Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2553/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 1890 (bir min səkkiz yüz doxsan) manat maddi ziyanın, 1000 (bir min) manat mənəvi ziyanın və ölkədəki avtomobil satışı praktikasını nəzərə alaraq qəzanın baş verməsi və sonradan təmir edilməsi nəticəsində avtomobilin satış dəyərini itirməsinə görə 1000 (bir min) manatın, 60 manat dövlət rüsumunun, cəmi 3950 (üç min doqquz yüz əlli) manat pulun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, idarə etdiyi “BMW 320” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomaşın 24 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrinə Faiq Yusifov küçəsi ilə F.Xoyski prospektinə tərəf hərəkət edərkən cavabdeh olan Cavabdeh idarə etdiyi “FORD FUSİON” markalı **-CM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılmış və nəticədə Cavabdeh yol-hərəkət qaydalarını pozduğu müəyyən edilərək onun barəsində inzibati xəta haqqında protokol (İXP 5189486) təərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşına 1865 (bir min səkkiz yüz almış beş) manat ehtiyat hissələri, təmir xərcləri və 25 (iyirmi beş) manat avtomaşının servizə gətirilməsi üçün daşıyıcıya (evakuator) ödənilən, cəmi 1890 (bir min səkkiz yüz doxsan) manat ziyan dəymişdir. Aparılan araşdırma nəticəsində Cavabdeh idarə etdiyi “FORD FUSİON” markalı **-CM-*** dövlət nömrə nişanlı avtomaşının sığortalanmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ona dəyən ziyan ödənilməmişdir. Baş vermiş qəza və avtomobilin təmiri maddi ziyanla bərabər həm də mənəvi ziyana, xeyli vaxt itkisinə səbəb olmuşdur. Həmçinin, ölkədəki avtomobil satışı praktikası nəzərə alınsa aydın olar ki, qəzanın baş verməsi və sonradan təmir edilməsi avtomobilin satış dəyərinin itirilməsinə səbəb olur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini, oğlunun təqsirli olduğunu, lakin zərərin məbləği ilə razılaşmadığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin baş inspektoru Z.Nəbiyev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da F.Yusifov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sol hissəsi əzilib. “BMW 320” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi, bamper, kopot, setka, dövlət qeydiyyat nişanı və daxili əzilməsi var. -icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Ford Fusion” markalı **- CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də 5000 manat məbləğində sığorta olunmuşdur. -Avtoservis Forsaj tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “BMW 320” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər usta xərci ilə birlikdə 1865 manat məbləğində müəyyən edilmişdir. -İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da “Ford Fusion” markalı **-CM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da Cavabdeh “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4634 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Forsaj” avto servis (vöen:**********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2002-ci il buraxılışlı “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115,00 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi ərazisində qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İddiaçı idarə etdiyi “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2023-cü il tarixli zərər aktına əsasən 1865 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “Ford Fusion” markalı **-CM-*** və “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli zərər aktına əsasən “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1865 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2002-ci il buraxılışlı “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115,00 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehdən avtomobilə vurulmuş maddi ziyana görə 1865 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Hazırkı mübahisədə əldən çıxmış faydanı və mənəvi zərəri sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan hissədə tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin və əldən çıxmış faydanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 60 manat dövlət rüsumunun 38.65 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1865 manat və dövlət rüsumuna görə 38.65 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1865 manat və dövlət rüsumuna görə 38.65 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2553/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2553/2023
06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver