Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-253/2025 14.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "13000 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "13000 manat pulun və ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, cavabdeh ondan bir neçə dəfəyə 21000 manat pul alaraq əvəzində Bakı şəhəri Qara Qarayev ərazisində yerləşən qarajlar verəcəyini bildirsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh borcundan 8000 manat məbləğində pulu qaytarmış, 2023-cü ildə qalan borcunu qaytaracağı barədə əlyazma üsulla yazılmış sənəd təqdim etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertin rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertin "Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat"ı mülki işlə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, Bakı şəhərində ev almaq istəyirdi, cavabdeh isə ona kömək təklif etmişdir. Bu məqsədlə ona 21000 manat məbləğində pul vermişdir. Lakin cavabdeh vəd etdiyi köməyi göstərməmiş, aldığı puldan cəmi 8000 manat qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, Cavabdeh İddiaçı 21000 manat məbləğində pul almış, əvəzində ona qaraj verməyi öhdəsinə götürmüş, lakin qarajı verməmiş, puln 8000 manatını iddiaçıya qaytarmış, qalan 13000 manat hissəsini isə bugünədək qaytarmamışdır. Hal-hazırda iddiaçı cavabdehdən 13000 manat məbləğində pulu tələb edir. İşdə olan "Unibank" KB-nın xx.xx.2015-ci il tarixli 75983214 nömrəli "Köçürmənin göndərilməsi barədə bildiriş"dən görünür ki, İddiaçı Cavabdeh 2815 manat məbləğində pul köçürmüşdür. İşdə olan "Unibank" KB-nın xx.xx.2015-ci il tarixli 60998076 nömrəli "Köçürmənin göndərilməsi barədə bildiriş"dən görünür ki, İddiaçı Cavabdeh 1000 manat məbləğində pul köçürmüşdür. İşdə olan Cavabdeh tərəfindən əlyazma üsulu ilə icra edilmiş xx.xx.2023-cü il tarixli kiril qrafikalı Azərbaycan əlifbası ilə yazılmış həmin sənədin mətni aşağıdakı kimidir: "Mən Cavabdeh. 10 ildir Rasim adında bir nəfərdən və onun qonşusunda olan bir nəfərdən iki qaraj almışam Qara Qarayevdə mənim orada evim var idi mən evi satdım oradan köçdüm. Üç ay mən ora getmədim sonra ora gedəndə gördüm ki qarajları söküb yerində ev tikiblər. Mən çox yerə şikayət etdim və imkanım olmadığı üçün Sarif adlı bir yoldaşa dedim ki vəziyyət belədir o isə mənə dedi ki nə qədər pul lazım olsa mən sənə verirəm qarajı al mənə ver o, mənə iyirmi bir manat pul verdi məndə ora bura məhkəməyə, vəkillərə həmin pullar xərcləndi. Üstündən 4,5 ilə yaxın vaxt keçdi artıq Sarif mənə dedi ki bu düzələn işə oxşamır mənim pulumu ver məndə üç dəfəyə Sarifə səkkiz min düzəldib verdim qalan on iki min altı yüz manat mən Sarifə pul borcluyam və həmin pulu mən düzəldib Sarifə verəcəm. 10/İ-2023-cü il Novruzov." Məhkəmə iddianın həlli ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad edir: Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə, o cümlədən tikili və qurğulara dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bu qaydaya riayət edilmədən bağlanmış əqd əhəmiyyətsizdir və bu əqd əsasında tərəflərdən hər biri aldıqlarını digər tərəfə qaytarmalıdır. Müəyyən edildi ki, Cavabdeh İddiaçı daşınmaz əşya hesab edilən qaraj satmaq üçün sonuncudan 21000 manat məbləğində pul almış, lakin onların arasında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmamışdır. Bundan sonra Cavabdeh pulun 8000 manat hissəsini iddiaçıya qaytarsa da, qalan 13000 manat hissəsini qaytarmamış və xx.xx.2023-cü ildə iddiaçıya bu barədə yazılı bir sənəd vermişdir. İddiaçı qeyd olunan sənədin əslini məhkəməyə təqdim etmiş, həmin sənəddə olan əlyazma mətnin və imzanın Cavabdeh tərəfindən icra edilibedilməməsini müəyyən etmək məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 4/1319 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş ekspert vəsatətində Cavabdeh sərbəst və eksperimental xətt, rəqəm və imza nümunələri tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə Cavabdeh Mikayil oğluna nümunələri 5 gün müddətində məhkəməyə təqdim etməsi təklif olunmuş, eyni zamanda, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin məzmunu izah edilmişdir. Həmin maddədə deyilir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmənin məktubunun Cavabdeh Mikayil oğluna rəsmi qaydada verilməsinə baxmayaraq, o, məhkəməyə cavab verməmiş, imza, rəqəm və xətt nümunələri təqdim etməmişdir. Eyni zamanda, iş üzrə keçirilmiş bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə ona əvvəlcədən məlumat verilməsinə və məhkəmə bildirişlərinin ona rəsmi qaydada verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarının heç birinə gəlməmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, ekspertiza təyin edilən fakt, yəni iddiaçının təqdim etdiyi sənəddə olan əlyazma mətnin və imzanın məhz Cavabdeh tərəfindən icra edilməsi təsdiq olunmuş hesab edilməlidir. Həmin sənəddə isə Cavabdeh iddiaçıdan 21000 manat məbləğində pul aldığını etiraf etmişdir. Beləliklə, iddianın əsaslılığı təqdim edilmiş sübutlarla müəyyən edilir. Ona görə də iddia təmin edilməli və 13000 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 129 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13000 manat məbləğində pul və 129 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №2(008)-253/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-253/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver