Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2344/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.730 manat məbləğində pul vəsaitinin və 156 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, 6-7 il bundan əvvəl tanıdığı Cavabdeh onun yaşadığı ərazidə ərzaq mağazası işlətmişdir. 2021-ci ildə aralarında olan şifahi razılığa əsasən həmin mağazaya sərmayə qoyuluşunda o da iştirak etmiş və cavabdehdən öz dilindən qəbzlər alaraq, xx.xx.2021-ci il tarixədək hissə-hissə iki nəfər şahidin iştirakı ilə cəmi 22.000 manat pul vermişdir ki, həmin pulun qazancından cavabdeh onlara müəyyən məbləğ verəcək və istədikləri vaxt həmin məbləği tam olaraq onlara qaytaracaq (həmin pulun 5000 manatını başqasından alıb cavabdehə vermişdir). Sonradan onlara məlum olmuşdur ki, cavabdeh mağazanı bağlayıb gecə ilə qaçmışdır. Bunun səbəbini soruşduqda cavabdeh xeyli borcu yarandığını və pullarını hissə-hissə, hər ay altı 600 manat olmaqla qaytaracağını bildirmişdir. O, əlacsız qalıb razılaşsa da, cavabdeh ona hissə-hissə cəmi 1070 manat ödəmişdir. Cavabdeh indiyədək qalan 20.930 manat borcu ödəmir və bundan qərəzli olaraq imtina edir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 6-7 il bundan əvvəl tanıdığı Cavabdeh yaşadığı ərazidə ərzaq mağazası işlətmişdir. 2021-ci ildə cavabdeh ona bildirmişdir ki, işlətdiyi mağazanın dövriyyəsini artırmaq üçün ona 22.000 manat pul lazımdır və ondan xahiş etmişdir ki, ona hissə-hissə 22.000 manat borc pul versin. Cavabdehi uzun müddət tanıdığından, ona inanmış və başqa bir şəxsdən 5000 manat pul almaqla, cavabdehə cəmi 22.000 manat borc pul vermişdir. Bundan başqa, iddianın tələb hissəsində texniki yanlışlığa yol verildiyini bildirərək iddiaçı cavabdehdən 20.930 manat məbləğində pul vəsaitinin və 153 manat dövlət rüsumunun əvəzinin alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi kommersiya fəaliyyəti ilə bağlı münasibətlərdən irəli gəlir. İddia ərizəsindən görünür ki, iddiaçı həmin pul məbləğini qarşı tərəflə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, sərmayə qoyuluşu və gəlir əldə etmək məqsədilə vermişdir. Belə niyyət iddiaçının ifadəsi ilə şərtləndirilmişdirsə və bu niyyətini qarşı tərəfə bəyan etmişdirsə, bu, artıq özü-özlüyündə kommersiya məqsədi daşıdığı üçün ilkin olaraq mediasiyaya müraciət edilməli idi. Digər tərəfdən, məqsəd qarşı tərəfə borc pul vermək olmuşdursa, bu, Mülki Məcəllənin 740-cı maddəsinin tələblərinə riayət olunmaqla həyata keçirilməli idi. Tələb olunan məbləğ 3000 manatdan artıq olmaqla, nəinki yazılı formada bağlanmamış, qanunauyğun olmayan şəkildə tərtib edilmiş qəbzlər eyni zamanda qeyriqanuni yolla əldə olunmuş sübutlardır. Mülki qanunvericiliyin tələblərinə zidd olmaqla həmin sənədlərə sübut kimi istinad edilə bilməz və məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, 6-7 il bundan əvvəl tanıdığı Cavabdeh yaşadığı ərazidə ərzaq mağazası işlətmişdir. 2021-ci ildə cavabdeh ona bildirmişdir ki, işlətdiyi mağazanın dövriyyəsini artırmaq üçün ona 22.000 manat pul lazımdır və ondan xahiş etmişdir ki, ona hissə-hissə 22.000 manat borca pul versin. Cavabdehi uzun müddətdir ki, tanığından ona inanmış və hissə-hissə xx.xx.2021-ci il tarixədək iki nəfər şahidin iştirakı ilə cəmi 22.000 manat pul vermiş, həmin pulun 5000 manatını başqa şəxsindən alıb ona vermişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh mağazanı bağlayıb gecə ilə qaçmışdır. Bir gün cavabdehin yanında işləyən Aygün adlı xanım ona zəng vuraraq cavabdehin mağazanı bağladığını, amma cavabdehin ona olan borcunu tez zamanda qaytaracağını bildirmişdir. Bunun səbəbini soruşduqda cavabdeh ona xeyli borcu yarandığını və pulları ona hissə-hissə, hər ay 600 manat olmaqla qaytaracağını bildirmişdir. Lakin cavabdeh ona hissə-hissə cəmi 1070 manat ödəmiş, uzun müddət keçməsinə bağmaxaraq, qalan borcunu qaytarmamışdır. Bundan sonra məcbur qalıb cavabdehin həyat yoldaşının yanına getmiş, lakin yoldaşı bu məsələnin ona aidiyyəti olmadığını, cavabdehin özü ilə həll etməsini bildirmişdir. Cavabdeh hazırkı vaxtadək qalan 20.930 manat borcunu qaytarmır və bundan qərəzli olaraq boyun qaçırır. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq göstərmişdir ki, cavabdehi bir tanışının vasitəsilə Araz marketdə işlədiyi vaxt tanımış, cavabdehə 2021-ci ildə pul vermiş, cavabdehə ilk dəfə 6000 manatı satıcısı Aygün xanımın yanında vermiş, sonra ayrı-ayrı vaxtlarda 7000 manat, 5000 manat, 2000 manat, 2000 manat olmaqla, cəmi 22.000 min manat pul vermiş, pulları verərkən cavabdeh şəxsən özü hər birinə görə ayrılıqda qəbzləri imzalamışdır. Daha sonra həmin borc məbləğərini cəmləyərək cavabdeh ona ümumilikdə 5000 və 17.000 manat (cəmi 22.000 manat) borcu olmasına dair iki yeni qəbz imzalamışdır. Borcu faizsiz verdiyindən cavabdeh borca görə faiz ödəməmiş, pula ehtiyacı olduğu və ondan borca pul istədiyi üçün ona borc vermişdir. xx.xx.2021-ci il tarixdə, yəni cavabdehə borc verdikdən sonra vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, başqa sözlə, cavabdehə borc verdiyi dövrdə vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır, ona görə də, hazırkı mübahisə kommersiya fəaliyyəti ilə bağlı deyil. Borc müqaviləsinin notariat ofisində bağlanmamasının səbəbi isə hər iki tərəfin – həm cavabdehin, həm onun buna təşəbbüs göstərməməsi olmuşdur. Cavabdeh həmçinin təklif etmişdir ki, aralarında icarə müqaviləsi bağlayaraq mağazanı ona versin, o da cavabdehlə icarə müqaviləsi bağlamaq üçün ona 5000 manat pul vermiş, lakin cavabdeh icarə müqaviləsini onun adına rəsmiləşdirməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının bildirdikləri tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəf qeyd edir ki, cavabdehlə 2021-ci ildə aralarında olan şifahi razılığa əsasən həmin mağazaya sərmayə qoyuluşunda iştirak etmiş, öz dilindən yazılı qəbzlər alaraq hissə-hissə xx.xx.2021-ci il tarixədək iki nəfər şahidin yanında və onların iştirakı ilə cəmi 22.000 min manat vermiş, cavabdeh verilən pulun qazancından ona müəyyən məbləğ verilməli olmuşdur. Sonra isə iddia ərizəsinə dəqiqləşdirmə edərək cavabdehə borc olaraq pul verdiyini bildirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə heç bir hüquqi əsas olmayan, qanunun tələblərinə uyğun olmayan formada əlyazma şəklində tərtib olunmuş qəbzlər sübut kimi təqdim olunmuşdur. Cavabdehə borc məbləğinin verilməsini əks etdirən həmin əlyazma qəbzlər bir qayda olaraq mülki hüquq münasibətlərində hüquq və vəzifələrin məhdudlaşdırılmasına yönələn bir sənəddir. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş heç bir hüquqi əsası olmayan əlyazma şəkilndə tərtib olunmuş qəbzlər sübut kimi qiymətləndirə bilməz və etibarsız hesab edilməlidir. Cavabdeh ona bildirmişdir ki, iddiaçı cavabdehə 8500 manat borc pul vermişdir. Cavabdeh həmin borcun 2500 manatını qaytarmış, 6000 manat borcu qalmışdır. Beləliklə, cavabdehin iddiaçıya cəmi 6000 manat borcu vardır ki, onu da qaytarmağa razıdır. Əvvəlki məhkəmə iclasında şahid Vəkilova Aygün Səməd qızı ifadə verərək bildirmişdir ki, cavabdehi tanımamış, sonradan iddiaçının vasitəsilə tanış olmuşdur. Onunla cavabdeh də daxil olmaqla lotoreya oynamışlar (500 manat), ilk pulu da məhz cavabdeh götürmüşdür. Sonradan cavabdeh ona maddi vəziyyətində problemlər olduğunu bildirmiş, o isə cavabdehə şərait yaratmışdır ki, lotoreya pulunu ikinci aydan ödəməyə başlasın. Dekabr-yanvar aylarında hissə-hissə ümumi 1070 manat ödəmiş, qalan pulu qaytarmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, onların izahat və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2021-ci il tarixdə İddiaçı qaytarmaq şərtilə 17.000 (on yeddi min) manat borc pul aldım. AA*******. İmza:... X5. Əlyazmanı özüm yazdım, heç bir təsir altında qalmadım. İmza:...” - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş əlyazmada qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X1 Ceyran Balı qızından xx.xx.2021-ci il tarixdə aldığım 17.000 (yeddi min) manat əl borcu olan pulu hissə-hissə bitənə qədər hər ay 600 manat olmaq şərtilə ödəyəcəm. Əl yazmanı kənardan heç bir təsir olmadan özüm yazdım.” - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2021-ci il tarixdə İddiaçı qaytarmaq şərtilə 5000 (beş min) manat borc pul aldım. AA*******. İmza:... X5. Əlyazmanı özüm yazdım, heç bir təsir altında qalmadım. İmza:...” - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada (surət) qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2020-ci il tarixdə İddiaçı 2 il müddətində qaytarmaq şərtilə 6.000 (altı min) manat borc pul aldım. AA*******. İmza:... X5. - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada (surət) qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2021-ci il tarixdə İddiaçı 2 il müddətində qaytarmaq şərtilə 7.000 (yeddi min) manat borc pul aldım. AA*******. İmza:... X5. Əlyazmanı özüm yazdım, heç bir təsir altında qalmadan. İmza:...” - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada (surət) qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 08.12.20-ci il tarixdə İddiaçı xx.xx.2020-ci il tarixində qaytarmaq şərtilə 2.000 (iki min) manat borc pul aldım. AA*******. İmza:... X5. - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada (surət) qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2021-ci il tarixdə İddiaçı 2 il müddətinə qaytarmaq şərtilə 3.000 (üç min) manat borc pul aldım. AA*******. İmza:... X5. - İş materiallarında olan X5 tərəfindən tərtib edilmiş və imzalanmış əlyazmada (surət) qeyd olunmuşdur: “Mən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyatov küçəsi, ev 10-da yaşayan X5 xx.xx.2020-ci il tarixdə İddiaçı xx.xx.2021-ci il tarixdə qaytarmaq şərtilə 6.000 (altı min) manat borc pul aldım. AA*******. İmza:... X5. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442-ci maddə). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1-ci maddə). Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh uzun müddətdir ki, bir-birlərini tanımışlar. Cavabdeh ticarətlə məşğul olmaqla ərzaq məhsulları mağazası işlətmiş, ticarət fəaliyyəti ilə əlaqədar, iddiaçıdan borc pul istəmiş, iddiaçı bu məqsədlə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ona cəmi 22.000 manat pul vermişdir (iddiaçının bildirməsinə görə, həmin pulun 5000 manatını başqa şəxsdən alaraq cavabdehə vermişdir). İddiaçı cavabdehə pul verdiyi zaman bu barədə cavabdehdən əlyazma formasında yazılı qəbzlər almış, daha sonra həmin məbləğləri cəmləyərək cavabdehin ona 17.000 manat və 5000 manat (cəmi 22.000 manat) borcu olmasına dair cavabdehdən iki ədəd yazılı qəbz almışdır. Cavabdeh iddiaçıya cəmi 1070 manat ödəmiş, uzun müddət keçməsinə baxmayaraq, qalan borcunu qaytarmamışdır. Cavabdehin nümayəndəsi və vəkili cavabdehin iddiaçıya cəmi 6000 manat borcu olduğunu bildirsə də, məhkəmə bununla bağlı qeyd edir ki, məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarının heç birində özü şəxsən iştirak etməmiş, iddiaçıya iddia tələbində qeyd olunan məbləğdə borcu olmaması barədə əsaslı dəlillərini nə şifahi formada məhkəməyə bildirmiş, nə də məhkəməyə bu barədə digər mötəbər sübut təqdim edə bilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə, məhkəməyə işin faktiki halları, iddia tələbində qeyd olunan borcun məbləği və necə yaranması barədə ətraflı izahat vermiş və onun izahatını təkzib edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə uyğun olaraq, iddiaçının izahatını mötəbər sübur kimi qəbul edir. Şahid ifadəsi barədə məhkəmə qeyd edir ki, dindirilmiş şahid hər iki tərəfi tanımaqla, iddiaçı və cavabdeh arasında olan borc məsələləri barəsində yaxından məlumatı olan şəxsdir. Onun ifadəsini şübhə altına salacaq hər hansı hal aşkar edilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-in 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan, tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 20.930 manat məbləğində borc tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 153 manat dövlət rüsumu cavabdehə aid edilməli, ondan alınaraq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 119, 216-220, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 20.930 (iyirmi min doqquz yüz otuz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2344/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2344/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver