Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2586/2021 29.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması üzrə 508,18 manat kredit borcu, 471,92 manat məbləğində faiz borcu və 0,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 980,61 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100 000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2491,82 manat ödəmiş, onun 508,18 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə hesablanmış faiz borcu 471,92 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə hesablanmış cərimə 0,51 manatı təşkil edir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 980,61 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cü maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iş materiallarını araşdıraraq, yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. Belə ki, iş materiallarında görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 033R********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100 000 ABŞ dolları məbləğində kredit müqaviləsi açılmışdır. İş materiallarında olan Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması əsasında 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2.333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2016-cı il tarixli zaminlik müqavilələrinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşlər, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımaları barədə razılığa gəlmişlər. İşdə olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixli 033R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka əsas borc üzrə 508,18 manat, faiz borcu üzrə 471,92 manat, cərimə borcu üzrə 0,51 manat, cəmi 980,61 məbləğində borcu vardır. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarında olan İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətlərindən görünür ki, bank borcluları öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit borcunun ödənilməsi üçün aidiyyəti orqanlara müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zaminlər Cavabdeh3 və Cavabdeh2 birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması üzrə 508,18 manat kredit borcu, 471,92 manat məbləğində faiz borcu və 0,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 980,61 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 033R********** saylı kredit razılaşması üzrə 508,18 manat kredit borcu, 471,92 manat məbləğində faiz borcu və 0,51 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 980,61 manat məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2586/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2586/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver