Məhkəmə qərarları › İş №2(008)-2559/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2559/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2559/2023 10.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarının artırılaraq cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay, hər uşağa 250 manat, cəmi 500 manat və xx.xx.2019-cu il təvəllüdlü X4 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3233/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2018-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün xx.xx.2022-ci ildən başlayaraq hər iki uşağa 193 manat, cəmi 386 manat və X7 3 yaşına çatana kimi əlavə hər ay 50 manat pul, onun xəstəliyi ilə bağlı əlavə xərcə görə 50 manat aliment tutulmuşdur. Hesab edir ki, aliment miqdarının artırılmasına ehtiyac vardır. Belə ki, gündən-günə uşaqların tələbatları artır və hazırda ərzaq və qeyri-ərzaq malların qiymətində kəskin bahalaşma var. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 087852 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci ildə Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası X5r; - 5 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 379565 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuş X4 atası Cavabdeh, anası X5r; -Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3233/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci ildə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları İddiaçı yanında qalması müəyyən edilmiş, uşaqların saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə hər ay, hər uşağa görə 193 manat, X4 3 yaşına çatana kimi əlavə hər ay 50 manat pul, onun xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit məbləğdə 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfndən verilmiş AZ-İ seriyalı, 431295 saylı nikhaın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 ilə olan nikahları ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 454 nömrə ilə qeyd edilmişdir. -Elektron Məhkəmə informasiya sistemindən əldə olunmuş çıxarışın surətindən görünür ki, Cavabdeh əmək haqqısı 1000 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Təyin olunan aliment məbləğinin aşağı olması hazırki dövrə görə uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" MMC-də işləyir və aylıq vəzifə maaşı 1000 manat təşkil edir və bu səbəbdən də alimentin miqdarı artırılarkən iki uşağa görə cavabdehin maaşının 3/1-i hissəsində tutulmalı, 1000 manat məbləğin üçdə bir hissəsi 333, 33 manat təşkil etdiyindən, bu məbləğin isə hər iki uşağa görə qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olduğuna görə həmçinin sabit pul məbləğində hər uşağa görə, hər ay 53,50 manat aliment tutulmalıdır. Alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Həmçinin, tərəflərin birgə nikahından olan X4 müalicəsində iştirak etməsi üçün hər ay 300 manat pulun cavabdehdən tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, məhkəməyə “Baku” Klinik tərəfindən verilmiş arayışa və reseptlərə əsasən uşağın həqiqətən də müalicəyə ehtiyacının olması və müalicəni davam etdirilməsinə ehtiyac olması öz təsdiqini tapır. Lakin, məhkəmə cavabdehin maaşını, sabit pul məbləğində ödəyəcəyi aliment məbləğini də nəzərə alaraq, əlavə xərclərin məbləğini müəyyən edərkən ağlabatan miqdarda, 100 manat müəyyən edir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və 53 (əlli üç) manat, 50 (əlli) qəpik sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X4 müalicəsi üçün cavabehdən hər ay 100 manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar