Məhkəmə qərarları › İş №2(008)-2423/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2423/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2423/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.07.2006-cı il təvəllüdlü Hüseynov Məhəmməd İsax oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2013 saylı, 15.11.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 175 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, bildirdi ki, hal-hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2013 saylı, 15.11.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına ehtiyac vardır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 2021-ci il üçün yaşayışı minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Birgə nikahlarından anadan olmuş Hüseynov Məhəmməd İsax oğlu epilepsiya xəstəliyindən əziyyət çəkir, ona görə də, həkim məsləhəti ilə hər üç aydan bir elektroensefaloqrafiya (EEQ) müayinəsi olunmalıdır. Onurğasında da qüsurlar olduğuna görə, həkim göstərişi ilə ona müalicəvi massajlar, üzgüçülük təyin olunmuşdur ki, bu da əlavə xərc tələb edir. Heç yerdə işləmir, uşağına baxır. Cavabdeh isə işləyir və aylıq gəliri tələb etdiyi məbləğdə alimenti ödəməyə imkan verir. Ona görə də, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, əvvəllər ətir ticarəti ilə məşğul olsa, hal-hazırda isə maddi imkanı zəifdir, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Ona görə də, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2013 saylı, 15.11.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 22.07.2006-cı il təvəllüdlü Hüseynov Məhəmməd İsax oğlunun anası X1 yanında saxlanılması, Cavabdeh 10.07.2013-cü il tarixdən başlayaraq, Hüseynov Məhəmməd İsax oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün X1 xeyrinə hər ay 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikahın ləğv edilməsi haqqında 07.02.2014-cü il tarixdə, 49 sayı ilə akt qeydləri kitabında qeydiyyat edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.10.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 22.07.2006-cı il təvəllüdlü Hüseynov Məhəmməd İsax oğlunun atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlar üçün "xxxx" Sosial Müəssisəsi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən valideyn himayəsindən məhrum olmuş məzunlar üçün inşa edilmiş "xxxx" Sosial Müəssisəsinə məxsus olan binada yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatın surətindən müəyyən olunur ki, Hüseynov Məhəmməd İsax oğlu sağlamlıq imkanları məhdud uşaqdır. İş materiallarına əlavə edilmiş “MayoMed” Klinikası tərəfindən verilmiş 04.02.2021-ci il tarixli rentgen müayinəsindən görünür ki, Hüseynov Məhəmməd İsax oğluna “onurğa sütununun grade 1 skoliyozu” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş müayinənin nəticəsindən görünür ki, Hüseynov Məhəmməd İsax oğlu 16.01.2017-ci tarixdə “Mədinə” Tibb Mərkəzi tərəfindən elektroensefaloqrafiya (EEQ) müayinəsindən keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun miqdarı, eləcə də, tərəflərin birgə nikahından olan 22.07.2006-cı il təvəllüdlü Hüseynov Məhəmməd İsax oğlunun sağlamlıq vəziyyəti, onun müayinə və müalicəsi üçün tələb olunan xərclər nəzərə alınmaqla, alimentin miqdarı artırılaraq, hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, cavabdeh Cavabdeh oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5334/2013 saylı, 15.11.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 22.07.2006-cı il təvəllüdlü Hüseynov Məhəmməd İsax oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, iddiaçı X2 ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar