaymış olardı. Yəni, törədilmiş cinayət əməli barədə məlumat aldıqdan sonra müvafiq orqanlara bu barədə məlumat vermək, hər bir kəsin hüququ yox, mənəvi və qanuni vəzifəsidir. Məlumatın araşdırılaraq, həqiqiliyinin sübuta yetirilməsi isə, məlumatı verən şəxsin vəzifəsi deyildir. O, iddiaçının bir həkim kimi öz vəzifələrinin icrası ilə bir araya sığmayan, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməsi, sosial şəbəkələrdə özünü reklam etməsi, heyvanlar üzərində əməliyyat aparması, dərman şirkətləri ilə əməkdaşlıq edərək, dərman şirkətlərinin dərmanlarının reklam etməsi və satması barədə məlumat aldığına görə bu məlumatların araşdırılması üçün iddiaçının rəhbərliyinə müraciət etmişdir. O, İddiaçı özünün şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi istinad etdiyi məlumatları kütləvi şəkildə yaymamış, həmin məlumatları araşdırmaq səlahiyyəti olan şəxslərə bu barədə yazılı şikayət vermiş, həmin məlumatları isə, vəkil kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən zaman sosial şəbəkələrdən və müxtəlif şəxslərdən almışdır. O, bu məlumatları qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi ərizədə göstərdiyinə görə həmin məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilə bilməz. Bir sözlə, həmin məlumatların doğru olmasını sübut etmək onun vəzifəsi deyildir. X9 İddiaçı qarşı “birgə nikah dövründə yaranmış borc məbləğində payların müəyyən edilməsi” barədə iddia ərizəsinin məhkəmə araşdırması zamanı giriş-çıxış barədə məlumatlar əldə edilmiş, bu məlumatlarla əlaqədar İddiaçı onun xarici ölkələrə istirahət üçün Pərviz Cəlilovun hesabına deyil, işlədiyi xəstəxananın hesabına seminarlarda iştirak etmək üçün getməsini göstərdiyinə görə, bununla əlaqədar xəstəxanaya sorğu verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X1 Janna Mirzə qızının izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, İddiaçı ilə onun rəsmi nikahı olmuş, Elnarə nikahın ləğv edilməsi barədə məhkəməyə müraciət etdikdən sonra o, İddiaçı işlədiyi xəstəxananın həkimi ilə ona xəyanət etməsini bilmiş, bundan sonra, onunla bütün əlaqələrini kəsmişdir. İddiaçı evdən getdikdən sonra onun bütün əmlakını ələ keçirmiş, onu alimentlə əlaqədar məhkəməyə vermişdir. İcra şöbəsindən onu çağırıb barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin zamandan vəkil Cavabdeh ona köməklik etməyə başlamışdır. Həmin vaxtlar o, depressiyada olmuş, Cavabdeh onun tapşırıqları ilə müxtəlif iddialar hazırlayıb, məhkəməyə vermişlər. İddialar məhkəmədə baxılan zaman İddiaçı Cavabdeh təsir etmək üçün, ona hədə qorxular gəlmiş, onun barəsində polisə və Vəkillər Kollegiyasına şikayətlər etmişdir. Bu araşdırmalarla əlaqədar o, Cavabdeh İddiaçı törətdiyi əməllər barədə məlumat vermiş, İddiaçı ona xəstəxananın işçisi ilə xəyanət etməsini, heyvanların üzərində əməliyyat aparmasını, dərman şirkətləri ilə müqavilə bağlayaraq onların dərmanlarının reklam və satışını həyata keçirməsini bildirmişdir. O, Cavabdeh İddiaçı barəsində xəstəxanaya şikayət etmək tapşırığı vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rəd edilməlidir. Cavabdeh Mirzə qızı 14 saylı Vəkil Bürosunun vəkili olmuşdur. O, iddiaçının keçmiş əri Pərviz Cəlilovun vəkili olmuşdur. Bu hal işin mübahisə edilməyən halı olduğundan məhkəmə bu halı araşdırmamışdır. Bakı şəhəri, xx xxxxxx 2020-ci il tarixdə X2 baş həkimi Hüseyn Şahmalıyevə şikayət ərizəsi ilə müraciət edərək X2 poliklinikasının həkimi İddiaçı onun barəsində əsassız şikayətlər etməsinin, İddiaçı xüsusi razılıq olmadan özəl tibbi fəaliyyətlə məşğul olmasının, plastik əməliyyatlar etməsinin və özəl əczaçılıq şirkətlərinin dərmanlarının satmaqla məşğul olmasının qarşısının alınması üçün qanuni tədbir görülməsini xahiş etmişdir. Eyni zamanda, həmin məktubda İddiaçı heyvanların gözlərində əməliyyat aparması, insanların etibarından istifadə etməklə, həkim adına ləkə gətirməklə, həkim olduğu halda onu, icazəsiz tibb fəaliyyətlə məşğul olması, keçmiş həyat yoldaşına xəstəxananın əməkdaşı ilə xəyanət etməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. «Şərəf və ləyaqətin müdafiəsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il 7 №-li tarixli Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Qərarda eyni zamanda qeyd edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalattəsərrüfat, xidmət və istimai fəaliyytlə əlaqədar vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətlindirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğyn olmaması, yəni yalan olması anlaşılır. Məlumatın başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Göründüyü kimi, Qanunvericiliyin tələbinə əsasən məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması və bu məlumatların yayılması halı yalnız üçü də məcmu halda mövcud olduğu təqdirdə həmin məlumata şəxsin şərəf və ləyaqətini ləkələyən məlumat kimi istinad edilə bilər. Məhkəmə hesab edir ki, məktubda verilən məlumatların yalnız biri, yəni, İddiaçı keçmiş ərinə xəyanət etməsi, şərəf və ləyaqətin pozulması kimi qiymətləndirilə bilər. Lakin bu halı da cavabdeh onun keçmiş ərindən bilmiş, keçmiş əri məhkəmədə də buna dair şahid qismində ifadə verərək təsdiq etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh bu halın yalan olmadığını sübut etməyə çalışmışdır. Digər hallarla əlaqədar məhkəmə hesab edir ki, Cavabdeh Mirzə qızı X4 şikayət ərizəsini “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbinə əsasən yazmışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.5-ci maddəsinə əsasən şikayət pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Həmin Qanunun 3.0.8-ci maddəsinə əsasən müraciətə baxan subyektin vəzifəli şəxsi müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər hesab edilir. Həmin Qanunun 12.5-ci maddəsinə əsasən müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır. İşin halından da görünür ki, Qanunvericiliyin tələbinə əsasən Cavabdeh Mirzə qızının qanunsuz hesab etdiyi hallar barədə şikayət ərizəsi vermək hüququ olmuş, X2 baş həkimi Hüseyn Şahmalıyevin isə, ona ünvanlanmış müraciətlərə baxmaq səlahiyyəti və həmin məlumatları yaymamaq vəzifəsi olmuş, qeyd edilən məlumatlar baş həkim tərəfindən heç kimə yayılmamışdır. İddiaçı iddia ərizəsində onun şərəf və ləyaqətini ləkələyən məlumatların Cavabdeh tərəfindən onun iş kollektivi arasında yayılmasını və “onun barəsində yazılanların işlədiyi kollektivdə, dostları və rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmasını” qeyd etsə də, məhkəmə baxışı iclasında izahat verərək, Baş həkim tərəfindən həmin məlumatların heç kimə yayılmamasını göstərmişdir. Qanunvericiliyin tələbinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, iddiaçı onun şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını sübut etməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-cimaddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Mirzə qızı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə X2 baş həkimi Hüseyn Şahmalıyevə ünvanlanmış şikayət ərizəsində olan məlumatlar xəstəxananın baş həkimindən başqa heç kimə yayılmamış, Xəstəxanasının baş həkimi Hüseyn Şahmalıyev isə, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12.5-ci maddəsinə əsasən müraciətə baxan subyekt kimi həmin məlumatları gizli saxlamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, müraciətə baxmaq səlahiyyəti olan vəzifəli şəxsə ünvanlanmış bir müraciətin məzmununda hər hansı bir məlumatın olmasından, həmin məlumatın öz təsdiqini tapıb-tapmamasından asılı olmayaraq, bu məlumatı verən şəxsin üzərinə həmin məlumatı sübut etmək və ya yalan məlumat kimi təkzib etmək vəzifəsinin qoyulması yolverilməzdir və belə bir vəzifənin qoyulması şəxsin müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilə bilər. İddiaçı iddia ərizəsində istinad etdiyi onun şərəf və ləyaqətini ləkələyən məlumatların kütləvi formada yayılması barədə əsaslarının öz təsdiqini tapmamasına baxmayaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə iddiaçının şəxsi və ailə sirrini təşkil edən məlumatların yayılmasına, yəni, xəstəxana rəhbərliyinə çatdırılması barədə dəlillərinə də hüquqi qiymət verilməlidir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı ərindən boşanmasını, əri ilə münasibətlərini, aliment tələbini və xarici ölkələrə gedib-gəlməsini özünün şəxsi və ailə sirrini təşkil edən məlumatlar kimi istinad etmiş və X15 Konvensiyasının 8-ci maddəsinə istinad edərək hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə yazışma sirrinə hörmət hüququna malik olmasını göstərmişdir. İddiaçının şəxsi və ailə sirrini təşkil edən məlumatlar kimi istinad etdiyi hallara münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin məlumatlar (boşanma, aliment, keçmiş əri ilə olan münasibətlər barədə məlumatlar) açıq məhkəmə iclasında əldə edilmiş məlumatlar olduğuna görə və bu məlumatlarla əlaqədar aparılmış məhkəmə baxışlarının qapalı keçirilməsinə dair İddiaçı vəsatəti olmamasına görə Cavabdeh Mirzə qızı həmin məlumatlara İddiaçı şəxsi həyat və ailə sirrini təşkil edən məlumatlar kimi yanaşmamasında haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbinə baxılan zamanda da İddiaçı məhkəmə tərəfindən məhkəmə iclasının qapalı keçirilib keçirilməməsi barədə sual verilmiş, lakin iddiaçı məhkəmə iclasının qapalı keçirilməsinə zərurət olmamasını bildirmiş, bu hal isə iddiaçının gizli saxlamaq istədiyi heç bir şəxsi və ailə sirrinin olmaması qənaətinə gəlməyə əsas vermişdir. Qanunvericilikdə isə, ümumiyyətlə şəxsi həyat və ailə sirrini təşkil edən məlumatların təsnifatı göstərilməmiş, iddiaçı bu məlumatların gizli saxlanılması barədə niyyətini açıqlamamış, sonradan isə, bu məlumatlara özünün şəxsi həyat və ailə sirri kimi istinad etmişdir. Bu baxımdan şəxsi həyat və ailə sirri şəxsin özü tərəfindən müəyyən edilə, yəni, şəxs özünə dair istənilən məlumatı sirr kimi saxlanılmasını tələb edə və ya açıq məlumat kimi yayılmasına etiraz etməyə bilər. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı şəxsi həyat və ailə sirri kimi istinad etdiyi məlumatların, yəni boşanma, aliment, keçmiş əri ilə olan münasibətlər barədə məlumatların onun işlədiyi xəstəxananın baş həkiminə çatdırılmasında ifadə olunan Cavabdeh əməlində mülki hüquq pozuntusu olmamış, çünki həmin məlumatlar açıq məhkəmə iclasında baxılmış məlumatlar olmuş, yəni, digər şəxslər kimi baş həkimin də həmin məhkəmə iclasında iştirak edərək həmin məlumatları əldə etmək imkanı (hüququ) olmuşdur. Azərbaycan Respublikası MPM-nin 10.4-cü maddəsinə əsasən, məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 34.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Cavabdeh Mirzə qızına qarşı mənəvi zərərin ödənilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinın 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Mirzə qızına qarşı iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2323/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2323/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver