Məhkəmə qərarları › İş №2(008)-2457/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2457/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2457/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 09.09.2019-cu il tarixli, NSMK- 909_KMP saylı kredit müqaviləsi üzrə 7269,39 manat əsas borc, 55,6 manat faiz borcu olmaqla, cəmi 7324,99 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 1 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 7287,39 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 09.09.2019-cu il tarixdə İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə banka olan borcu - 7269,39 manat əsas borc, 55,6 manat faiz borcu olmaqla, cəmi 7324,99 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında güzəştli şərtlərlə bağlanmış 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən, sonuncuya illik 1 % faiz dərəcəsi ilə 60 ay müddətinə 7287,39 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 09.09.2019-cu il tarixli zaminlik müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, zamin 09.09.2019-cu il tarixli, NSMK-909 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 09.10.2019-cu il tarixdən 09.09.2024-cü il tarixədək 7287,39 manat əsas borca, 227,70 manat faiz borcuna görə olmaqla, ümumilikdə 7509,09 manat məbləğində banka ödəniş etməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 23.10.2020-ci il tarixli bildirişin təsdiq olunmuş surətindən görünür ki, cavabdehərə yaranmış borcu 3 gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə, borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 22.01.2021-ci il tarixli, RB- 02/PK-685 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 09.09.2019-cu il tarixli, NSMK- 909_KMP saylı müqavilə üzrə bank borcu - 7269,39 manat əsas borc, 55,6 manat faiz borcu olmaqla, cəmi 7324,99 manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zamin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, Cavabdeh2 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə güzəştli şərtlərlə bağlanmış 09.09.2019-cu il tarixli, NSMK-909_KMP saylı kredit müqaviləsi üzrə 7269,39 manat məbləğində əsas borc, 55,6 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 7324,99 manat məbləğində pul tutulmalıdır. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7269,39 (yeddi min iki yüz altmış doqquz manat otuz doqquz qəpik) manat əsas borc, 55,6 (əlli beş manat altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 7324,99 (yeddi min üç yüz iyirmi dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar