Məhkəmə qərarları › İş №2(008)-2470/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2470/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2470/2022 23.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif oğlunın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı ASC-nın nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 4547,86 manat əsas borc, 408,74 manat faiz borcu və 255,58 manat cərimə borcu olmaqla ümumilikdə 5212,18 manat borcun və 72,12 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17,5 faizlə 24 ay müddətinə 35000 manat kredit götürmüşdür. Eyni gündə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2022-ci il tarixədək Cavabdeh1 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 4547,86 manat əsas borc, 408,74 manat faiz borcu və 255,58 manat cərimə borcu olmaqla ümumilikdə 5212,18 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, ödəniş qrafikinə əsasən aylıq ödəniş məbləği 1,738.90 manat təşkil etmişdir. Cavabdeh1 götürdüyü krediti bir il ərzində bağlayacağını nəzərə alaraq, Bankın əməkdaşı tərəfindən ona bir illik ödəniş qrafiki də təqdim edilmişdir (imzasız və möhürsüz). Həmin qrafikə əsasən aylıq ödəniş məbləği 3,142.55 manat təşkil etmişdir. Cavabdeh1 kredit üzrə aylıq 3,143.00 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 xx.xx.2021- ci il tarixdə Banka yaxınlaşaraq kredit borcunu tam şəkildə bağlamaq istədiyini bildirmişdir. Bank tərəfindən Cavabdeh1 xx.xx.2021-ci il tarixə cəmi 507.76 manat borcunun olduğunu bildirmiş və Cavabdeh1 həmin məbləği Banka ödəmişdir. Qeyd olunan kredit borcu üzrə Banka borcunun olmaması ilə bağlı Əmil Əlbalayevə son ödənişi təsdiq edən mədaxil qəbzi (həmin qəbzin üzərində “verilmiş kreditlər üzrə daxilolmalar tam ödəniş” qeyd olunmuşdur) və hesabdan çıxarış (çıxarışın üzərində “dövrün sonuna qalıq - 0” qeyd olunmuşdur) təqdim edilmişdir. Həmçinin, Bankın rəsmi mobil tətbiqində də kredit borcunun sıfırdandığı göstərilmişdir. Bundan sonra Cavabdeh1 digər bir banka müraciət edərək, yüksək məbləğdə başqa kredit götürmüşdür. 2021-ci ilin sentyabr ayının 15-dən başlayaraq X6 tərəfindən sms-lər vasitəsilə bildirilmişdir ki, 390.79 manat məbləğində gecikmiş borcu yaranmışdır. Və bu məbləğ hər növbəti sms-də arta-arta 938.03 manata çatmışdır. Bu qeyri-müəyyənliyin aradan qaldırılması üçün Cavabdeh1 xx.xx.2021 -ci il tarixdə Banka yazılı məktub ilə müraciət etmişdir. Təəssüflər olsun ki, həmin məktuba bugünədək cavab gəlməmişdir. Əksinə, xx.xx.2022-ci il tarixində Bank tərəfindən Cavabdeh1 xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, guya Cavabdeh1 müqavilənin şərtlərini pozaraq Banka olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Lakin, həmin xəbərdarlıqda gecikmə məbləği və Cavabdeh1 Banka olan borcu barədə heç nə qeyd olunmamışdır. Yalnız xx.xx.2022-ci il tarixli məktubda Bank tərəfindən nəhayət ki, mövcud vəziyyətə açıqlama gətirilmiş, öz sistemlərində olan xəta səbəbindən Cavabdeh1 qalıq borc məbləğini yanlış hesablamış olduqlarını və Cavabdeh1 borcu bağlaması barədə sənəd verdiklərini etiraf etmişdirlər. Mülki Məcəllənin 529-cu maddəsinə əsasən, öhdəliyin icrasının qəbulu öhdəliyə xitam verilməsinə səbəb olur. Bu səbəbdən də, Cavabdeh1 tam ödənişi etdiyini təsdiq edən sənəd verildiyi an öhdəliyinə xitam verilmişdir. Aydın məsələdir ki, Cavabdeh1 hər hansı krediti üzrə gecikməsi olsa idi, bu krediti bağladıqdan sonra başqa bankdan kredit götürdüyü vaxt, bunun barəsində ona məlumat verə və kreditin verilməsindən imtina edərdilər. Ümumiyyətlə, ödəniş qrafiki üzrə aylıq 1,738.90 manat ödəməli olan Cavabdeh1 bunun müqabilində hər ay 3,143.00 ödəniş etmişdirsə, məntiqi olaraq belə bir sual yaranır: Cavabdeh1 necə gecikməyə düşə bilərdi? Cavabdeh1 cərimə və faiz hesablanması da tamamilə qanunsuzdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.4-cü maddəsinə görə, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bu səbəbdən də, Cavabdeh1 qanunsuz olaraq hesablanmış faiz və cərimələrə görə hər hansı məsuliyyət daşımır. Qeyd olunanlar nəzərə alınaraq, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin Cavabdeh1 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, bankın elektron sistemində xəta baş verdiyindən 3143 manat ödəniş iki dəfə mədaxil edilmiş, sonradan xəta anlaşılandan sonra həmin məbləğ bərpa edilmişdir. İddiaçı həqiqətən iki dəfə həmin məbləği ödəyibsə, ödəniş qəbzini məhkəməyə təqdim etsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17,5 faizlə 24 ay müddətinə 35000 manat kredit götürmüş, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. Ödəniş qrafiki üzrə aylıq 1,738.90 manatın ödənilməsi nəzərdə tutulmuşdur (əsas borc və faiz). Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 hər ay gecikdirmə olmadan 3,143.00 manat məbləğində ödəniş etmiş, xx.xx.2021-ci il tarixdə həmin məbləğ 3,143.00 manat səhvən iki dəfə mədaxil edilmişdir. Bu səbəbdən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 507,76 manat ödəniş edən zaman onun borcu sıfırlanmış və ona təqdim edilən qəbzin üzərində “verilmiş kreditlər üzrə daxilolmalar tam ödəniş” qeyd edilmişdir. Bundan sonra Cavabdeh1 ödənişi dayandırmış, sonradan Bank tərəfindən xəta aradan qalıdırılandan sonra ona iddia ərizəsində tələb edilən borc məbləği hesablanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 4547,86 manat, faiz borcu 408,74 manat və cərimə borcu 255,58 manat olmaqla, ümumilikdə 5212,18 manat təşkil edir. Məhkəmə iclasında təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış əsas borcu 4547,86 manat, faiz borcu 684,71 manat və cərimə borcu 1893,79 manat olmaqla, ümumilikdə 7126,36 manat təşkil edir. Eyni tarixdə kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada cavabdehlərdən 4547,86 manat əsas borc, 408,74 manat faiz borcu və 255,58 manat cərimə borcu olmaqla, ümumilikdə 5212,18 manat borcun tutulmasını istəyir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərdən borcun ödənilməsinin tələb edilməsi, əks təqdirdə borc tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan cavabdehlər tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Borcun tutulması eyni zamanda zamindən də tələb edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən əsas və faiz borcu ödənilməlidir. Belə ki, bankın elektron sistemində xətanın baş verməsi nəticəsində cavabdehin borcunun səhvən sıfırlanması onu həmin borcu ödəməkdən azad etmir. Məhkəmə hesab edir ki, borclu özü də hesab aparmalı idi və bankın səhvindən istifadə edərək ödənişi dayandırmamılı idi. Eyni zamanda məhkəmə hesab edir ki, iddia cərimə borcunun tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, borclu müqavilə üzrə nəzərdə tutulan məbləğləri gecikdirmədən artıqlaması ilə ödədiyindən və son ödənişləri bankın səhvi nəticəsində dayandırdığından ondan cərimə pulu tutula bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4547,86 manat əsas borc, 408,74 manat faiz borcu olmaqla, ümumilikdə 4956,60 manat borc tutulmalı, iddia 255,58 manat cərimə borcunun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəm hesab edir ki, iddia 91 % hisssəsində təmin edildiyindən, ödənilmiş 72,12 manat dövlət rüsumunun 6,50 manatı iddiaçıya aid edilməli, 65,62 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 4547,86 manat əsas, 408,74 manat faiz borcu, ümumilikdə 4956,60 manat borc və ödənilmiş 65,62 manat dövlət rüsumu tutulsun. İddia 255,58 manat cərimə borcunun tutulması hissəsində rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 6,50 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar