Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2486/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat, vurulmuş mənəvi zərərə görə isə 2500 (iki min beş yüz) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 95 (doxsan beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayonu Məmmədli kənd ərazisində yerləşən 2 mərtəbəli ev almışdır. Aralarında olan razılaşmaya əsasən 90000 (doxsan min) manata cavabdeh torpağın və evin çıxarışını ona vercəkdir. Razılaşdırılmış 90000 (doxsan min) manatın 85000 (səksən beş min) manatı bank vasitəsi ilə, 5000 (beş min) manatı isə evin çıxarışını almaq üçün nağd şəkildə verilmişdir. Lakin torpağın çıxarışı ona təqdim olunsa da, evin çıxarışı indiyinədək ona təqdim olunmamışdır. Əlavə olaraq o vətən müharibəsi qəhrəmanı polkovnik Zaur Nurdəliyevin qaynatasıdır. X4 şəhid olduqdan sonra nəvəsi Pəri Nurdəliyeva gecələr tez-tez əsəb (panic-atak) pozğunluğu keçirdiyindən, dəfələrlə təcili tibbi yardıma müraciət olunmuşdur. Həkimlərin rəyinə əsasən onları başqa bir ünvanda yaşamaları üçün özünün yaşadığı ünvana yaxın olan ərazidə ev almaq və onlara daha tez-tez baş çəkib dəstək olmaq qərarına gəlmişdir. Bu səbəbdən evi şəhid ailəsi olan qızına və nəvələrinə almışdır. Dəfələrlə şifahi formada xəbərdarlıqlar etməsinə baxmayaraq, cavabdeh evin çıxarışını ona təqdim etməkdən imtina etmişdir. Şikayəti əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli məktubla ona məsələnin mülki xarakterli olduğu, ona mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh evin çıxarışını düzəltmək üçün ondan 5000 (beş min) manat alaraq, ona maddi ziyan vurmuşdur. Hazırda pulu qaytarmaqdan imtina edir və cavabdehin onu aldatması nəticəsində şəkər xəstəliyinə tutulmuşdur. Bu məsələ ilə bağlı vaxtını itirmiş, əlavə xərclərə düşmüşdür. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “pul tələbinə” dair iddiası üzrə ondan tələb etdiyi 5000 (beş min) manat, vurulmuş mənəvi zərərə görə isə 2500 (iki min beş yüz) manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 95 (doxsan beş) manat pulun alınaraq ona verilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbin qəbul etmədiyini bildirdi. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə ederək, bu müddət ərzində cavabdehin hərəkətlərinin nəticəsi olaraq mənəvi iztirab çəkdiyini, bunun nəticəsində şəkər xəstəliyinə tutulduğunu, həmin sənədləri də məhkəməyə təqdim etdiyini, ümumi evin alqı-satqısını 90.000 manata razılaşdığını, 85000 manatı notariatda alqı-satqı bağlanan zaman notariusun depozit hesabına yatırdığını, 5000 manatı isə evin çıxarışını almaq və digər çatışmayan kombi, aksesuarların quraşdırılması ilə bağlı verdiyini bildirmişdir. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, sənədləşmə üçün pul almadığını, evlərə kombini quraşdırılması üçün, çıxarışı almaq üçün kömək etməyi öhdəsinə götürdüyünü, lakin 5.000 manatın əvəzinə kömək etmədiyini, İddiaçı 85.000 manat pulu notariusda aldığını, 5.000 manatın 2.000 manatını notariat kontorunda onun adından ev alqı-satqısı ilə məşğul olan şəxslərə faiz olaraq İddiaçı tərəfindən verdiyini, qalan 3.000 manatın 2.000 manatını kombi və radiatoru quraşdırılması üçün verdiyini, 1.000 manatı isə evin eskiz layihəsinin çəkilməsi və çıxarışını alınması üçün verəcəyini bildirsə də, 500 manatını vermiş, 500 manatını hələ də vermədiyini bildirmişdir. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Sabunçu rayonu, Zabrat qəsəbəsində ofisi olduğunu və orada işlədiyini, İddiaçı ev almaq üçün ona müraciət etdiyini, Cavabdeh məxsus evinin onun vasitəsi ilə satıldığını, tərəflər evin alqı-satqısını 90.000 manata razılaşdıqlarını, 85.000 manat pulu verdikdən sonra qalan 5.000 manat pulu evdə çatışmayan kombi sistemi, digər aksesuarlar mətbəx mebeli alındıqdan və çıxarış əldə edildikdən sonra ödəyəcəyini, Cavabdeh əvəzindən makler xərcini İddiaçı tərəfindən onlara 2000 manat pul verdiyini və əlavə olaraq İddiaçı hədiyyə olaraq 200 manat pul aldığını bildirmişdir. 23 aprel 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində İddiaçı və Cavabdeh ev alqı-satqısı üçün razılaşanda birlikdə olduqlarını, Cavabdeh evi 90.000 manat satdığını, İddiaçı 85.000 manat pulu ilkin olaraq notariusun depozit hesabına ödədiyini, qalan 5.000 manatın 2.000 manatını Cavabdeh adından faiz olaraq onlara verdiyini, əlavə olaraq İddiaçı onlara hədiyyə olaraq öz adından 200 manat pul verdiyini, qalan 3000 manatı sənədləşmə işlərindən sonra verəcəyi barədə aralarında danışıq olduğunu, lakin çıxarışı almaq üçün də Cavabdeh köməklik edəcəyinə söz verdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı qiymətləndirərək, tələbin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunan 13 fevral 2023-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 (nümayəndəsi Cavabdeh) ünvan 1i ünvanında yerləşən, umumi sahəsi 0.03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcı İddiaçı 85000 manata satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə, Cavabdeh arasında ünvan 1 ərazisində yerləşən 2 mərtəbəli evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı 90.000 manata razılıq olmuş, İddiaçı 85.000 manat pulu alqı-satqı zamanı notariat kontorunda bank vasitəsi ilə, Cavabdeh ödəmiş, qalan 5.000 manat pulun 2.000 manatını satıcının xahişi ilə onun adından ev alqı-satqısı ilə məşğul olan X3 və X1 faiz olaraq ödəmiş, 2.000 manatı pulu kombi və radiatoru quraşdırılması üçün, qalan 1.000 manat puldan 500 manatı tikiliyə çıxarış almaq üçün vermişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Cavabdeh izahatında İddiaçı 85.000 manat pulu notariusda ona verdiyini, İddiaçı 5.000 manat pulun 2.000 manatını faiz olaraq ofisdəki işçilərə verdiyini, qalan 3.000 manatın 2.000 manatını kombi və radiator quraşdırmaq üçün, qalan 1.000 manatı isə evin sənədləşmə işləri aparılaraq, tikiliyə çıxarış alındıqdan sonra verəcəyini bildirsə də, 500 manatı versə də, qalan 500 manatı vermədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı cavabdehlə 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli evin alışı ilə bağlı 90.000 manata razılığa gəlmiş, 85.000 manat Notariat kontorunda ibank hesabına yatırılmış, qalan 5000 manatın məbləğlə bağlı məhkəmə araşdırması zamanı dindirilən şahid ifadələri və cavabdehin özünün etirafı əsasında satıcının əvəzindən 2000 manat İddiaçı tərəfindən ev alqı-satqısı ilə məşğul olan şəxslərə ödənilmiş, 2000 manat evə istilik sistemi olan kombi və qızıdırıcı radiyatorların quraşdırılması üçün və 500 manat isə evin layihə smaeta və çıxarış düzəldilməsi üçün verilmişdir. İşin araşdırılan hallarından görünür ki, İddiaçı tərəfindən cavabdehə ümümilikdə 4500 mnaat pul verilmiş, bundan 2000 manat dəyərində kombi və istilik sisteminin quraşdırılması məqsədilə verilmiş və bu avadanlıqlar cavabdeh tərəfindən quraşdırılaraq, iddiaçıya təhvil verilmişdir. İddianın qismən təmin olunması ilə bağlı qeyd olunmalıdır ki, notariat kontorunda satıcının əvəzindən ev alqı-satqısı ilə məşğul olan şəxslərə verilmiş 2000 manat pul məbləği və evə çıxarış alınması məqsədi ilə verilmiş 500 manat ümumilikdə cavabdehdən 2500 manat pul məbləği tutularaq, iddiaçıya qaytarılmalıdır. Həmçinin iş materiallarından göründüyü kimi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi iztirablara məruz qalaraq, sarsıntı keçirmişdir ki, bu kompensassiya olunmalı və mənəvi zərər olaraq 200 manat cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Məhkəmə tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və mənəvi zərər olaraq 200 (iki yüz) manat tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 95 (doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 47 (qırx yeddi) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul, mənəvi zərər olaraq 200 (iki yüz) manat və 47 (qırx yeddi) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2486/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2486/2025
02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver