Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-240/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 1720 manat, Cavabdeh1 100 manat məbləğində pulun və ödənilmiş 39 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onunla əsaslandırdı ki, "turbo.az" avtomobil elanı səhifəsində bir nəfər şəxsin "VAZ 21099" markalı avtomobili satması ilə bağlı elanla tanış olduqdan sonra həmin elan səhifəsində əlaqə üçün qoyulmuş ***-***-**- ** nömrəsinə zəng edərək avtomobili satan şəxslə əlaqə yaratmışdır. Həmin şəxs özünü avtomobilin sahibi kimi təqdim edərək alqı-satqı etmək niyyəti olarsa görüşüb danışmalarını bildirmişdir. Həmin avtomobilin qiyməti elan səhifəsində 2400 manat göstərilmişdir. İddiaçının telefon əlaqəsi zamanı qiymətlə bağlı suallarına “yerində baxarıq” cavabını vermişdir. O və atası X4 yaşadıqları Biləsuvar rayonu, Xırmandalı kəndindən Elman adlı şəxsin dediyi ünvana - Bakı şəhəri, Maştağa qəsəbəsinə taksi tutub getmişlər. Onlar orada görüşdükdə artıq iki nəfər olmuşlar. Telefonda əlaqə saxladığı şəxs özünü Cavabdeh2 kimi təqdim edərək bildirmişdir ki, "VAZ 21099" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onundur, xx.xx.2023-cü il tarixdə Allahverdi Qəniyev adlı şəxsdən etibarnamə ilə almışdır, lakin sənədlər, yəni əsas etibarnamə dostu Cavabdeh1 adına sənədləşdirilmişdir, hazırda maddi durumu zəiflədiyindən avtomobili satmaq qərarına gəlmişdir. Onlardan qiymətdən bir qədər aşağı düşməyi xahiş etmiş və daha sonra 1820 manatla razılaşmışlar. Bundan sonra Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Bakı “Asan Xidmət” mərkəzinə gedərək, orada Cavabdeh1 ona əsas etibarnamə vermiş və o da 1720 manatı Cavabdeh2, 100 manatı isə sənədləşdirmə işləri ilə əlaqədar, Cavabdeh1 vermişdir. Bundan sonra həmin avtomobilin öz adına sənədləşdirilməsi xərcləri iddiaçı ödəyəcəyinə görə, qiyməti elanda göstəriləndən aşağı - 1820 manata endirmişlər. xx.xx.2023-cü il tarixində avtomobili etibarnamə əsasında ona verilmiş hüquqlardan istifadə edərək öz qardaşının adına sənədləşdirməkdən ötəri adiyyatı üzrə Lənkəran şəhərində yerləşən texniki baxış və qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada "VAZ21099" markalı, **-BC-*** dövlət qeydiyat nişanlı avtomobilə baxış keçirilərək texniki pasportunda olan qeydlərə uyğunluğu yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, "VAZ21099" markalı **-BC-*** dövlət qeydiyat nişanlı avtomobilin ban nömrəsinin əhatəsində qaynaq işləri aparılmışdır. Bu səbəbdən həmin avtomobili sənədləşdirərək, qardaşının adına qeydə alınması mümkün olmamışdır. Bu haqda məlumat vermək üçün Cavabdeh2 mobil telefon nömrəsinə dəfələrlə zəng etmiş, lakin həmin nömrə bağlı olmuşdur. Digər tərəfdən, ona verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, avtomobilin mülkiyyətçisi haqqında da heç bir məlumatı olmamışdır. Çox çətin vəziyyətə düşmüşdür. O, DİN-in 102 qaynar xəttinə zəng edərək, cavabdehlərin telefonlarını söndürməsi və zənglərə cavab verməməsi, avtomobilin ban nömrəsində nöqsanların olması və bu səbəbdən avtomobilin qardaşının adına sənədləşdirilməsinin qeyri-mümükünlüyü barədə məlumat vermişdir. Şikayəti əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 baş verənləri təsdiq edən izahat verərək şikayətdə qeyd olunan xüsusatları təsdiq etmişlər. Cavabdeh2 izahat verərək göstərmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə "VAZ21099" markalı **-BC-*** dövlət qeydiyat nişanlı avtomobili Biləsuvar rayonu, Xırmandalı kəndi ünvanda yaşayan İddiaçı Şirinəli oğluna 1820 manat pul müqabilində satmışdır və bu alqı-satqı notarial qaydada Cavabdeh1 tərəfindən əsas etibarnamə verilməklə sənədləşdirilmişdir. Deməsinə görə, avtomobili satdıqdan sonra ona gələn müştəri zənglərinə görə mobil nömrəsini qırıb atmışdır. Cavabdeh1 izahat verərək göstərmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə "VAZ 21099" markalı **-BC-*** dövlət qeydiyat nişanlı avtomobili Cavabdeh2lə birlikdə İddiaçı Şirinəli oğluna 1820 manat pul müqabilində satmışlar və o, 4 saylı Bakı “Asan Xidmət” mərkəzində özündə olan əsas etibarnamə əsasında İddiaçı Şirinəli oğluna əsas etibarnamə vermişdir. Bu alqı-satqıya görə ona İddiaçı tərəfindən Cavabdeh2 tapşırığı ilə 100 manat pul verilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək, mübahisənin həlli üçün adiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində, ona 1820 manat zərər vurmuşlar. Hazırda o, cavabdehlər Cavabdeh2 1720 manat, Cavabdeh1 isə 100 olmaqla, cəmi 1820 manat məbləğində pul tələb edir. Göstərilənlərə əsasən, iddiaçı iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, mülkiyyətində olan dövlət nömrə nişanı **-BC-*** olan, “VAZ” markalı - 21099 model nəqliyyat vasitəsini satmaq məqsədilə "turbo.az" internet saytında yerləşdirmişdir. Vətəndaşlar tərəfindən nəqliyyat vasitəsi ilə əlaqədar müxtəlif vaxtlarda zənglər gəlmiş, lakin qiymətlərdə razılaşma mümkün olmamışdır. Bir müddət sonra Yusif adlı şəxs ona zəng edərək nəqliyyat vasitəsilə maraqlandığını bildirmişdir. O da etibarnamə ilə avtomobil verməyəcəyini, alqısatqı əsasında satışın baş tutacağını və nəqliyyat vasitəsinə yerində baxaraq qiymətdə müəyyən razılığa gələ biləcəklərini qeyd etmişdir. İddiaçı Şirinəli oğlu atası ilə xx.xx.2023cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nəqliyyat vasitəsinə alıcı kimi baxış keçirilməsi üçün görüşmüşlər, iddiaçı nəqliyyat vasitəsinin kosmetik vəziyyətinə, motorxanasına və salonuna baxış keçirmiş və motorun vəziyyətini müəyyən etmək üçün test sürüşü etmişdir. Qiymətdə də razılığa gələrək öz aralarında şifahi alqısatqı müqaviləsi əsasında nəqliyyat vasitəsini 1820 manata alıcıya satmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, nəqliyyat vasitəsi texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğunun yoxlanılması üçün qanunla nəzərdə tutulmuş qaydada həmin gün texniki baxışdan keçirilmiş, iddiaçının iddiasında qeyd edilənlər texniki baxış zamanı müəyyən edilməmiş və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçının iddiasına əsasən, nəqliyyat vasitəsini qardaşının adına sənədləşdirmək məqsədilə Lənkəran şəhərində yerləşən nəqliyyat vasitələrinin texniki baxış və qeydiyyat şöbəsinə müraciət etmiş, avtomobilin ban nömrəsində qaynaq izləri aşkar edildiyindən qeydiyyata alınmaqdan imtina edilmişdir. İddianın bu hissəsinin əsassızlığı nəqliyyat vasitəsinin sonuncu dəfə texniki baxışdan keçməsi və qanunla müəyyən edilmiş müvafiq sənədin verilməsi ilə təsdiq edilir. Nəqliyyat vasitəsini satdıqdan sonra davamlı gələn zənglərlə əlaqədar olaraq nömrəni dəyişmişdir və bu barədə iddiaçının şikayəti əsasında Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsində olarkən zəruri məlumatları vermişdir. Həmçinin bildirir ki, həmin avtomobilin ban nömrəsində hər hansı qaynaq işləri aparmamış, ümumiyyətlə, ban nömrəsində dəyişikliyin olmasından tamamilə xəbərsiz olmuşdur. Həmin qüsur ona əvvəldən məlum olsa idi, həmin avtomobili almazdı. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, digər Cavabdeh2 izahatını təsdiq etdi, iddia tələbini qəbul etməyərək izahatında əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostu Cavabdeh2lə birgə Allahverdi Qəniyev adlı şəxsdən “VAZ 21099” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 1200 manata almış və onun adına baş etibarnamə verilmişdir. Bundan sonra dostu Elmanla birgə avtomobili satmaq qərarına gəlmişlər və “turbo.az” elan saytında 2400 manata avtomobili satışa yerləşdirmişlər. Bir nəfər müştəri Elmana zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. Maştağa qəsəbəsində avtomobilə baxıldıqdan sonra 1820 manata satışını razılaşıb avtomobili texniki baxış etdirib sənədləşmə üçün Bakıxanov qəsəbəsində yerləşən 4 saylı “Asan Xidmət” mərkəzinə gəlmişlər. Burada İddiaçı adına baş etibarnamə vermişlər və Yusif ona 100 manat vermişdir. Bundan sonra dostu Elmanla həmin şəxsləri yola salmaq üçün Yasamal rayonu ərazisinə getmişlər. Avtomobili satarkən ban nömrəsində olan dəyişikliklər barədə onun hər-hansı məlumatı olmamışdır. Nəqliyyat vasitəsi satılanda ban nömrəsində qaynaq işləri aparılmamışdır. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2015-ci ildə verilmiş AC N 380719 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, buraxılış ili 1991-ci il olan "VAZ21099" markalı 50BC908 dövlət qeydiyat nişanlı avtomobil alqı-satqı müqaviləsinə əsasən X1 mülkiyyətindədir. - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, X1 adından onun verdiyi etibarnamə əsasında Cavabdeh1 ona məxsus buraxılış ili 1991-ci il olan "VAZ21099" markalı 50BC908 dövlət qeydiyat nişanlı avtomobillə bağlı cavabdeh İddiaçı 14 gün müddətinə - xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. - İddiaçı müraciəti ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Kənan Əliyev cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1994 nömrəli ekspert rəyindən görünür ki, tədqim edilmiş "VAZ21099" markalı 50BC908 dövlət qeydiyat nişanlı avtomobilin ban nömrəsi həkk edilmiş detalın perimetri boyunca (yəni hər tərəfindən) qaynaq işi aparılmışdır, birka isə qeyri zavod üsulu ilə bərkidilmişdir. Bu da həmin avtomobilin ban nömərsinin dəyişdirilməsinə dəlalət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2024-cü il tarixli ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3.-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçılə Cavabdeh2 arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən, X3 məxsus olan VAZ 21099" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil 1720 manat ödənilməklə iddiaçıya satılmışdır. İddiaçı həmçinin etibarnamə verilməsi üçün sənədləşdirmə işləri ilə əlaqədar, Cavabdeh1 100 manat əlavə ödəniş etmişdir. İddiaçı avtomobili sənədləşdirmək məqsədilə, xx.xx.2023-cü il tarixində DİN BDYP-nin müvafiq regional texniki baxış və qeydiyyat şöbəsinə müraciət etmişdir. Orada "VAZ21099" markalı, **-BC-*** dövlət qeydiyat nişanlı avtomobilin texniki pasportunda olan qeydlərə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, sözügedən avtomobilin ban nömrəsinin əhatəsində qaynaq işləri aparılmışdır (bununla bağlı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1994 nömrəli ekspert rəyindən görünür ki, tədqim edilmiş "VAZ21099" markalı 50BC908 dövlət qeydiyat nişanlı avtomobilin ban nömrəsi həkk edilmiş detalın perimetri boyunca (yəni hər tərəfindən) qaynaq işi aparılmışdır, birka isə qeyri-zavod üsulu ilə bərkidilmişdir. Bu da həmin avtomobilin ban nömərsinin dəyişdirilməsinə dəlalət edir). Bu səbəbdən, iddiaçının həmin avtomobili sənədləşdirərək adına qeydə alınması mümkün olmamışdır. Bununla bağlı o, Cavabdeh2 mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, həmin nömrə bağlı olmuşdur (cavabdeh bu halı nəqliyyat vasitəsini satdıqdan sonra davamlı gələn zənglərlə əlaqədar olaraq nömrəni dəyişməsi ilə izah edir). Bundan sonra o, DİN-in 102 qaynar xəttinə zəng edərək, bu barədə məlumat vermişdir. Şikayəti əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək, müraciətinin mülki xarakterli olması ona izah edilmişdir. Məhkəmə, avtomobilin sənədləşdirilməsini qeyri-mümkün edən "VAZ21099" markalı 50BC908 dövlət qeydiyat nişanlı avtomobilin ban nömrəsi həkk edilmiş detalın perimetri boyunca qaynaq işlərinin aparılmasında iddiaçının təqsirinin müəyyən olunmadığını, bu halın daha əvvəl baş verdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 587.2, 587.2.1-ci maddəsinə əsaslanaraq, cavabdehlərdən ödədiyi cəmi 1850 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia təmin edilərək, Cavabdeh2 1720 manat, Cavabdeh1 100 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 39 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın təmin edilərək, Cavabdeh2 1720 manat, Cavabdeh1 100 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 37,20 manat hissəsi Cavabdeh2, 1 manat hissəsi isə, Cavabdeh1 aid edilərək, onlardan iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli ekspert təqdiqatının dəyəri 110 manat təşkil edir və həmin məbləğ də cavabdehdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 1720 (min yeddi yüz iyirmi) manat, Cavabdeh1 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 37,20 (otuz yeddi manat, iyirmi qəpik) manat hissəsi Cavabdeh2, 1 (bir) manat hissəsi isə, Cavabdeh1 aid edilərək, onlardan iddiaçının xeyrinə tutulsun. İş üzrə çəkilmiş 110 (yüz) manat ekspertiza xərci cavabdehlərə aid edilməklə, onlardan müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-240/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-240/2024
01.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver