Məhkəmə qərarları › İş №2(008)-256/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-256/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-256/2024 02.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən öhdəliyi tam yerinə yetirməməsinə görə 6000 manat pulun və iddia tələbinə görə ödədiyi 80 manat dövlət rüsumu əvəzinin (cəmi 6080 manat) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (əvvəlki adı Cavabdeh) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanan 27 fevral 2022-ci il tarixli 19112 saylı “podrat müqaviləsi”nə əsasən cavabdeh 10500 manat müqabilində ona məxsus Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”, ev 72 mənzil 16-nı xx.xx.2022-ci il tarixədək tam əsalı təmirli vəziyyətdə ona təhvil verməsini öhdəlik götürmüşdür (müqavilənin 2.4.2-ci bəndi.) Müqavilə bağlandığı gün cavabdeh ondan birinci mərhələdə görüləcək işlərə və alınacaq materiala görə 4000 manat pul almışdır. Daha sonra müəyyən materiallar alaraq təmirə başladıqdan sonra xx.xx.2022-ci il tarixdə ondan 6500 manat pul almışdır. Bu barədə cavabdeh ondan aldığı cəmi 10500 manat pula dair “işin qiyməti və ödənişlər barədə” xx.xx.2022-ci il tarixli yazılı sənəd vermişdir. Cavabdehə verdiyi 10500 manat puldan 7100 manatını “Kapital Bank”-dan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürmüşdür. Hazırda banka həmin kreditin aylıq faizini ödəyir. Cavabdeh ondan mənzilində görüləcək işlərə görə pulu tam alsa da, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzilin əsaslı tam təmirini müqavilədə göstərilən vaxtda təhvil verməmiş, işi keyfiyyətsiz və yarımçıq qoyaraq aradan çıxmışdır. Belə ki, mənzilin otaqlarının qapıları, divarların oboyları, istilik sistemi olan kombi və radiotor və hamam-tualetə aid aksessuarlar alınmamışdır. Bundan başqa, hamam-tualetin yalnız divar kafeli vurulsa da, lakin döşəmə və tavanı quraşdırılmamış, elektrik yuvalarının rozetkaları taxılmamaış, elektrik sporları quraşdırılmamış, bir sıra xırda işlər görülməmişdir. Həmçinin, eyvana kafel vurulmamış, tavana vurduqları poduqa isə dağılıb tökülmüşdür. Dəfələrlə Cavabdeh direktoru Zahir Əsgərovla əlaqə saxlayaraq ona öz iradını bildirməklə, üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməsini, yarımçıq qoyduğu işləri tamamlamağı tələb etsə də, lakin o, hərə dəfə bir bəhanə gətirməklə bundan yayınmış və təmiri tam yarımçıq qoymuşdur. Cavabdeh mənzilində cəmi 5500 manat məbləğində təmir işləri görsə də, lakin keyfiyyətsiz görmüşdür. Sonuncu dəfə Cavabdeh direktoru Zahir Əsgərovla əlaqə saxlayıb öhdəliyi tam yerinə yetirmədiyinə görə 6000 manat pulunun geri qaytarılmasını tələb etsə də, lakin o, bundan imtina etmişdir. Cavabdehin bu qanuna zidd hərəkəti nəticəsində ona xeyli miqdarda maddi zərər dəymişdir. Belə ki, ev təmirsiz qalmış, tikinti materiallarının qiyməti isə qalxmışdır. Hazırda ona məlum olmuşdur ki, cavabdeh onun kimi başqalarına da maddi zərər vurmuş və onun barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia işi gedir. Cavabdeh MMC məsuliyyətdən kənarda qalsın deyə tez-tez yerini dəyişir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia tələbinin dəlillərinə uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”, ev 72 mənzil 16 İddiaçı xüsusi mülkiyyətindədir. - İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında bağlanmış 19112 nömrəli 27 fevral 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, bu Müqaviləyə görə podratçı müqavilənin 1.2-ci bəndində göstərilən işləri icra etməyi və işlərin nəticəsini Müqavilə ilə müəyyən olunan qaydada sifarişçiyə təqdim etməyi, sifarişçi isə işləri qəbul edib Müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürür. Bu müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək bağlanılır. Podratçı bu Müqavilə qüvvədə olduğu müddət ərzində işləri sifarişçiyə təhvil verməyi öz öhdəsinə götürür. - işin qiyməti və ödənişlər barədə cədvəldən görünür ki, iddiaçı tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə isə 6500 manat məbləğində pul ödənilməklə, müqavilə üzrə tam şəkildə ödəniş həyata keçirilmişdir. - 19112 nömrəli 27 fevral 2022-ci il tarixli müqaviləyə əsasən tərəflər arasında sərbəst qiymətlərin razılaşdırılması protokolundan (xx.xx.2022) görünür ki, 48 kv.m sahəsi olan mənzilin ümumi təmiri 8500 manat təşkil edir. Mənzilin təmir paketi komfort paketə dəyişdirilib. Yataq otağının pəncərəsi dəyişdiriləcək (panorama). - ödəniş qrafikindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 35 ay müddətinə illik 19% dərəcəsi ilə 7100 manat məbləğində kredit götürmüşdür. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı 27 fevral 2022-ci il tarixli podrat müqaviləsində qeyd olunan öhdəlik tam yerinə yetirilmədiyinə görə Cavabdehndən 6000 manat pulun qaytarılmasını tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19112 nömrəli 27 fevral 2022-ci il tarixli podrat müqaviləsinə əsasən iddiaçının mənzilində təmir işlərinin görülməsi üçün müqavilənin qiyməti 10.500 manat müəyyən edilmiş, iddiaçı qeyd olunan müqavilənin şərtlərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixdə 4000 manat, xx.xx.2022-ci il tarixdə isə 6500 manat olmaqla, ümumilikdə 10.500 manat məbləğində pul vəsaitini cavabdehə ödəsə də, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Hazırda iddiaçı sözügedən müddət ərzində təmir işlərinin başa çatmamasına, işlərin yarımçıq və keyfiyyətsiz görülməsinə görə ödənilmiş pulun bir hissəsinin, yəni 6000 manatının geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/7710 nömrəli 30 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Podrat müqaviləsi”nə əsasən ümumi sahəsi 47.80 kv.m olan Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”, ev 72, 16 saylı mənzil təmir olunmuşdur. Həmçinin, tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 8368,0 manat müəyyən olunur. Lakin aparılmış təmir işlərinə çəkilmiş xərclərin amortizasiya (köhnəlmə) əmsalı tətbiq olunmaqla dəyərinin müəyyən olunmasına dair metodika olmadığı üçün həmin təmir işlərinə amortizasiya (köhnəlmə) əmsalı tətbiq olunmaqla dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Podrat müqaviləsi”ndən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə iddiaçıya dəymiş maddi ziyanın məbləği 2132,0 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə hesab edir ki, ekspertin gəldiyi nəticələr əsas götürülməklə, Cavabdehndən Abşeron rayonu Saray qəsəbəsi M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”, ev 72 mənzil 16-da görülmüş təmir işlərinin dəyəri kimi 2132 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 2132 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 41.32 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, həmçinin, məhkəmə tikintitexniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 2132 manat məbləğində pul və 41.32 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdehndən tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar