Məhkəmə qərarları › İş №2(008)-2477/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2477/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2477/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1300 manat mələğində pulun və ödənilmiş 33 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ondan borc məqsədi ilə 1300 manat pul alaraq ona geri qaytarmır. Cavabdeh ona hər dəfə yalan deyərək onun pulunu qaytarmaq istəmir. O, 1300 manat pulu Maştağa qəsəbəsi Nihat diş klinikasının birinci mərtəbəsində fəaliyyət gösdərən Zeynəb gözəllik salonunda işləyən zaman xx.xx.2022-ci il tarixdə Cavabdeh vermişdir. Cavabdeh borcu ödəməmək üçün bəhanələr axtarır. Dəfələrlə cavabdehdən pulunu istəməsinə baxmayaraq, cavabdeh pulun qaytarılmasından boyun qaçırır. Cavabdehlə bu barədə dəfələrlə söhbət etməsinə baxmayaraq, onun sözlərinə hörmətsiz yanaşmışdır. Cavabdehə şifahi şəkildə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh pulu qaytarmadığına görə məcburiyyət qarşısında qalaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət etmişdir. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirmişdir ki, müraciətində göstərilən xüsusatlar DİN-nin səlahiyyətində aid olmadığı üçün mülki qaydada aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsindəki xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 15 avqustda Leyla xanımın salonunda dırnaq ustası kimi işləmişdir. Cavabdeh ondan 1300 manat borc pul istəmiş və 1 aya qaytaracağını demişdir. O da cavabdehə 1300 manat pulu borc kimi vermişdir. Ehtiyacı var deyə pulunu geri istəmişdir. Anası əməliyyat olunanda da ehtiyacı yaranmış, pulu cavabdehdən geri istəmiş, lakin sonuncu pulu qaytarmamışdır. Polisə də müraciət etmişdir, lakin müraciətinin təmin edilməsindən imtina edilərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hamilə olan vaxt min manata ehtiyacı yaranmış, onda da cavabdehdən pulunu istəmiş, lakin o, pulu qaytarmamışdır. Cavabdehə pulu faizlə verməmişdir, pulu mətbəxdə vermişdir, heç kəs şahid olmayıb, sübut kimi yazışmalar var. Cavabdehə verdiyi 1300 manatdan heç bir ödəniş olunmamışdır, əgər ödəniş edibsə, bunu cavabdeh sübut etsin. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, 15 avqustda qardaşı tutulmuşdu, o, salonda telefonla danışırdı, ona pul lazım idi. İddiaçı özü ona yaxınlaşdı, faizə pul verdiyini və ona da pul verə biləcəyini dedi. O, iddiaçıdan nə qədər pul verə biləcəyini, iddiaçı da ona nə qədər pul lazım olduğunu soruşmuşdur. O da iddiaçıya ona 2000 manat pul lazım olduğunu demişdir. Növbəti gün iddiaçı ona 2000 manat pul vermişdir. 2022-ci ilin avqustunda o, iddiaçıdan həmin 2000 manat pulu götürmüşdür. 2023-cü ilin yanvarın 7-də o, lazer aparatını satmış və iddiaçıya 2000 manat pul və üstündə faizini də vermişdir. Həmin müddət ərzində faiz borcu 950 manat olmuşdur. Whatsapp yazışmalarını da çıxarsa idi, yaxşı olardı. O, iddiaçıya həmin 950 manatı da geri verəcəyini demişdir. İddiaçı həm ona, həm bacısına, həm qonşusuna faizlə pul vermişdir. İddiaçının əri də polisdə işləyir, hər ikisi onu təhdid edib. Dediyi kimi iddiaçıdan aldığı əsas borc olan 2000 manatı ona geri vermiş, onun faizi kimi hesabladığı 1300 manatın da 350 manatını vermiş, geriyə 950 manat ödəmədiyi pul qalmışdır. İkisi də pulu alıb qaytarmağı təsdiq edə bilməzlər, sübutları yoxdur. İddiaçıya pulu məhkəməyə müraciət etdiyi vaxtdan çox-çox əvvəl ödəmişdir. İddiaçı ona pul verəndə yanlarında heç kim olmayıb, çünki özlərinin faizə pul verdiyini heç kəsin bilməsini istəmirdi. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Bölməsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3/2-A-1003 nömrəli məktubdan görünür ki, müraciətdə göstərilən xüsusatlar DİN-nin səlahiyyətlərinə aid olmadığı üçün qaldırılan məsələnin müsbət həlli mümkün olmamış, məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, aralarındakı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 1300 manat məbləğində borc pul vermişdir. Qeyd olunan tarixdə iddiaçıdan borc pul aldığını cavabdeh də məhkəmə iclasında etiraf etdiyindən, pulun verilməsi işin mübahisəsiz halıdır. İddiaçı iddia edir ki, pulun verilməsindən uzun müddət keçməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh aldığı pulu qaytarmamışdır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatda iddiaçıdan xx.xx.2022-ci il tarixdə 2000 manat borc pul aldığını, həmin pulu xx.xx.2023-cü il tarixdə iddiaçıya qaytardığını, iddiaçının ondan aldığı pula 1300 manat faiz hesabladığını, faizin 350 manatını verdiyini, hazırda 950 manat ödənilməmiş faiz borcunun olduğunu bildirsə də, etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, izahatında pulu qaytarmasına dair sübutlarının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı mübahisədə borcun qaytarılmasını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində borc və 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar