Məhkəmə qərarları › İş №2(008)-2343/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2343/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2343/2021 27.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2374,38 manat əsas borc, 216,08 manat faiz borcu və 49.42 manat cərimə borcu olmaqla, ümumilikdə 2639,88 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 23.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı İKB ASC-dən illik 22 faizlə 36 ay müddətinə 3500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Qeyd olunan kredit müqaviləsi üzrə 21.12.2021-ci il tarixədək Cavabdeh banka 2374,38 manat əsas borcu, 216,08 manat faiz borcu və 49,42 manat cərimə borcu olmaqla, ümumilikdə 2639,88 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh 21.12.2021-ci il tarixdən sonra, daha dəqiqi 21.01.2021-ci il tarixdə banka 180 manat məbləğində ödəniş etsə də, həmin ödəniş faiz və cərimə borcuna hesablanmış, əsas borc məbləği olduğu kimi qalmışdır. O, qeyd olunanlara əsasən, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirdi ki, o, İddiaçı İKB ASC ilə 23.04.2019-cu il tarixdə bağladığı kredit müqaviləsinə əsasən, bankdan 3500 manat məbləğində kredit götürmüşdür. 10.10.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək Cəbrayıl-Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etdiyindən, kreditin ödənilməsində gecikmələr baş vermişdir. 21.01.2021-ci il tarixdə banka 180 manat məbləğində ödəniş etmişdir, banka olan qalan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 23.05.2019-cu il tarixdən 23.04.2022-ci il tarixədək 3500 manat əsas borc, 1311.93 manat faiz borcu olmaqla, ümumilikdə 4811.93 manat banka ödəniş etməlidir. İş materiallarında olan 23.04.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı İKB ASC tərəfindən Cavabdeh 3500 manat məbləğində nağd pul verilmişdir. İş materiallarında olan 18.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun "xxxx" ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 21.12.2020-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsi üzrə banka 2374,38 manat əsas borc, 216,08 manat faiz borcu və 49,42 manat cərimə borcu olmaqla, ümumilikdə 2639,88 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 26.04.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh 21.01.2021-ci il tarixdə "xxxx" ASC-yə 180 manat məbləğində ödəniş etmiş, həmin puldan 108,72 manat faiz borcuna, 71,28 manat cərimə borcuna çıxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, cavabdeh Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsi üzrə 2374,38 manat əsas borc, 216,08 manat faiz borcu və 49,42 manat cərimə borcu olmaqla, ümumilikdə 2639,88 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulmalı, tərəflər arasında bağlanmış 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 23.04.2019-cu il tarixli, 6-Y-2-0-1231-19 saylı kredit müqaviləsi üzrə 2374,38 (iki min üç yüz yetmiş dörd manat otuz səkkiz qəpik) manat əsas borc, 216,08 (iki yüz on altı manat səkkiz qəpik) manat faiz borcu və 49,42 (qırx doqquz manat qırx iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2639,88 (iki min altı yüz otuz doqquz manat səksən səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutulsun. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 23.04.2019-cu il tarixli, 6-Y-2-0- 1231-19 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar