Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2579/2024 23.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2812/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində tutulan alimentin artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-2812/2023 nömrəli qətnaməsi ilə xx.xx.2010-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat məbləğində alimentin alınaraq Tağıyeva Hicran Zabit qızına ödənilməsi qət edilmişdir. Hazırda uşaqlara sərf olunan xərclər artdığı üçün həmin miqdarda tutulan aliment çox azdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə nikahı 2021-ci ilin avqust ayında pozulmuş, uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması müəyyən edilmişdir. Təyin olunan məbləğ 2023-cü ildə artırılmışdır və o, hazırda hər ay hər uşağa görə 220 manat məbləğində aliment alır. Cavabdeh Dövlət Gömrük Komitəsində işləyir, bundan əvvəlki məhkəmə iclaslarının heç birinə gəlməmişdir. Ödənilən alimentin miqdarı uşaqların tələbatlarını ödəmək üçün kifayət etmir, cavabdeh uşaqları evlə təmin etməkdən imtina etdiyindən kirayədə qalırlar. Cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı ümumi uşaqları vardır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1932/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay onun qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq Tağıyeva Hicran Zabit qızına ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2762/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1932/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin tutulma qaydası və miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2812/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, cavabdehdən tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 220 manat sabit pul məbləğində müəyyən edilmişdir. İşdə olan AZ-T seriyalı 146130 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X7 xx.xx.2010-cu ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan AZ-T seriyalı 146129 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə anadan olmuş, onun valideynləri Cavabdeh və İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan başqa, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, sadalanan normalarının mənasına görə, alimentin artırılması institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin artırılması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. İşdən görünür ki, iddiaçı aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat müəyyən olunmasını xahiş etmişdir. "Elektron məhkəmə" informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh əmək müqaviləsi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində "inspektor, mülki xüdmət" vəzifəsində işləyir, 2245,80 manat məbləğində əmək haqqı alır. Məhkəmə həm tərəflərin maddi vəziyyətini, həm uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zərurətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı iddiada artırılması tələb edilən alimentin bir illik miqdarı (470 manat – 440 manat = 30 manat x 12 ay) 360 manat təşkil edir. Bu iddiaya görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə dövlət rüsumu cavabdehə aid edilməli, həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İşdən görünür ki, 60 manat məbləğində mediasiya xərci xx.xx.2024-cü ildə iddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya təşkilatının hesabına ödənilmiş, cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2812/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə tutulan 220 manat alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində müəyyən edilsin. Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı, 30 manat dövlət rüsumu isə alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X10.
Məhkəmə qərarları › İş №2(008)-2579/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2579/2024
23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver