Məhkəmə qərarları › İş №2(008)-2484/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2484/2020

17.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2484/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 100 000 manat mənəvi ziyanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2004-cü il tarixdə birgə nikahda olmuş, birgə nikahdan iki övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 doğulmuş, Bakı Apellyasiya Məhkəməsinin hazırda qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun himayəsində qalması qət edilmişdir. Nikahın pozulması gedişatında cavabdeh hər vasitələrlə onu məhkəmə orqanlarında, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanında, eləcə də uşaqların oxuduqları məktəbdə, ümumi tanışlarının yanında onu biabır etmək, adını psix, qeyri düzgün həyat tərzi keçirməkdə, xəyanətkar kimi, uşaqlarının qayğısına qalmamaqla, barlarda gəzən qadın kimi sözlərlə barəsində mənfi fikirlər formalaşdırmağa çalışmaqla, bunu yazılı şəkildə yazmaqla, səsləndirməklə onu mənəvi iztiraba salmış, o, əziyyətlər çəkmiş, əsəb sarsıntısı keçirmiş, diskomfort şəraitində yaşamağa məcbur olmuş və bu hal artıq 2018-ci ilin may ayından hazıra kimi davam edir. Halbu ki, bu hallar öz təsdiqini tapmamış, Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının rəyi ilə uşaqların onun yanında qalması məqsədəmüvafiq hesab edilmiş, uşaqlarına yaxşı ana olması və bu səbəbdən də himayəsində qalması həm qəyyumluq orqanının rəyi, həm məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Cavabdeh etiraz vermiş və etirazının onunla əsaslandırmışdır ki, İddiaçı ona hər iki oğlanlarının gözü qarşısında xx.xx.2018-ci il tarixdə yaşadıqları evdə mətbəx bıçağı ilə üz hiyyəsinə qəsdən vuraraq sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Bundan əlavə İddiaçı cinayət əməllərini davam etdirərək yenidən xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində göstərilən xüliqanlıq cinayətini törətmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə M.Əhmədovpa həmin maddə ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir.(onun barışıq ərizəsinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi xitam edilmişdir). Bundan başqa İddiaçı və guya onun dostları ilə birlikdə xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon ərazisində onu və öz doğma qardaşını öldürməklə hədələmələrinə görə Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə, İddiaçı Xəzər RPİ-də onu zorlmaqda, sonradan isə ağır cinayət törətməkdə ittiham edərək biləbilə yalan xəbərçilik etməsinə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə material araşdırılmışdır. İddiaçı psixiki xəstəlikdən əziyyət çəkmiş və onun müalicəyə ehtiyacı vardır. Bunun əsas kimi onun dərman peraparatlarını uzun müddət qəbul etməsi, anonim müalicələr alması, müxtəli xəstəxanalarda ağır narkozlu əməliyyatlara məruz qalması və son dövrlərdə müalicələr almadığına görə aqressivləşərək hərəkətlərini idarə etmək iqtidarında olmaması və bunun nəticəsində davamlı olaraq cinayət əməlləri törətmişdir. İddiaçı şəkillərinin bir neçəsini oğlu Kənan çəkdiyini etiraf etmiş, məhz bu şəkillərdə İddiaçı özü yaratdığı instagram səhifəsində paylaşmışdır. İddiaçı iddia tələbində mənəvi zərərin məbləğinin necə yaranmasını, şərəf və ləyaqətininin alçaldılmasının hansı formada cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlərin ollub-olmaması, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi, öz sağlamlığına hansı qaydada zərər vurulmasına dair sübutlar təqdim etmədiyindən onun iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun vəkili X6 iddianı qəbul etmədilər və etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2005-ci il təvəllüdlü X5 doğulmuş, Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşaqlar ananın himayəsində saxlanılmaqla aralarındakı nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisəsi zamanı əlindəki soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun üz nahiyyəsinə bir neçə dəfə vuraraq ümumilikdə sğlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə zərərçəkmiş şəxs Cavabdeh ilə barışdığına görə xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokurorunun köməkçisinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh ona qarşı fiziki güc tətbiq edərək onu zorlaması barədə ərizə ilə müraciət etmiş, həmin qərardada əsasən İddiaçı müraciətində göstərdiyi xüsusat öz təsdiqini tapmadığından və toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Hazırda iddiaçı cavabdehdən 100 000 manat mənəvi ziyanın xeyrinə tutulmasını istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. «Şərəf və ləyaqətin müdafiəsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il 7 №-li tarixli Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Qərarda eyni zamanda qeyd edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsalattəsərrüfat, xidmət və istimai fəaliyytlə əlaqədar vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətlindirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğyn olmaması, yəni yalan olması anlaşılır. Məlumatın başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Qanunvericiliyin tələbinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, iddiaçı onun şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasını sübut etməli idi. Məhkəmə hesab edir ki, cavabdeh öz konstitusion hüquqlarından istifadə edərək qanuna zidd olmayan üsullardan istifadə edərək hüquqlarını müdafiə etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan - iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyi üçün İddiaçı Cavabdeh qarşı mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinın 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar