Məhkəmə qərarları › İş №2(008)-2502/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2502/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2502/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 420 (dörd yüz iyirmi) manat pulun, həmçinin, dövlət rüsumu kimi ödənilmiş məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Hacıqabul rayonu Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır. Türkiyə Respublikasında qiyabi təhsillə bağlı Bakı şəhərində yerləşən “Diploma Education” şirkətinin rəhbəri Cavabdeh adlı xanımla razılığa gəlmişdir. İlkin olaraq ödəniş kimi 420 manat, əlavə olaraq xidmət haqqı kimi 500 manat pul tələb elədi. Razılaşma əsasında hissəli şəkildə cavabdehin kart hesabına 2022-ci ilnin iyun ayından etibarən 920 manat məbləğində pul vəsaiti göndərmişdir. Müqavilə bağlanmadan sənədlərini-diplomun surəti, diplomun türk dilinə tərcümə edilməklə təsdiq edilmiş surətini və şəxsiyyət vəsiqəsinin surətini cavabdehə təqdim etmişdir. Təhsil qəbulu gecikdiyi üçün cavabdeh müxtəlif bəhanələr gətirməklə (sənədlərin qeydiyyatı gecikməsi, Türkiyə Respublikasında zəlzələ olması) qeydiyyatdan keçirilməsində yubanmalar olduğunu bildirdi. Daha sonra bir neçə dəfə müraciət etməsinə baxmayaraq, 2023-cü ilin sonlarında təhsillə bağlı müraciətindən imtina etməyini və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etmişdir. Cavabdeh ödənilən 920 manat puldan hissəli şəkildə 500 manat pulu kart vasitəsi ilə qaytardı. Cavabdehdə qalan 420 manat pulun qaytarması barədə vəd versə də, sonradan zənglərinə cavab vermədən, borclu qaldığı məbləği qaytarmasından yayınır. O, dəfələrlə cavabdehin çalışdığı “Diploma Education” şirkətinə bir neçə dəfə getsə də, cavabdehi görə bilməmişdir, sonradan şirkətin başqa ünvana köçməsi barədə məlumat almışdır. Cavabdeh borcun qaytarılması ilə əlaqədar DİN-nin 102 zəng mərkəzinə müraciət etməklə, Hacıqabul rayon Polis Şöbəsinə şikayət etmişdir. Polis şöbəsindən şikayətin mülki xarakterli olması, pulun qaytarılması ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti bildirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, təhsili almaq üçün cavabdehə müraciət etmiş, sonuncu ilkin ödəniş kimi 420 manat, əlavə olaraq xidmət haqqı kimi 500 manat pul tələb eləmişdir. Aralarında bununla bağlı hər hansı yazılı müavilə yoxdur, yalnız şifahi çəkildə razılaşma olmuşdur. 920 manat pulu ancaq kart vasitəsi ilə cavabdehə aid olan karta ödəmişdir. İlkin olaraq 100 manat pulu isə terminal vasitəsi ilə cavabdehin kartına ödəmişdir. Bütün köçürmə əməliyyatlarını birbank mobil tətbiqi vasitəsi ilə etmişdir. Bankdan hesabına dair çıxarış əldə etmiş, lakin orada ödədiyi pullar tam əks olunmamışdır. Bankdan ona ancaq bu qaydada hesabdan çıxarışın verildyi bildirilmişdir. Telefonu da sonradan xarab olduğundan cababdehlə olan yazışmaları silinmişdir. Təhsil imkanı alınmadığından qeyd etdiyi 920 manat pulun geri qaytarılmasını cavabdehdən tələb etdikdə sonuncu ona hissə-hissə qaytaracağını bildirmiş və bu qaydada cəmi 500 manat pul qaytarmışdır. Dəfələrlə qalan 420 manat borcun qaytarılmasını tələb etsə də, cavabdeh buna əməl etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, M****S****M**** məxsus ****5174 nömrəli kartına 100 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, ****5913 nömrəli kartdan ****5174 nömrəli karta 235 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, ****5913 nömrəli kartdan ****5174 nömrəli karta 70 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, ****2466 nömrəli kartdan ****5174 nömrəli karta 100 manat məbləğində pul köçürülmüşdür. - "xxxx" ASC-də İddiaçı məxsus ****5913 nömrəli ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə 70 manat pul və xx.xx.2023-cü il tarixdə 235 manat pul hesabdan məxaric edilmişdir. - "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından müəyyən olunur ki, ****2466 nömrəli kart İddiaçı məxsusdur. - fotoşəkildən müəyyən olunur ki, 4169 7387 4867 5174 mömrəli (Kapital Bank) VİSA kartı Cavabdeh məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən edilmiş müraciət araşdırılmış, müraciətdə cinayət tərkibi və inzibati hüquqpozma aşkar olunmadığından qanuna uyğun qərar qəbul edilmiş və ona pulun alınması ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək huququ izah edilmişdir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı özünü “Diploma Education” mərkəzinin rəhbəri kimi təqdim edən Cavabdeh ilə aralarında şifahi şəkildə razılığa gəlmiş, ilkin olaraq 420 manat, əlavə olaraq da 500 manat xidmət haqqı ondan tələb edilmiş, qarşılıqlı razılıq əsasında hissəli şəkildə 920 manat məbləğində pul cavabdehə məxsus bank kartına köçürülmüşdür. İş materiallarında olan bank qəbzləri ilə iddia tələbində qeyd edildiyi kimi 920 manat puldan yalnız 505 manatın cavabdehə məxsus bank kartına köçürülməsi sübuta yetirilsə də, qalan 415 manat pulun köçürülməsi sübuta yetirilməmişdir. İddia ərizəsi və məhkəmə iclasında iddiaçının verdiyi izahatdan görünür ki, verilmiş 920 manat puldan 500 manatı cavabdeh tərəfindən ona geri qaytarılmışdır. Belə olan halda, iddiaçının 420 manat pulun cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edərək, hazırda həmin pulu cavabdehdən tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar