Məhkəmə qərarları › İş №2(008)-252/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-252/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-252/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1dan 23.01.2015-ci il tarixli,058 saylı kredit müqaviləsi üzrə 1069,46 ABŞ dolları əsas, 818,44 ABŞ dolları faiz, 1147,72 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 514,05 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3549,67 ABŞ dolları məbləğində kredit borcunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2166,18 ABŞ dolları əsas, 1655,38 ABŞ dolları faiz, 2324,84 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 6465,90 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Uğur filialı (bundan sonra - Bank) ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2015-ci il tarixli,058 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə 23.01.2015-ci il tarixli, 058 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil bankda ipoteka ilə yüklü edilmişdir. Bundan başqa Cavabdeh1 ilə Bankın Uğur filialı arasında bağlanmış 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərti ilə 4700 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzəriə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü kreditiv ə ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən şifahi və yazılı xəbərdarlıqlar edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə görə borclunun 23.01.2015ci il tarixli, 058 saylı kredit müqaviləsi üzrə 1069,46 ABŞ dolları əsas, 818,44 ABŞ dolları faiz, 1147,72 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 514,05 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 3549,67 ABŞ dolları, 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2166,18 ABŞ dolları əsas, 1655,38 ABŞ dolları faiz, 2324,84 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 6465,90 ABŞ dolları borcu yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdeh1 iddianın mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 banka olan əsas borcunu etiraf etdi, borcunu ödəmək üçün vaxt verilməsini qeyd etdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Tərəflər arasında eyni tarixdə aşağıda göstərilən iki kredit müqaviləsi bağlanmışdır. 23.01.2015-ci il tarixli, 058 saylı kredit müqaviləsin əsasən Bank tərəfindən cavabdehə illik 22%-lə 24 ay müddətində 2200 ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. Öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bank ilə Cavabdeh1 arasında 23.01.2015-ci il tarixli, 058 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil bankda ipoteka ilə yüklü edilmişdir. “Mersedes bens 200” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur (AC seriyalı 355407 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti). İpoteka müqaviləsinə əsasən ipoteka predmeti tərəflərin razılığına əsasən 11 000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka predmeti olan “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası DİN BDYPİ X2 qeydiyyata alınmışdır (BDYPİ X3 tərəfindən verilmiş 23.01.2015-ci il tarixli AA 129427 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış). Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında göndərilmiş ərizənin qeydiyyata alınması haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə 04.05.2017-ci il tarixli məktub göndərilmişdir. 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərti ilə 4700 ABŞ dolları məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. Bank ilə cavabdehlər Cavabdeh2 arasında 23.01.2015-ci il tarixli, 059 saylı və Cavabdeh3 ilə 23.01.2015-ci il tarixli, 059/1 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. Bank ilə Cavabdeh1 arasında bağlanımış 23.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 24.12.2019-cu il tarixinə 1069,46 ABŞ dolları əsas, 817,14 ABŞ dolları faiz, 1147,72 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 159,75 ABŞ dolları, cəmi 3194,07 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır (Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi 29.12.2019-cu il tarixli **********516 №-li arayışı). Bank ilə Cavabdeh1 arasında bağlanımış 23.01.2015-ci il tarixli digər kredit müqaviləsi üzrə cavabdehin banka 24.12.2019-cu il tarixinə 2166,18 ABŞ dolları əsas, 1655,38 ABŞ dolları faiz, 2324,84 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 319,50 ABŞ dolları, cəmi 6465,90 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır (Bankın məhkəməyə təqdim etmək üçün tərtib etdiyi 29.12.2019-cu il tarixli **********514 №-li arayışı). Sabunçu rayon məhkəməsinin 22.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan avtomobilin likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş H/02-PLS №-li 03.05.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 məxsus “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda mövcud olan likvid qiyməti 7 000 manatdır. Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən və xəbərdarlıq məktublarından görünür ki, bank cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit borcunun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zaminlər Cavabdeh2 və Cavabdeh3 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Lakin, 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsinin müddəti 2017-ci ildə bitdiyindən, iddia 2020-ci ildə qaldırıldığından məhkəmə hesab edir ki, zaminlərə qarşı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq cavabdehdən hər müqavilə üzrə 100 ABŞ dolları məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddia tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də qismən əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 ilə bank arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan “xxxx” MMC-nin 03.05.2021-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus “Mersedes bens 200” minik markalı ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda mövcud olan likvid qiyməti 7 000 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiyməti 7 000 manat məbləğində müəyyən edilməlidir. Lakin, yalnız 058 №-li müqavilə üzrə ipoteka müqaviləsi bağlandığından məhkəmə hesab edir ki, həmin müqavilə üzrə yaranmış borc ipoteka predmetinə yönəlməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, 058 №-li müqavilə üzrə yaranmış borca dair iddia tələbi ilə maliyyə arayışında ziddiyyət olduğundan və maliyyə arayışında göstərilən məbləğ daha az olduğundan, qətnamə maliyyə arayışına uyğun çıxmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 23.01.2015-ci il tarixli,058 saylı kredit müqaviləsi üzrə 1069,46 ABŞ dolları əsas, 817,44 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 159,75 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 2146, 65 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcu tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, “Mersedes bens 200” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7 000 manat məbləğində müəyyən edilməli, Cavabdeh1 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2166,18 ABŞ dolları əsas, 1655,38 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 4241,06 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı və qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehdən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 23.01.2015-ci il tarixli,058 saylı kredit müqaviləsi üzrə 1069,46 ABŞ dolları əsas, 817,44 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 159,75 ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 2146, 65 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcu tutulsun. Tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Mersedes bens 200” minik markalı gümüşü metal rəngli, buraxılış ili 2000-ci il olan, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. “Mersedes bens 200” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7 000 manat məbləğində müəyyən edilsin. Cavabdeh1 23.01.2015-ci il tarixli, 059 saylı kredit müqaviləsi üzrə 2166,18 ABŞ dolları əsas, 1655,38 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitdikdən sonra Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 319,50 ABŞ dollar məbləğində faiz borcu, cəmi 4241,06 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı və qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh1 tutularaq (“Unibank” KB-nın 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, “xxxx” MMC VÖEN **********, M/h № AZ65UBAZ**********0060AZN001) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar