Məhkəmə qərarları › İş №2(008)-2648/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2648/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2648/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 220 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 may 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 25 yanvar 2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ilə aralarında qeyd edilmiş nikah Xətai Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli 2(001)-2811/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən 25 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat olmaqla aliment tutulub ona verilməsi qət edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2268/2022 nömrəli qətnaməsi ilə, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınan aliment artırılaraq 193 (bir yüz doxsan üç) manat İddiaçı verilməsi qət edilmişdir. Hazırda bütün ərzaq və qeyri ərzaq mallarının qiymətində kəskin bahalaşma gedir. İddiaçı aldığı aliment məbləğinə əsasən uşağı dolandımaqda çətinlik çəkir. Buna görə də alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etməli olmuşdu. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu Rayon Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-2268/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 193 (bir yüz doxsan üç) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 193 manat məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan az olduğundan, uşağın maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılaraq 220 manat olmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-2268/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 2268/2022 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar