Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2424/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Şirinova Aygün Rauf qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1756.94 manat məbləğində kredit borcu, 320.13 manat məbləğində faiz borcu və 651.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2728.59 manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə 08.02.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit müqaviləsi əsasında Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% olmaqla, 32 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 10.03.2020-ci il tarixdən ödənilməsi planlaşdırılan aylıq üçün kredit borcunu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 743.06 manat ödəniş etmiş və iddiaçıya 1756.94 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, borclunun kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 308 gün üçün hesablanmış faiz borcu 320.13 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 12.01.2021-ci il tarixə 308 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 651.52 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə, kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır, ona görə də kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, İddiaçı QSC ilə 08.02.2019-cu il tarixdə bağladığı kredit müqaviləsinə əsasən, 32 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. O, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən hərbi zavodda tornaçı işləmişdir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar həmin zavod fəaliyyətini dayandırmışdır. Əvvəllər borcundan ödənişlər etsə də, sonradan işlədiyi yerin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq, maddi vəziyyəti pisləşmiş, banka ödənişlərini davam etdirə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, 08.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh1 zamin durmuşdur. Onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən hərbi zavodda işləmişlər. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar həmin zavod fəaliyyətini dayandırmışdır. Cavabdeh1 əvvəllər borcundan ödənişlər etsə də, sonradan işlədiyi yerin fəaliyyətini dayandırması ilə əlaqədar olaraq, maddi vəziyyəti pisləşmiş, banka ödənişlərini davam etdirə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Mərdəkan filialı ilə Cavabdeh1 arasında bağlanılmış 08.02.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsinə əsasən, bank borcalana 32 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Mərdəkan filialı ilə Cavabdeh2 arasında bağlanılmış 08.02.2019-cu il tarixli, 021G**********01 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 08.02.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 11.03.2019-cu il tarixdən 08.09.2021-ci il tarixədək aylıq 108 manat, 08.10.2021-ci il tarixdə 119.50 manat baka ödəniş etməlidir. İş materiallarında olan 29.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08.02.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 12.01.2021-ci il tarixə 1756.94 manat məbləğində kredit borcu, 320.13 manat məbləğində faiz borcu və 651.52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2728.59 manat məbləğində borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdehlər 12.01.2021-ci il tarixdən sonra banka ödəniş olunmadığını bildirdilər. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar olunmuşdurlar. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə sonuncu ödənişi 27.02.2020-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zamin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 1756.94 manat məbləğində kredit borcu, 320.13 manat məbləğində faiz borcu tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08.02.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 1756.94 manat məbləğində kredit borcu, 320.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2087,07 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış 08.02.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 08.02.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 1756.94 (on yeddi min əlli altı manat doxsan dörd qəpik) manat məbləğində kredit borcu, 320.13 (üç yüz iyirmi manat on üç qəpik) manat məbləğində faiz borcu və 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2087,07 (iki min səksən yeddi manat yeddi qəpik) manat məbləğində pul tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2424/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2424/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver