Məhkəmə qərarları › İş №2(008)-2588/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2588/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2588/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 393.31 manat əsas borc, 160.78 manat faiz borcu və 424.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 978.13 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 33L000000519 saylı kredit xətti müqaviləsinə əsasən, 120 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.06.2016-cı il tarixli, 033R********** saylı kredit razılaşması əsasında sonuncuya 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 01.02.2017-ci il tarixli, 033R**********S saylı və 15.01.2018-ci il tarixli, 033R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 banka olan borcundan 1606.69 manat ödəmiş, 15.07.2019-cu il tarixdən ödənişlərini dayandırmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.09.2020-ci il tarixə 417 gün üçün hesablanmış faiz borcu 160.78 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən, kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə, cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, onunla İddiaçı QSC arasında bağlanmış 30.06.2016-cı il tarixli kredit razılaşmasına əsasən, bankdan 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla 2000 manat məbləğində kredit götürmüşdür. Əvvəllər borcundan ödənişlər etsə də, sonradan maddi vəziyyəti pisləşmiş, banka ödənişlərini davam etdirə bilməmişdir. Bank tərəfindən hesablanmış cərimə məbləği ilə razı deyildir. Ona görə də, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, 19.08.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə əsas borclu Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 əvvəllər borcundan ödənişlər etsə də, maddi vəziyyəti pisləşmiş, banka ödənişlərini davam etdirə bilməmişdir. Hazırda bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olduğundan, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, o, o, 19.08.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə əsas borclu Cavabdeh1 zamin durmuşdur. Cavabdeh1 əvvəllər borcundan ödənişlər etsə də, maddi vəziyyəti pisləşmiş, banka ödənişlərini davam etdirə bilməmişdir. Hazırda bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olduğundan, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı QSC-nin Maştağa filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2014-cü il tarixli, 33L000000519 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən borcalana 120 ay (19.08.2020-ci il tarixədək) müddətinə 10.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin Maştağa filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.06.2016-cı il tarixli, 033R********** saylı kredit razılaşmasına əsasən, bank tərəfindən borcalana 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin Maştağa filialı ilə Cavabdeh2 arasında bağlanmış 25.05.2015-ci il tarixli, 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 19.08.2014cü il tarixli, 33L000000519 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir . İddiaçı QSC-nin Maştağa filialı ilə Cavabdeh3 arasında bağlanmış 25.05.2015-ci il tarixli, 033S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 19.08.2014cü il tarixli 33L000000519 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. 19.08.2014-cü il tarixli, 33L000000519 saylı kredit xətti müqaviləsinə 01.02.2017-ci il tarixli, 033R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 01.02.2017-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 19.08.2014-cü il tarixli, 33L000000519 saylı kredit xətti müqaviləsinə 15.01.2018-ci il tarixli, 033R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 15.01.2018-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. 15.01.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 15.02.2018-ci il tarixdən 17.12.2019-cu il tarixədək aylıq 65 manat, 15.01.2020-ci il tarixdə 315.07 manat banka ödəniş etməlidir. 10.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.06.2016-cı il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 04.09.2020-ci il tarixə 393.31 manat əsas borc, 160.78 manat faiz borcu və 424.04 manat cərimə borcu olmaqla, cəmi 978.13 məbləğində borcu vardır. Xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda kredit borcunun ödənilməsi barədə bank tərəfindən xəbərdar olunmuşdurlar. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə sonuncu ödənişi 02.09.2019-cu il tarixdə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zaminlər üzərlərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərdən müştərək qaydada 393.31 manat əsas borcun və 160.78 manat faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kreditin məbləğini və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, cavabdehər Cavabdeh3 və Cavabdeh2 isə, zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 393.31 manat əsas borc, 160.78 manat faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 564.09 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun yarısı cavabdehlərə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 393.31 manat əsas borc, 160.78 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, ümumilikdə 564.09 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar